Con Batçelor Şou” radioproqramının dinləyiciləri Azərbaycanın uğurları barədə məlumatlandırılıb

 

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev Amerika Birləşmiş Ştatlarının məşhur və geniş dinləyici auditoriyasına malik olan "Con Batçelor Şou” radioproqramına müsahibə verib.

AZƏRTAC xəbər verir ki, müsahibədə Hikmət Hacıyev ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Bakıya səfəri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli prosesi, VI Bakı Beynəlxalq Humanitar Forumu, müstəqillik illərində Azərbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizin enerji siyasəti, regional əməkdaşlıq və Azərbaycanın qonşu dövlətlərlə əlaqələri barədə danışıb.

Verilişdə Hikmət Hacıyev Azərbaycanın strateji baxımdan əhəmiyyətli dövlət olduğunu qeyd edərək Con Boltonun ölkəmizə səfəri çərçivəsində Prezident İlham Əliyev ilə məhsuldar müzakirələr apardığını, bu səfərin enerji, təhlükəsizlik, terrorizmə qarşı mübarizə və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün yeni imkanlar açdığını diqqətə çatdırıb.

Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən regional əməkdaşlıq və enerji layihələrinə toxunan Hikmət Hacıyev Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzünün regional təhlükəsizlik üçün başlıca təhdid olaraq qalmaqda davam etdiyini deyib. O, münaqişənin həllində irəliləyişə nail olmaq üçün Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu deyib.

Prezident Administrasiyasının rəsmisi 27 illik müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən də danışaraq bu günlərdə keçirilən VI Bakı Humanitar Forumuna diqqət çəkib və bu Forumun qlobal xarakter daşıdığını, beynəlxalq səviyyədə humanitar məsələlərin müzakirəsi üçün vacib platforma olduğunu bildirib. O, Azərbaycanın bu gün dinamik surətdə inkişaf etdiyini, müasir, dünyəvi dövlət olduğunuöz multikulturalizm ənənələri ilə fəxr etdiyini vurğulayıb.

"Con Batçelor Şou” gündəlik həyatda aktual olan beynəlxalq hərbi, siyasiiqtisadi mövzulara həsr olunur, ABŞ-da federal ABC Radio Şəbəkəsinə daxil olan müxtəlif ştat və şəhərlərdə çoxsaylı radiokanal tərəfindən həm canlı, həm də audioyazı formasında geniş yayımlanır. Həftənin hər günü yayımlanan bu proqram ABŞ-da milyonlarla dinləyici auditoriyasına malikdir.

 

Azərbaycan.- 2018.-28 oktyabr.- S.2.