Daşkənddə keçirilən beynəlxalq turizm sərgisində Azərbaycan da təmsil olunur

 

Dünya Turizm Təşkilatının dəstəyi ilə Daşkənddəki "Özekspomərkəz” sərgilər salonunda "Turizm Böyük İpək Yolunda” adlı 24-cü beynəlxalq turizm sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgidə dünyanın 15-dən artıq şirkəti iştirak edir.

Azərbaycanı bu sərgidə "Azərbaycan Hava Yolları” QSC-nin Özbəkistandakı nümayəndəliyi təmsil edir.

Açılışda AZAL-ın Özbəkistandakı nümayəndəliyinin təqdimatı təşkil olunub.

Təqdimatda bildirilib ki, AZAL-ın 80 yaşı tamam olur. Bakıdan ilk təyyarə reysi 1923-cü ildə Bakıdan Tbilisiyə geriyə uçub. Bundan sonra digər ölkələrə reyslər açılıb.

Qeyd olunub ki, bu il iyunun 30-dan həftədə iki dəfə Bakı-Daşkənd-Bakı reysləri həyata keçirilir. AZAL böyük aviadaşıyıcı MDB ölkələrinin aviasiya şirkətlərinin liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir.

Təqdimatda Azərbaycanın Naftalan şəhərinin müalicə turizmi sahəsində geniş təcrübəsi haqqında da söhbət açılıb. Bildirilib ki, Özbəkistandan da bu şəfalı müalicə ocağına çoxlu turist gəlir onlar AZAL-ın təyyarələrini seçirlər.

Mərasimdə Azərbaycan mülki aviasiyasının tarixi ilə bağlı sənədli film nümayiş etdirilib, Azərbaycanın tarixi mədəniyyəti ilə bağlı viktorina keçirilib qaliblərə hədiyyələr təqdim olunub, milli geyimli qızlar Azərbaycan rəqslərini ifa ediblər.

 

Azərbaycan.- 2018.- 4 oktyabr.- S.5.