Müasir texnikatexnologiya daha çoxdaha keyfiyyətli məhsul deməkdir

 

Prezident İlham ƏLİYEV: "Kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir

 

Məlumdur ki, həyata keçirilən genişmiqyaslı islahatların əsas məqsədi ölkənin ümumi inkişafına nail olmaqdır. Bunu isə indiki dövrdə yalnız qeyri-neft sektorunun inkişafı hesabına əldə etmək mümkündür. Hətta Azərbaycanda neft sənayesi iqtisadiyyatın əsasını təşkil etsə də, ümumi inkişaf üçün bütün sahələrin inkişafı vacibdir.

Kənd təsərrüfatı qeyri-neft sektorunda coğrafiyasına və əhalinin məşğulluğunun əhatəsinə görə üstünlük təşkil edir. Bunun üçün də dövlət son dövrlər aqrar sektorun inkişafına xüsusi diqqət göstərir. Kənd təsərrüfatında hərtərəfli islahatlar həyata keçirilir, fermerlərə dövlət dəstəyi artırılır, o cümlədən güzəştli kreditlər ayrılarkən aqrar sahədə çalışan sahibkarlara üstünlük verilir.

Müasir dünyada aqrar sektorda yüksək məhsuldarlığa nail olmaq üçün qabaqcıl texnikatexnologiyalardan istifadə edilir. Bir çox ölkələr bunun sayəsində torpaq sahələrinin məhdudluğuna və iqlim şəraitinin kənd təsərrüfatı üçün yararsız olmasına baxmayaraq, yüksək məhsuldarlığa nail olurlar. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında aqrar sektorda yüksək texnika və texnologiyaların tətbiqinin əhəmiyyətini qeyd edərək demişdir: "Bir daha demək istəyirəm ki, kənd təsərrüfatı qarşısında duran əsas vəzifə bu sahəni yüksək texnoloji sahəyə çevirməkdir. Bəzilərində belə təsəvvür var ki, kənd təsərrüfatı, necə deyərlər, elə ənənəvi qayda ilə inkişaf edə bilər. Bu, qətiyyən belə deyil. Bu gün dünyada elə texnologiyalar var ki, məhsuldarlığı bir neçə dəfə artırır. Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemini nəhayət ki, tətbiq etməliyik”.

Qeyd edək ki, son dövrlər ölkəyə yüksək keyfiyyətli müasir, iqtisadi cəhətdən səmərəli və itkisiz məhsul yığan texnika gətirilib. Təkcə keçən il 10 min ədəd yüksək səviyyəli texnika alınıb, cari ildə isə daha 5 min texnikanın alınması üçün dövlət büdcəsindən 160 milyon manat vəsait ayrılıb. Artıq bu texnikaların istismarı hesabına aqrar sektorda istər bitkiçilik, istərsə də heyvandarlıq sahələri üzrə məhsuldarlıq xeyli artıb.

Yüksək texnikatexnologiyalardan daha çox aqroparklarda istifadə olunur. Aqroparklar kənd təsərrüfatında iri istehsal, emallogistik imkanlara malik sahibkarlıq növüdür. Təsadüfi deyil ki, dünyanın inkişaf etmiş ölkələrində aqroparklar sürətlə inkişaf edir. Aqroparklarda rentabellinin yüksək olması investorları da özünə cəlb edir. Hazırda dünyanın inkişaf etmiş ölkələrində banklar və qeyri-kənd təsərrüfatı sahəsində bizneslə məşğul olan sahibkarlar aqroparklara yüksək məbləğdə investisiya qoyurlar. Yeri gəlmişkən qeyd edək ki, bunun bir səbəbi də dünyada ərzaq məhsullarına tələbatın artması və onun qiymətinin yüksəlməsidir. Çünki əhali sürətlə artır, əkinçilik üçün yararlı torpaqlar isə düzgün istismar olunmadığı üçün tədricən sıradan çıxır. Bu, bir-birinə zidd olan belə məqamlar son nəticədə ərzaq məhsullarına tələbatı artırır, təklifin yüksək olması qiymətin artımına səbəb olur.

Ölkəmizdə də aqroparkların yaradılmasına dövlət səviyyəsində xüsusi qayğı var. Hazırda 30 rayonda 192 min hektar sahəyə malik 45 aqroparkın yaradılması layihəsi həyata keçirilir. Ümumi dəyəri 1 milyard manatdan çox olan aqroparklarda zəruri infrastrukturun yaradılmasına indiyədək 207 milyon manatdan çox dövlət vəsaiti xərclənib. Bundan əlavə, 111 milyon manat güzəştli kredit və dəyəri 564 milyon manat olan 25 layihəyə investisiya təşviqi sənədi verilib. Aqroparklarda 4-də birinci mərhələ üzrə işlər başa çatdırılıb. İlin sonunadək 14 aqropark istifadəyə veriləcək. Digər aqroparkların da tikilməsi istiqamətində işlər davam edir.

Son dövrlər aqrar sektora göstərilən dövlət dəstəyinin səmərəsi məhsul istehsalında və ixracında özünü göstərir. Məsələn, cari ilin yanvar-iyul aylarında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında kənd təsərrüfatı məhsullarının çəkisi digərlərinə nisbətən daha çox olub. Bu dövrdə yalnız 144 milyon dollarlıq pomidor ixrac edilib. Ümumilikdə meyvə-tərəvəz ixracı isə 101 milyon dollarlığı keçib. Həmin dövrdə 45 milyon dollarlıq pambıq lifi, 12 milyon dollarlıq pambıq ipliyiixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə pambıq ipliyinin ixracı 32, meyvə-tərəvəzin ixracı 19 faiz artıb.

Kəmiyyətlə bərabər, kənd təsərrüfatı məhsullarının keyfiyyəti də artır. Məhz bunun nəticəsidir ki, bizim məhsullar Avropa bazarında özünə alıcı tapmaqda çətinlik çəkmir. Təkcə fındığın 25 ölkəyə ixrac olunması bunu təsdiqləyir. Amma məhsullarımızın keyfiyyəti, ekoloji cəhətdən təmizliyi bir yana, bütün hallarda belə nailiyyətlərin əldə edilməsinin əsas səbəbi dövlət tərəfindən aqrar sektora investisiyaların qoyulması və fermerlərin dəstəklənməsidir.

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2018.- 6 oktyabr.- S.1; 4.