Ermənistanda yeni dövlət çevrilişi hazırlanır

 

"Sabiqlər koalisiyası” Paşinyan hökumətini devirmək üçün son həmləyə başladılar

 

Ermənistanda cərəyan edən son hadisələr bu ölkənin yeni dövlət çevrilişi astanasında olduğunu göstərir.

Belə görünür ki, yeni hakimiyyətlə sabiq iqtidar təmsilçiləri arasında kəskinləşən qarşıdurma ölkədə növbəti qarşıdurmaya rəvac verməklə yanaşı, həm də dövlət çevrilişinə əlverişli zəmin yaradır. Bu fonda Ermənistanda hakimiyyətin yaxın tezlikdə başqa qüvvələrin əlinə keçməsi gözlənilən sayılır.

İşğalçı Ermənistanda baş verən son olaylar isə burada ictimai-siyasi proseslərin daha gərgin mərhələyə qədəm qoyduğunu göstərir. Əsas səbəb isə Ermənistanın Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçaturyanla Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanetsyan arasında telefon danışığının dinlənilməsi, səs yazısının internetdə yayılmasıdır. İki xüsusi xidmət orqanının rəhbəri arasında telefon danışığının internetdə yayılması Nikol Paşinyan hökumətini ciddi sarsıdıb.

 

 

"Xaçaturovun əvəzinə Ohanyan həbs edilsin

 

 

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) və Xüsusi İstintaq Xidməti (XİX) rəhbərinin gizli səs yazısında tərəflər ölkənin keçmiş prezidenti Robert KoçaryanKTMT-nin fəaliyyətdə olan baş katibi Yuri Xaçaturov barəsində açılan cinayət işlərindən bəhs ediblər. Səs yazısında Vanetsyan təklif edib ki, rusların qəzəbinə səbəb olmamaq üçün Xaçaturovun məsələsinə ciddi yanaşsınlar və onun əvəzinə sabiq müdafiə naziri Seyran Ohanyanı həbs etsinlər. O həmçinin Xaçaturovun müavini, general-leytenant Haykaz Bağmanyanın işinə baxılmasını xatırladıb.

Tərəflərin danışığında Ohanyana qarşı ciddi ittihamların olduğuonun da həbs ediləcəyi barədə fikir mübadiləsi aparılıb. Sasun Xaçaturyan qeyd edib ki, Ohanyanın əhalini təhdid edərək, qoşun yeridəcəyi barədə xəbərdar etməsinə dair tutarlı dəlillər var. Bununla belə, o, Xaçaturovun həbsini baş nazirlə müzakirə etməyi də Vanetsyana məsləhət bilib.

Daha sonra "Görürsən ki, mən artıq həbs barədə elan etmişəm... Yaxşı, mən ona elə indi zəng edərəm”- Vanetsyan Paşinyana zəng vuracağını deyib. Daha sonra səs yazısından bəlli olub ki, KTMT baş katibi Yuri Xaçaturovun barəsində həbs qətimkan tədbirinin seçilməsi göstərişini şəxsən Nikol Paşinyan özü verib.

 

 

"Paşinyan bolşevikdir

 

 

Ermənistanda cərəyan edən son hadisələr Nikol Paşinyan iqtidarı ilə ona qarşı olan qüvvələr arasında münasibətlərin daha kəskin xarakter almaqda olduğunu üzə çıxarır. Belə görünür ki, qarşıdakı günlər ərzində işğalçı ölkədə ictimai-siyasi gərginlik daha kəskin xarakter alacaq. Buna əsas səbəb "sabiqlər koalisiyası”nın Paşinyan hökumətini devirmək üçün Robert Koçaryan ətrafında birləşməsi, sonuncunun isə yenidən hakimiyyətə iddia etməsidir.

Artıq Ermənistanın sabiq prezidenti Robert Koçaryan Milli Təhlükəsizlik Xidməti və Xüsusi İstintaq Xidməti rəhbərlərinin yayılan gizli səs yazısına, həmçinin maliyyə maxinasiyalarına və pulların yuyulmasında ittiham olunaraq özünə qarşı yeni cinayət işlərinin açılmasına münasibət bildirib. Koçaryan xüsusi xidmət orqanlarının bu davranışını cinayət adlandırıb. Onun sözlərinə görə, səs yazısı ictimaiyyətə yayılandan sonra Ermənistan baş naziri Nikol Paşinyanın və MTX ilə XİX rəhbərlərinin açıqlaması sadəcə, əhalinin diqqətini yayındırmaq və öz cinayətlərini ört-basdır etməyə hesablanmış uğursuz cəhdlərdir: "Bu səbəbdən də guya onların korrupsiya ilə "qəhrəmancasına” mübarizə aparmalarına mane olmaq üçün bu səs yazısının üzə çıxarıldığını iddia etmək sadəcə, absurddur”.

Sabiq prezidentin fikrincə, Paşinyanın və səs yazısındakı şəxslərin sözlərindən aydın olur ki, saxta yollarla onu həbs edə və siyasi meydandan uzaqlaşdıra bilməyəcəklərini başa düşən Ermənistan rəhbərliyi yeni metoda əl ataraq Koçaryanın ailəsini pulların yuyulmasında ittiham edirlər. Bu mənada Koçaryan ona qarşı yeni siyasi təqibin başladığını bəyan edib. Xalqa müraciət edən sabiq prezident Ermənistanın diletantların idarə etdiyisiyasi repressiyaların həyata keçirildiyi ölkəyə çevrilməsinə yol verməməyə çağırıb. Bu mənada, Koçaryana görə Nikol Paşinyan saxta ittihamlarla öz rəqiblərini və onunla eyni fikri bölüşməyənləri aradan götürən bolşevikdir.

 

 

Koçaryana qarşı cinayət işi başlandı

 

 

Qeyd edək ki, Ermənistanın hüquq-mühafizə orqanları Robert Koçaryana qarşı yeni cinayət işinə başlayıblar. Bu dəfə Koçaryan maliyyə maxinasiyalarında və pulların yuyulmasında ittiham edilir. Artur Vanetsyan bununla bağlı bildirib: "Söhbət yüzlərlə milyon dollardan gedir. Biz kimin qədər varidatının olması barədə faktları dərc edəcəyik. Yerevandakı "Konqressmehmanxanasının 6 milyon dollar rüşvətlə necə alındığını dərc edəcəyik. Koçaryanın ailəsinin bu mehmanxanaya yiyələnməsinin sxemi mövcuddur”.

Bundan əlavə, MTX direktoru bildirib ki, tezliklə Koçaryanın prezident postundakı xələfi Serj Sarkisyanın qardaşı Aleksandrın maliyyə maxinasiyaları haqqında məlumat dərc olunacaq.

 

 

Paşinyandan sələflərinə ağır ittihamlar

 

 

Ermənistanda yeni dövlət çevrilişinin hazırlandığını çox yaxşı başa düşən Paşinyan baş verənlərə qəzəbli reaksiya verib. O, bu məsələdə əsas etibarilə keçmiş hakimiyyət təmsilçilərini ittiham edir. Baş nazir məlum telefon söhbətinin səs yazısının yayımlanmasına münasibət bildirərək deyib: "Bu təxribatdır, bu, Ermənistan dövlətçiliyinə qarşı cinayətdir, mən bu təxribatın təşkilatçılarını aşkar edərək ən ciddi məsuliyyətə cəlb edilmələrini tapşırmışam. Mən hamını - oliqarxları, cangüdənləri tərksilah etməyi tapşırıram. Robert Koçaryan Serj Sarkisyan, siz erməni xalqına qarşı çıxmağa qərar verdiniz, bir dayanın! 1 martda insanların qətlində günahkar olanların hamısı məhkəmə qarşısında cavab verəcək. Xalqdan oğurladıqlarınızın hamısını xalqa qaytaracaqsınız - Robert Koçaryan, Serj Sarkisyan, Ovik Abramyan, Manvel Qriqoryan, Taron Markaryan, Qaqik Xaçatryan -…müxtəlif kalibrli məmurlar bunu hiss edirlər bilirlər ki, bu vaxt gəlir. onlar buna mane olmaq üçün hər cür vasitəyə əl atırlar”.

 

 

Daxili savaş başlayır

 

 

Sasun Xaçaturyan isə telefon danışığının yayılmasını 2008-ci il 1 mart hadisələrinə dair istintaqa mane olmaq cəhdi adlandırıb. Bildirib ki, şəxsin icazəsi olmadan onun barəsində məlumatların toplanması, yayılması cinayətdir: "Biz xalqa oğurlanmış milyardları qaytarmağa çalışırıq, qatilləri onların sponsorlarını məsuliyyətə cəlb etmək istəyirik. Onlar edə bilərlər? Bu, bizi dayandırmağa yönəlmiş miskin cəhddir, amma inanın ki, biz dayanan deyilik öz işimizi görəcəyik”.

Eyni mövqeyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri də sərgiləyir. Artur Vanetsyan istefaya getməyə hazır olduğunu bəyan edərək bildirib: "Vəzifəyə böyük məsuliyyətlə gəlmişəm, görüləcək çox var. Lakin ictimaiyyət və ya siyasi rəhbərlik tələb irəli sürərsə, getməyə hazıram”.

O hesab edir ki, gizli səs yazısının yayılmasında məqsəd xüsusi xidmət orqanlarını zəiflətmək və 2008-ci ilin martında baş vermiş hadisələrin araşdırlmasının qarşısını almaqdır.

Beləliklə, son hadisələr Ermənistanda ictimai-siyasi proseslərin yeni gərgin mərhələyə qədəm qoyduğunu aydın nümayiş etdirir. Bu gərginlyin daxili savaşa yol açması belə, istisna olunmur.

 

Elçin CƏFƏROV

Azərbaycan.-2018.- 13 sentyabr.- S.1;7.