Azərbaycan ağsaqqalları Prezident İlham Əliyevin siyasi kursunun ən fəal müdafiəçilərindəndirlər

 

Oktyabrın 19-da Azərbaycan Ağsaqqallar Şurasında "Ağsaqqalların ölkənin ictimai-siyasi həyatında rolumövzusunda konfrans keçirilmişdir. Öncə iştirakçılar 27 illik müstəqillik yolundan bəhs edən videoçarxa baxmışlar.

Ağsaqqallar Şurasının sədri, Milli Məclisin komissiya sədri Fəttah Heydərov müstəqil Azərbaycanın qazandığı nailiyyətlərdən söz açdı. Sədr ulu öndər Heydər Əliyevin mənalı həyatının müxtəlif mərhələlərindən, vətən və xalq yolunda, habelə milli müstəqilliyin ölkəmizin daimi sərvətinə çevrilməsindəki misilsiz xidmətlərindən danışdı: "Ulu öndərin siyasi kursunun yeganə doğru yol olduğuna bir daha əmin olan xalqımızın böyük əksəriyyəti 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi İlham Əliyevi dəstəkləyərək onu Azərbaycanın Prezidenti seçdi”.

Fəttah Heydərov vurğuladı ki, cənab İlham Əliyevin 15 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyi hər vasitə ilə möhkəmləndirmək dayanır. Dövlət başçısı xalqa verdiyi vədləri tam yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib.

Fəttah Heydərov bildirdi ki, Prezident İlham Əliyevin ötən 15 illik fəaliyyəti ölkə iqtisadiyyatında qazanılan misilsiz uğurlarla zəngindir. Bu illər ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artıb, qeyri-neft ixracı 4,1 dəfə çoxalıb. Azərbaycanın 2004-cü ildə 1,8 milyard dollar olan valyuta ehtiyatları bu gün 46 milyard dollara çatdırılıb.

Ağsaqqallar Şurasının ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etdiyini diqqətə çatdıran Fəttah Heydərov vurğuladı ki, dövlət başçısının müdrik və uzaqgörən siyasətini dəstəkləyən ağsaqqalar bundan sonra da fəaliyyətlərini uğurla davam etdirəcəklər.

AMEA-nın prezidenti, akademik Akif Əlizadə isə bildirdi ki, bir neçə gündür ölkədə bayram əhval-ruhiyyəsi yaşanır. Həm cənab İlham Əliyevin Prezident seçilməsinin 15 illiyi, həm də 18 oktyabr Müstəqillik Gününün sevinci bir-birinə qarışıb. Azərbaycanın 27 illik keşməkeşli tarixinin canlı şahidi olan ağsaqqallar bu gün dövlətin ən qüdrətli dövründə yaşayırlar. Bu, həqiqətən, böyük fəxarət hissidir: "Bir zaman ulu öndər Heydər Əliyevin uçurumdan xilas etdiyi Azərbaycanın səsi bu gün BMT-dən, NATO-dan, UNESCO-dan gəlir. Bütün bunları isə dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev həyata keçirir. Biz bu gün bu siyasətlə qürur duyuruq”. Akademik Akif Əlizadə ölkə ağsaqqallarının hər zaman dövlət başçısı İlham Əliyevin müstəqil siyasətinin dəstəkçisi olduqlarını söylədi.

"Ağsaqqallıq mükəmməl dəyərdir və Azərbaycan xalqı hər zaman ağsaqqala böyük qiymət verib. Ağsaqqallıq müdriklikdirbu, təkcə yaşla, elmlə deyil, həm də ağıl, müdrikliknüfuz ilə ölçülür”. Bu fikirləri isə Ağsaqqallar Şurasının məclis üzvü, Milli Məclisin deputatı, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov söylədi. 27 illik müstəqillik dövründə Azərbaycanın keçdiyi yola, qazandığı nailiyyətlərə nəzər salan Bəxtiyar Sadıqov bildirdi ki, bu qısa zaman kəsiyində həm çətin günlər yaşayan, həm də sürətli inkişaf mərhələsi keçən ölkəmiz qlobal miqyasda "ağsaqqalstatusu qazanıb. Çünki bu gün müstəqil Azərbaycan beynəlxalq miqyasda çox mühüm təşəbbüslər irəli sürür, münaqişə vəziyyətində olan müsəlman dövlətlərini bir araya gətirir, Avropanın enerji təhlükəsizliyini təmin edir, sabitlik, tolerantlıq nümunəsi yaradır. Bütün bunlar Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin tərkib hissəsidir: "Bu gün cənab İlham Əliyevin tam müstəqil siyasəti ilə ölkəmiz dünya birliyində etibarlı tərəfdaş kimi qəbul olunur. Həyata keçirilən meqalayihələr - Bakı-Tbilisi-Qars dəmir yolu, "Cənub qaz dəhlizi”, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, ötən gün Türkiyənin İzmir şəhərində Türkiyə və Azərbaycanın dövlət başçılarının açılışını etdikləri "Starneft emalı zavodu və digərləri ölkəmizi Avrasiya məkanında nəqliyyat-tranzit və logistika mərkəzinə çevirib. Məhz bu uğurlarla İlham Əliyev Azərbaycanı "ağsaqqal dövlət”ə çevirib”.

Deputat vurğuladı ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs Azərbaycanı daim inkişafa aparıb. Dünya İqtisadi Forumunun son hesabatında da bütün bunlar öz əksini tapıb. Belə ki, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatında dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi quymətləndirilib. Bütün bunlar cənab İlham Əliyevin Azərbaycana qazandırdığı tarixi nailiyyətlərdir: "Biz dövlətimizlə fəxr edirikdaim Prezident İlham Əliyevin yanındayıq. Hər birimizin borcudur ki, gəncləri də bu ruhda tərbiyyə edib uğurlarımızı daha da inkişaf etdirək”.

Ağsaqqallar Şurası sədrinin müavini, akademik Teymur Bünyadov isə dedi ki, cənab İlham Əliyev ulu öndərin arzularına işıq tutaraq onun istəklərini məşələ çevirib. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycan dünyada söz sahibinə çevrilib. O dedi ki, əgər ulu öndər Heydər Əliyev Azərbaycanı bir dövlət kimi məhv olmaqdan qurtarıbsa, İlham Əliyev o dövləti qüdrətli ölkəyə çevirib.

Ağsaqqallar Şurasının üzvləri Südeyf İmamverdiyev, Nəriman Həsənzadə, Vasim Məmmədəliyev, Məhəmməd Məhəmmədov, Xalid Qurbanov çıxış edərək müstəqillik yoluna bir daha nəzər yetirdilər. Bildirildi ki, əgər 1994-cü ildə "Əsrin müqaviləsi” imzalanmasaydı, bəkə də bu gün müstəqil Azərbaycan bir dövlət kimi mövcud deyildi. Ona görə də dahi lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusu, banisi hesab olunur. Prezident İlham Əliyev isə Azərbaycanı dünyaya tanıdaraq, tarixinin ən qüdrətli dövlətinə çevirib. Bu gün Azərbaycan əsl Heydər Əliyevin görmək istədiyi dövlətdir, dünyaya günəş kimi doğan respublikadır.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul işçisi Rasim Mirzəyev qeyd etdi ki, müstəqilliyinin ilk illərində böyük təlatümlər yaşayan Azərbaycan 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra uğurlu inkişaf mərhələsinə qədəm qoydu. İllər keçdikcə ölkəmizin dünya birliyindəki siyasi çəkisi, iqtisadi gücü daha da artmağa başladı. 2003-cü ildən etibarən Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində bu inkişaf şaxələndirildi, dövlət müstəqilliyimiz daha da möhkəmləndi. Ötən 27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib.

Sonda isə dövlət başçısı tərəfindən "Şərəf” ordeni ilə təltif edilən Ağsaqqallar Şurasının məclis üzvü Vasif Babazadə, "Şöhrət” ordeni ilə mükafatlandırılan məclis üzvü Bəxtiyar Sadıqov, həmçinin yubileyləri qeyd edilən digər şura üzvləri fəxri diplomlarla təltif edildilər.

 

Rəşad BAXŞƏLİYEV

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.- 20 oktyabr.- S.4.