YAP nümayəndə heyətinin Çinə səfəri davam edir

 

Yeni Azərbaycan Partiyası (YAP) nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.

AZƏRTAC xəbər verir ki, YAP icra katibinin müavini, Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri, Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzovun rəhbərlik etdiyi nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev, deputat, YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, YAP Şuşa rayon təşkilatının sədri Təvəkkül Əliyev və YAP Gənclər Birliyinin sədri Seymur Orucov daxildir.

Səfər zamanı YAP-ın nümayəndə heyətinin üzvləri Çin Kommunist Partiyasının Çsinzyan şəhər təşkilatında olublar. Nümayəndə heyətinin üzvləri təşkilatın fəaliyyəti, şəraiti ilə yaxından tanış olublar.

Təşkilatın nümayəndələri ilə söhbət zamanı Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyasının əlaqələrindən geniş bəhs olunub, partiyalar arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Həmçinin partiyalararası münasibətlərin inkişafında qarşılıqlı səfərlərin və birgə layihələrin önəmi barədə geniş fikir mübadiləsi aparılıb, əlaqələrin daha da inkişafı üçün geniş perspektivlərin olduğu bildirilib.

Qeyd olunub ki, qarşılıqlı təcrübəsinin öyrənilməsi də əlaqələrin inkişafı baxımından əhəmiyyətlidir.

 

Azərbaycan.- 2018.-25 oktyabr.- S.2.