İşıqlı yolun yolçuları

 

Talelər

 

Dünyaya gələn insanların heç də hamısı istedad sahibi olmur. Həyatda hünər göstərməyi də hər kəs bacarmır, yaxud qəhrəmanlıq etmək üçün ona fürsət düşmür. Odur ki, tarixdə hamının adı qalmır, ensiklopediyalarda da yalnız seçilmişlər, tanınmışlar haqqında yazılır. Amma hər kəsə təbiət tərəfindən bir sahədə özünü təsdiq etmək üçün müəyyən qabiliyyət verilir. Çalışmaq, halal zəhmətlə dolanmaq, xeyirxahlıq etmək, hörmət, təmiz ad-san qazanmaq isə hamının bacardığı işlərdir. Sadəcə bunları etmək lazımdır və bu, istənilən məkanda, bütün zamanlarda, bütün ictimai quruluşlarda mümkündür.

Ömrünün mütləq əksəriyyəti keçən əsrə, əmək və ictimai fəaliyyəti isə əsasən sovet dönəminə təsadüf edən Leyla və Həsən Sultanzadə cütlüyü məhz sözügedən əməllərlə yaşamışdır. Həmkarlarının, doğmalarının, onları tanıyanların hamısının xatirəsində mənalı ömür sürmüş insanlar kimi qalmışlar. Bunun özüböyük şərəfdir. Hərçənd ki, bunlarla yanaşı, adlarının Azərbaycan iqtisadiyyatının inkişafı tarixinə yazılmağına, xidmətlərinin ensiklopediyalarda əks olunmağına da layiqdirlər.

Onlar uzun illər ömür yollarında birgə addımlamış, əsl Azərbaycan ailəsi modeli kimi nümunə ola biləcək birgə həyat sürmüş, layiqli övladlar böyütmüş, nəvələrin nəvazişini çəkmişlər. Bununla bərabər, öz sənətləri, ixtisasları, tutduqları vəzifə ilə dövr, zaman nə qədər imkan vermişdirsə, Azərbaycana, Azərbaycan xalqına o qədər xidmət etmişlər. Əlbəttə, bir-birinə kömək edə-edə, dəstək ola-ola... Şairin "İki ömür yolu - bir dəmir yolu misrası, yəqin ki, məhz belələri haqqındadır.

Dəmir yolu demişkən, Leyla xanımın işi bilavasitə dəmir yolu ilə bağlı olmuşdur. Doğrudur, bu sahədə çalışacağını əvvəllər heç ağlına gətirməmişdi. Axı o, 1921-ci ildə Bakıda, xalqımızın Kor Əhəd adı ilə tanıdığı mahir qarmonçu Əhəd Əliyevin ailəsində dünyaya göz açmışdı. Həmin qarmonçu Əhədin ki, dahi Üzeyir bəy Hacıbəyli ifasını yüksək dəyərləndirərək onu opera teatrına dəvət etmişdi. Böyük bəstəkar Müslüm Maqomayev, məşhur müğənni Cabbar Qaryağdıoğlu və dövrün digər görkəmli musiqiçiləri də Kor Əhədin sənətinin vurğunu olmuşlar. Xalq el şənliklərində, filarmoniya konsertlərində onun çıxışlarına heyran qalmışdı.

Əhəd Əliyevin musiqi istedadı qızında da özünü göstərirdi. Ancaq ata buna o qədər də əhəmiyyət vermirdi. Nəhayət, günlərin birində görkəmli tarzən, Azərbaycan musiqiçilərinin bir neçə nəslinin müəllimi Əhməd Bakıxanov təkidlə qızın musiqi duyumunu yoxlayır və Əhədə zəmanət verir ki, Leyla gələcəkdə gözəl musiqiçi ola bilər. Ata isə birmənalı olaraq qızının səhnəyə çıxmasına "yox deyir...

1942-ci ildə Kor Əhəd dünyasını dəyişir. Onun böyük oğlu müharibəyə gedir. Beləliklə, külfətin ağırlığı ailənin ilki olan Leylanın üzərinə düşür. O, tibb sahəsini seçib feldşerlik məktəbini bitirir. Lakin həyat yolları nədəncə Leylanı bu sahədən də başqa səmtə çəkir. Bir müddət məktəbdə kitabxanaçı, müxtəlif idarələrdə statist, şifrəçi işləyir. Hətta arada filoloq olmaq həvəsinə də düşür. 1949-cu ildən isə Azərbaycan Dəmir Yolu İdarəsinin siyasi şöbəsində işlər müdiri kimi çalışır və beləliklə, taleyi həmişəlik polad yollarla bağlanır.

Dəmir yolundan əvvəl dövlət nəzarəti sistemində çalışan Leyla orada Həsən Sultanzadə adlı gənc mütəxəssislə tanış olur. Çox keçmədən ulduzları barışır və onlar ailə həyatı qururlar. Leyla Əliyeva artıq Sultanzadə soyadını daşımağa başlayır.

Gənc olmasına baxmayaraq, həmin vaxtadək Həsən də az çətinlik görməmişdi. 1915-ci ildə Şamaxıda zadəgan ailəsində dünyaya göz açsa da, ermənilərin törətdiyi qırğınlar onları yurd-yuvalarından dərbədər etmişdi. Atası Yusif bəy ailəsi ilə birlikdə əvvəlcə digər bir bölgədə müvəqqəti sığınacaq tapmış, sonra həmişəlik Bakıda məskunlaşmışdı. Həsən elmə, biliyə can atan cavan idi. Əvvəlcə sənaye texnikumunun elektrotexnika fakültəsini bitirib ixtisası üzrə "Azərenerji sistemində çalışsa da, bununla kifayətlənməmişdi. İstehsalatdan ayrılmadan Azərbaycan Sənaye İnstitutunun Energetika fakültəsinə daxil olmuşdu.

Ayrı-ayrı mühitlərdə böyüsələr də, Leyla Həsəngilin ailəsinə tez qaynayıb-qarışdı. İndi onun Fatma adında iki anası vardı. Yeni təyin olunduğu vəzifədə ilk, o dövrün meyarı ilə sanballı maaşını alanda gətirib qayınanası Fatma xanıma verdi. O isə astaca: "Qızım, xahiş edirəm bu pulu anana - Fatma xanıma ver. Müvəqqəti çətinlikdir... deyə pıçıldadı.

Beləcə, bu ailənin üzvləri bir-birini anlaya-anlaya, başa düşə-düşə, bir-birinə dəstək ola-ola yaşadılar. Mehribanlıq, şükranlıq evlərinə ruzi gətirir, uğurları Azərbaycan mentalitetinə hörmət və sədaqətdən qaynaqlanırdı. Leyla və Həsən Sultanzadələr öz yerlərində getdikcə daha çox etibaretimad qazanır, vəzifə pilləsi ilə irəliləyirdilər.

Həsən Sultanzadə bir müddət Azərbaycan SSR Dövlət Nəzarəti Nazirliyində nəzarətçi və baş nəzarətçinin müavini, SSRİ Dövlət Təchizatının Zaqafqaziya Müfəttişliyində rəis müavini, respublika Şəhər və Kənd Nazirliyində şöbə müdiri vəzifələrində çalışdı. 1956-cı ildən sonrakı fəaliyyəti isə Azərbaycan SSR Dövlət Plan Komitəsi ilə bağlı oldu. Əvvəlcə bu qurumda böyük mühəndis vəzifəsində işlədi, sonra uzun illər energetika və elektrikləşmə şöbəsinə rəhbərlik etdi.

Bu, asan vəzifə deyildi. SSRİ-nin xalq təsərrüfatında bütün işlər mərkəzlə, Moskva ilə əlaqələndirilir, müəyyənləşdirilirdi. Odur ki, Həsən müəllim tez-tez ezamiyyətlərə getməli olur, ittifaq və beynəlxalq əhəmiyyətli tədbirlərdə iştirak edirdi. Hər il SSRİ Plan Komitəsinin kollegiya iclaslarında respublika xalq təsərrüfatı planlarını təqdim edir və onları müvəffəqiyyətlə müdafiə edirdi.

Belə məqamlarda ailənin ağırlığı Leyla xanımın üzərinə düşürdü. Uşaqları məktəbə aparıb-gətirmək, onların dərslərinə nəzarət etmək, üstəlik, ev işləri... O zaman indiki çoxfunksiyalı paltaryuyan maşınlar və xanımlara məişətdə kömək edən digər elektrik cihazlarının bir çoxu hələ yox idi. Ev işlərini görmək üçün köməkçi tapmaq da dəbdə deyildi. Odur ki, evdə bütün işləri eyni zamanda dövlət idarəsində məsul vəzifə daşıyan bu zəhmətkeş, yorulmaq bilməyən qadının özü görürdü.

Leyla Sultanzadə Ali Partiya Məktəbini bitirmişdi. Azərbaycan Dəmir Yolu İdarəsinin birinci şöbəsində müxtəlif vəzifələrdə çalışmış, sonra uzun illər bu şöbənin müdiri olmuşdur. Onun da işi çətin məsuliyyətli idi. Lakin xarakterinə xas olan ciddilik, iqtisadiyyatın ayrı-ayrı sahələrində çalışdığı dövrdə topladığı təcrübə ona bu vəzifənin öhdəsindən layiqincə gəlməyə imkan verirdi.

Polad magistrallarda gecə-gündüz hərəkət dayanmadığı kimi, dəmir yolu idarəsində çalışanların da işi qayğıları bitib-tükənmək bilmirdi. Bir görürdün gecənin yarısında Moskvadan telefonoqram gəldi Leyla xanımı təcili olaraq idarəyə çağırdılar. Belə anlarda Həsən müəllim tələsik yuxudan oyanırdı. O, Leyla hazırlaşana qədər tez küçəyə çıxıb taksi axtarır, tapmayanda isə cütlük qol-qola girib Leytenant Şmidt küçəsindən (indiki Rəşid Behbudov küçəsi) dəmir yolu idarəsinə doğru piyada yol başlayırdı... Həsən müəllim bəzən heç evə dəyməyə macal tapmır, səhər açılar-açılmaz oradan da birbaşa öz yerinə yollanırdı.

Beləcə, bu iki insan əl-ələ verib Azərbaycan iqtisadiyyatının inkişafına bacardıqları töhfələri verirdi. Biri yolumuzun, biri işığımızın keşiyində dayanmışdı. Onların məsul vəzifələrdə çalışdığı illər ulu öndər Heydər Əliyevin respublikanın rəhbəri olduğu dövrə təsadüf edir. Bu gün yüksək templərlə inkişaf edən, nailiyyətləri bütün dünyada tanınan Azərbaycan iqtisadiyyatı məhz o illərdə yaranan təməl üzərində yüksəlir...

Sultanzadələrin nəvəsi Aleksandriya-Sevinclə həmin illərin yadigarı olan saysız-hesabsız sənədin birini nəzərdən keçirib o birini götürürük. Onlar Leyla xanımın Həsən müəllimin ömrünü sanki günbəgün əks etdirir. Leyla Sultanzadənin Azərbaycanın fəxri dəmiryolçusu, Həsən Sultanzadənin isə respublikanın əməkdar mühəndisi olduğunu, onların hər ikisinin çoxsaylı fəxri fərmanlar aldığını, medallarla mükafatlandırıldığını təsdiqləyir. Qovluqlarda Sultanzadələrin iştirak etdiyi mötəbər tədbirlərin dəvətnamələri, mandatları da qorunub saxlanır.

Sevinc xanım nənəsini babasını xatırlayıb kövrəlir. Deyir ki, anasını körpə ikən itirdiyindən atası Çingiz Sultanzadə ilə yanaşı, onun qayğısını nənəsi babası çəkib:

- Hər işə məsuliyyətlə yanaşan Leyla xanımın çox mehriban davranışı, incə qəlbi vardı. Elə bil od parçası idi. Eləcə babam... Həmişə rəqəmlərlə işləsə , incəsənəti çox sevirdi. Yadımdadır ki, Moskvaya ezamiyyətə gedəndə məni aparırdı biz Böyük teatrdan tutmuş bir çox yerlərdə tamaşalara baxır, konsertlərə qulaq asır, muzeylərə baş çəkirdik.

Sevinc xanım musiqiçidir. ABŞ-da universitet bitirib, namizədlik dissertasiyası müdafiə edib 27 il həmin ölkədə yaşayıb, pedaqoji fəaliyyətlə məşğul olub. Ulu babası Kor Əhədin genlərini daşıyan bu xanım Azərbaycan musiqisinin ABŞ-da digər ölkələrdə təbliği üçün sanballı görüb. Hazırda vətəndədir. Azərbaycan Milli Konservatoriyasının doktorantı kimi tədqiqatlar aparır. Elmi işi "Azərbaycan xanəndələri aşıqlarının səs tellərinin akustik fizioloji xüsusiyyətlərinin tədqiqinə həsr olunub. Demə, illər əvvəl qızın səhnəyə çıxmaq məqamı gələndə nənəsi Leyla xanım vaxtilə atası Kor Əhədin onun özünün səhnəyə çıxması üçün verdiyi "yox qərarını nəvəsi üçün təkrar edib.

Zarafatyana "tarix təkrar olunur deyə Sevinc xanım gülümsəyir, sonra isə ciddi tərzdə söyləyir ki, doğmaları onu səhnəyə "buraxmasalar da, mükəmməl musiqi təhsili almasına bugünkü nailiyyətlərə çatmasına daim dəstək veriblər. Bəli, bu nəslin, bu sülalənin tarixi təkcə bir məsələdə yox, bir çox digər sahələrdə təkrar olunur. Bunlar xeyirxah işlər görmək, vətənə, xalqa xidmət etmək, yaxşı ənənələri yaşatmaqdır.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.- 19 oktyabr.- S.7.