Tarixi dəyişən təşəbbüs

 

Ziyalıların Heydər Əliyevə müraciətindən 26 il ötür

 

26 ildir Azərbaycanda ictimai-siyasi proseslərin inkişafında mühüm rol oynayan Yeni Azərbaycan Partiyasının yaranması ötən əsrin 80-ci illərinin sonundan ölkədə başlayan siyasi-ictimai proseslərin nəticəsi idi. Bu proseslər Azərbaycanın dövlət müstəqilliyinin əldə olunması ilə nəticələnsə də, sonrakı dövrdə hakimiyyətdə olan iqtidarlar ölkəni elə bir böhrana saldılar ki, az qala hələ kövrək olan müstəqilliyimizi də itirilmək təhlükəsi ilə üzləşmişdik.

Beləliklə, dövlət müstəqilliyi qazanıldıqdan sonra hakimiyyətdə olanların anormal idarəetmə metodları daxili situasiyanı gərginləşdirməklə yanaşı, gələcək perspektivləri də ciddi təhlükə altına salmışdı. Ölkəni bürümüş dərin siyasi, iqtisadi, sosial gərginlik bütün xalqı, o cümlədən ziyalıları, tanınmış insanları son dərəcə narahat edirdi. Belə bir şəraitdə onlar, eləcə də vətəndaşların mütləq əksəriyyəti çıxış yolunu ulu öndər Heydər Əliyevin fəal siyasi səhnəyə qayıtmasında, onun rəhbərliyi altında hakimiyyət uğrunda sivil mübarizə aparacaq siyasi təşkilatın yaradılmasında görürdülər.

Artıq 1992-ci ilin əvvəllərindən etibarən mətbuatda Heydər Əliyevin siyasi proseslərə daha fəal qoşulmasının millətin yeganə nicat yolu olması barədə məqalələrin dərci çoxalmışdı. Bölgələrdə "Heydər Əliyev Partiyası” adlı təşkilatlar yaradırdılar. Hətta bu qurumların qeydiyyata alınması üçün Ədliyyə Nazirliyinə müraciətlər də təqdim olunmuşdu. 1992-ci ilin aprel-may aylarında Bakıda Heydər Əliyevdən xəbərsiz onun tərəfdarları mitinqlər keçirir, yaş senzi ilə bağlı Konstitusiyaya edilmiş ədalətsiz əlavənin ləğvini istəyirdilər. Artıq mübarizə siyasi müstəviyə qədəm qoyurdu. Heydər Əliyevin yüz minlərlə tərəfdarlarının vahid, mütəşəkkil, güclü bir təşkilatda birləşməsi tarixi zərurətə çevrilmişdi.

Həmin ilin oktyabr ayında ictimaiyyətin mütləq əksəriyyətinin göstərdiyi qətiyyətli təsir altında ölkənin tanınmış ziyalılarının Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə ünvanladıqları müraciətlə bu kampaniyaya rəsmən start verildi. 1992-ci il oktyabrın 16-da mətbuatda dərc edilən bu tarixi müraciət yalnız ziyalıların deyil, bütün Azərbaycan xalqının istəyi, arzusu, haqlı tələbi idi. Müraciətdə deyilirdi: "Möhtərəm Heydər bəy! İndiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz üzərinə götürməyə qadir yeganə şəxs Sizsiniz! Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə edəcək çox böyük, güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz. Buna görə də Azərbaycanın demək olar ki, bütün bölgələrində aparılan ictimai rəy sorğularının nəticələrinə və bizim təşkilat komitəsinə daxil olan minlərlə şifahi və yazılı vətəndaş təkliflərinə əsaslanaraq belə bir qənaətə gəlirik ki, yaratmaq istədiyimiz Yeni Azərbaycan Partiyasına bu gün rəhbərlik etməyə qadir olan yeganə mütləq lider Siz ola bilərsiniz və yalnız bu halda yaranmaqda olan partiya öz qarşısına qoyduğu məqsədə çatar, respublikanın bütün zümrələrdən olan xalq kütləsini öz ətrafında birləşdirərək Azərbaycanın siyasi, iqtisadi həyatında mövcud olan boşluğu doldurar, dövlət quruculuğu işlərində öz layiqli töhfəsini verə bilər. Əminik ki, Yeni Azərbaycan Partiyası müdrik ağsaqqalımız Heydər Əliyevin ətrafında birləşəcək dərin zəkalı, təmiz əxlaqlı, yüksək mədəniyyətli, müstəqil düşüncəli, milli qürurlu, peşəkar insanların siyasi partiyasına çevriləcəkdir. Əgər bu partiyanın bünövrəsini Sizin kimi güclü dövlət xadimi qoyarsa, o, uzun illər xalqımızın bir neçə nəsli üçünsiyasi yetkinlik məktəbi olar. Biz Yeni Azərbaycan Partiyasını yeni düşüncə tərzli insanların Sizin ətrafınızda sıx birləşdiyi mütəşəkkil, güclü, aparıcı qüvvəyə malik bir partiya kimi görürük. İnanırıq ki, Azərbaycanımızın bugünü, sabahı naminə başqa partiya, qurum və cəmiyyətlərin vətənpərvər üzvləri də həlledici anda məhz bu partiyanın mövqeyində dayanacaqlar. Yeni qüvvələrin öncülü, aparıcısı Sizin kimi şəxsiyyət olarsa, tezliklə müstəqil respublikamızın inkişaf istiqamətləri həm müəyyənləşdirilər, həm də uğurlu addımlar atılar”.

Azərbaycan xalqının istəyinə heç zaman biganə qalmayan, özünün qurub-yaratdığı respublikanın göz-görəsi dağılmasına dözməyən, həyatını xalq yolunda şam kimi əridən Heydər Əliyev dühası Vətənin dar günündə haqq səsini ucaltmış, xalqın imdad, kömək səsinə səs verdi. 91 ziyalının timsalında milyonların arzusunun, siyasi seçiminin əks olunduğu məktuba Heydər Əliyev "Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı ilə ziyalıların xalqın milli maraqları istiqamətində mütəşəkkil mübarizəsinə xeyir-dua arzuladı. "Yeni müstəqil dövlətin quruculuğu prosesinə vətəndaşların hamısı, əhalinin bütün təbəqələri cəlb olunmalıdır. Yeni Müstəqil Azərbaycan bütün Azərbaycan xalqınındır. Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərin həllində biganə qalmağa heç kəsin haqqı yoxdur... Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiyasiyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan siyasi partiyasının yaradılması obyektiv zəruriyyətdən doğur. Belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram” - bu fikirlər Azərbaycan vətəndaşlarının yeni xalq hərəkatında birləşməsi üçün yetərli idi.

1992-ci ilin 21 noyabrında Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrindən təəssübkeş qrupların 550-dən artıq nümayəndəsinin iştirak etdiyi möhtəşəm tədbir soyuq qış günündə, zaldakı sərt hava şəraitində baş tutdu. Konfransda giriş nitqi ilə çıxış edən Heydər Əliyev bildirdi ki, YAP-ın hər bir üzvünün borcu dövlətin ərazi bütövlüyünü, müstəqilliyini, ictimai asayişi qorumaq, qanunlara tabe olmaq, iqtidarla sivil müxalifətçilik etmək, mübarizəni dövlətə qarşı aparmamaq, ölkənin mənafeyini bütün maraqlardan üstün tutmaqdır. Yalnız bu şərtlərə riayət edən şəxs YAP-ın əsl üzvü, partiyanın siyasi xəttini düzgün anlayan və yerinə yetirən təəssübkeş sayıla bilər.

Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, eyni zamanda partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.

Konfransın sonunda YAP-ın sədri Heydər Əliyev partiya üzvləri qarşısında çıxış etdi. Etimada görə təşəkkürünü bildirərək bəyan etdi ki, "əgər ölkənin bütün mütərəqqi qüvvələri, tanınmış ziyalıları, vətənpərvər övladları səylərini və mübarizələrini birləşdirərək yekdil siyasi qüvvəyə çevrilibsə, demək bu təşkilat - Yeni Azərbaycan Partiyası ümummilli quruma çevrilməli, xalqın inam, ümid mənbəyinə, dövlətin siyasi istinadgahına çevrilməlidir”.

Yarandıqdan qısa müddət sonra iqtidar partiyasına çevrilən YAP xalqın inamümid mənbəyi, dövlətin siyasi istinadgahı olduğunu bu dövrdə öz fəaliyyəti ilə daim təsdiq edib. Bu gün YAP Prezident İlham Əliyevin sədrliyi ilə 26 il əvvəl müəyyən etdiyi prinsiplərə, elan etdiyi məqsəd və mərama uyğun olaraq öz fəaliyyətini layiqincə davam etdirir. Bu ilin aprelində keçirilən prezident seçkiləri də göstərdi ki, YAP bu gün güclü, mütəşəkkil partiya olmaqla yanaşı, xalq tərəfindən ciddi şəkildə dəstəklənir. Bu gün cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı bütün uğurlar 1992-ci ildə qarşıya qoyulan məqsədlərin həyata uğurla vəsiqə aldığını göstərir. Bu uğurlar isə bitməyəcək və deməli, YAP bundan sonra da xalqın etimad ünvanı olaraq mövcud statusunu qoruyacaq.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 16 oktyabr.- S.10.