Erməni əsirliyində qan donduran yaşantılar

 

İşgəncə və qətllərin xronologiyasından da məlum olur ki, daşnaklar girov götürdükləri azərbaycanlıları qəddarcasına qətlə yetirmişlər

 

XX əsrin ən böyük bəlası "Böyük Ermənistan” xülyasının gerçəkləşdirilməsi üçün ermənilərin törətdikləri amansız qətliamlardır. Bu faşist ideologiyasının törətdiyi fəsadlar obyektiv mühakimə qabiliyyəti olan, mütərəqqi düşüncəli hər kəsə məlumdur.

Eramızdan əvvəl Balkanlardan Ön Asiyaya, sonradan isə məqsədyönlü şəkildə Qafqazın cənub bölgəsinə yerləşdirilən ermənilər bu ərazilərin yerli əhalisinin tarixini (bu gündavam etdirilir), dilini, mədəniyyətini, incəsənətini, mətbəxini belə mənimsəməyə çalışdılar. Bu çirkin və bəd niyyəti sonrakı dövrlərdə inkişaf etdirərək etnoideoloji səviyyəyə qaldırdılar. Beynəlxalq aləmi bu ekstremal ideologiyaya inandırmağa cidd-cəhdlə səy göstərdilər, hətta bəzi hallarda müəyyən mənada buna nailoldular.

Məqsədlərinə çatmaq üçün ermənilər azərbaycanlılara qarşı vandallıqdan çəkinmədilər. Onların bu yolda törətdiyi soyqırımı, terror və qətliamlar xronologiyası da bunun təsdiqidir. Konkret desək, daşnaklar bir əsrdə milyon yarımdan artıq azərbaycanlını amansızcasına və qəddarcasına, zülm verərək qətlə yetiriblər.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış materiallar bir daha sübut edir ki, Ermənistan tərəfi əsir və girov götürülmüş azərbaycanlılara qarşı məqsədli şəkildə soyqırımı siyasəti yeridir. Komissiyanın nəşr etdirdiyi "Erməni əsirliyində: işgəncə və qətl antologiyası” bu baxımdan çox tutarlı mənbələrdən hesab edilir. Burada toplanmış faktlar ermənilərin girov götürdükləri, əsir apardıqları və orada insanlığa yaraşmayan, ağıla gəlməyən işgəncələrə məruz qoyulanların və şahidlərinin dilindən qələmə alınıb. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olub. Onların bugünkü nümunəsi isə doğulduqları yurdda doğmalarının, əzizlərinin məzarını ziyarətə getmiş və Kəlbəcər rayonu ərazisində Ermənistanın silahlı qüvvələri tərəfindən girov götürülərək min bir işgəncəyə məruz qalan, saxta məhkəmə oyunu ilə ömürlük həbs cəzasına məruz qoyulan Dilqəm Əhmədov və Şahbaz Quliyevdir. Qısa müddət ərzində hər iki azərbaycanlıya vandallar tərəfindən verilən zülm və işgəncə onların fotovideo görüntülərində də öz əksini tapıb.

Çoxsaylı faktlar təsdiqləyir ki, əsir və girovlara müxtəlif dəhşətli işgəncələr verilib, onlar vəhşicəsinə döyülüb, qəsdən şikəst edilib, sinələrinə qızdırılmış xaç nişanları ilə damğa basılıb, dırnaqları və dişləri çıxarılıb, yaralarına duz basılıb, ölənə qədər rezin və dəmir dəyənəklərlə döyülüb, hətta, damarlarına duru yanacaq yeridilib.

Həmin dəhşətləri özündə əks etdirən faktlardan bəzilərinə qısaca nəzər salaq: Əsir düşərkən üç yaşı olan Şövqi Xəqani oğlu Əliyevin bazu sümüyü Xankəndidə erməni "həkimlər” tərəfindən çıxarılıb, nəticədə o, ömürlük şikəst olub. Kəlbəcər rayonunun işğalı zamanı girov götürülən Gülcamal Quliyevanın yenicə dünyaya gəlmiş oğlu Arzu Hacıyevə erməni "həkim”i Aida Serobyan naməlum tərkibli iynələr vurmaqla körpəni ömürlük şikəst edib. Anası Afət Mirzəyevanı və babası Aslan Mirzəyevi ermənilər güllələyərkən Babək İlyasov cəmi yeddi aylıq olub. Qəlpələr Babəkin sağ gözünü yaralayıb. Ermənilər onu Kəlbəcər rayonundan girov götürülən digər həmkəndliləri ilə birlikdə yalnız dörd aydan sonra və həm də müalicə etmədən şikəst qaytarmışlar. Onun bir gözü dünya işığından məhrumdur.

15 yaşlı Nəzakət Məmmədovanın gözləri qarşısında ermənilər atasına dəhşətli işgəncələr verib. Anası isə hədə və şantajlara dözməyərək dəli olub. Qızın özünü isə 4 milyon rus rubluna satıblar.

Zəminə Göyüş qızı Dadaşova ermənilər tərəfindən girov götürülərkən qolundan aldığı güllə yarası baxımsızlıq üzündən irinləyib, bədənində çürümə prosesi gedib. Zəminənin sol qolu işləmir. Girov götürülən zaman isə ermənilər onun atası Göyüş Dadaşovu və yaşlı nənəsi Qönçə İbadovanı yerindəcə güllələyiblər.

Ermənilərin amansızlığının şahidi olmuşlardan biriAğdam rayonundan girov götürülmüş Kəklik Həsənovadır. Yağı düşmən ona dəhşətli işgəncələr verib: Kəlbətinlə onun 16 qızıl dişini çıxarıblar. Ağdərə rayonu erməni silahlı quldur dəstələrindən azad edilərkən Kəlbəcər rayon mətbəəsinin linotipçisi Elxan Novruzov yaralı halda əsir düşüb, 2 il gizli şəkildə, Ağdərə və Xankəndidə şəxsi evlərin zirzəmilərində ona heyvani münasibətlər göstəriblər. Dəfələrlə qaçaraq canını bu dəhşətli zülmlərdən qurtarmağa çalışan gənci zəncirləyərək saxlayıblar ki, döyüşlər zamanı öldürülmüş erməni komandirinin meyiti ilə dəyişdirilsin. 4 illik girovluq zülm-zillətini görmüş Elxan Novruzovun (xatırladaq ki, onun atası İmran Tahar oğlu Novruzov hər iki gözündən şikəst, II qrup əlildir) 24 aprel günü 4 ədəd qızıl dişinin kəlbətinlə çıxarılması, sadəcə, vandalizm aktı deyil, bu, həm də soyqırımı siyasətinin tərkib hissəsidir.

Kəlbəcərin Otaqlı kəndindən olan, 1989-cu ilin yay aylarında ermənilər tərəfindən yaylaqdan girov götürülən Hidayət Əhməd oğlu Cəfərovun Basarkeçər rayonunda mal tövləsində üstünə əfi ilan buraxılması, bir ay ac-susuz saxlanıb yerə duz səpərək yaladılması, digər anti-insani münasibətlər qəddarlıq deyilmi?

Ağdam rayonunun işğalı zamanı ermənilər tərəfindən girov götürülən ağbirçək Şərqiyyə Rza qızı Şirinovanın da 8 qızıl dişi mismar kəlbətini ilə çəkilib. O, altı ay davamlı işgəncələrə məruz qalıb. Qubadlı rayonundan olan 65 yaşlı Biniş Rəsul qızı Məmmədova və Sara Miriş qızı İsmayılovanı da Xankəndidə gündüz ağır işlərdə işlədir, gecələr isə xüsusi amansızlıqla döyürmüşlər. Onlarla birlikdə saxlanılan Şahsənəm və Əsli adında qadınlar bu cür ağır işgəncələrə dözməyərək girovluqda özlərini qətlə yetirməkdən savayı çarə görməyiblər.

Ağdam rayonundan milliyyətcə rus olan, erməni əsirliyində hədsiz işgəncələrə məruz qalmış Vladimir İvanoviç Şevelyov da erməni vəhşiliyinin şahidi olub. 1994-cü ildə 89 yaşlı anası Vera Davıdovanın və ahıl bacısı Svetlana İvanovnanın, eləcə də 58 yaşlı xəstə qardaşı Anatoli İvanoviçin amansızlıqla öldürülüb yandırıldığını, Ağdam kanalının yanında saysız-hesabsız qadın və uşaq meyiti gördüyünü bildirir. Vladimir Şevelyov bildirir ki, Ağdam rayonunun işğalı zamanı ermənilər oradakı ruhi xəstəxanada saxlanılan 7 nəfəri, o cümlədən iki xəstə qadını girov götürüblər. Onların biri azad edilib, digəri isə döyülə-döyülə öldürülüb, qalanlarının sonrakı taleyindən isə xəbər yoxdur.

Bu kimibunlardan da ağır, dəhşətli işgəncələrin nə sayı məlumdur, nə də miqyası. Belə işgəncələrə məruz qalan insanlar, sadəcə, türk olduqları üçün vandalizm siyasətinin qurbanlarına çevriliblər. Təəssüf doğuranı odur ki, ikili standartlarla idarə olunan bəşəriyyətin insan haqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlar bunları bilsələr də, susurlar.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.-25 oktyabr.- S.7.