“Azərbaycan” bütün dövrlərin ən populyar və oxunaqlı qəzetidir

 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

 

"Azərbaycan” qəzetinin baş redaktoru

 

cənab Bəxtiyar Sadıqova

 

 

 

 

Hörmətli Bəxtiyar müəllim!

 

"Azərbaycan” qəzetinin 100 illik yubileyi münasibəti ilə qəzetin kollektivini və şəxsən Sizi ürəkdən təbrik edir, ən səmimi hisslərimi, xoş arzularımı və ehtiramımı bildirirəm.

Ötən 100 il Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 1918-ci il sentyabr ayının 15-də ilk nömrəsi çapdan çıxan, Azərbaycan Xalq Cümhuriyyətinin yaşıdı və inkişafının şahidi olan, onunla eyni taleyi yaşamış "Azərbaycan” qəzetinin nəşri dövründə günbəgün onun səhifələrində öz əksini tapmışdır.

Bütün bu, bəzən ölkəmiz üçün çox mürəkkəb onilliklər ərzində yüz minlərlə oxucuya "Azərbaycan” qəzeti əsas və nüfuzlu informasiya mənbəyi olmuşdur.

Dövlət ideologiyasını təbliğ edən, rəsmi dövlət qəzeti statusunu qazanmış, siyasət, iqtisadiyyat, təhsil məsələlərindən, paytaxtdaucqar regionlarda sosial-mədəni, sosial təminat, bankpensiya məsələlərindən tutmuş, bütün mövzularda yazan "Azərbaycan” qəzeti ölkənin ən kütləvi qəzetidir.

Görünüşü və dizaynı dəyişsə də, işə məsuliyyəti, səriştəsi, yüksək jurnalist mədəniyyəti və etikası dəyişməz qalan qəzetin əməkdaşlarının respublikanın həyatında baş verən mühüm hadisələrə canıyananlıqla, vətən qarşısında borcuna peşəkarlıqla xidməti "Azərbaycan”ı fərqləndirən əsas meyardır.

Qəzet öz inkişafı boyu nəsil-nəsil peşəkar jurnalistlər yetişdirmiş, mühüm və dəqiq məlumat mənbəyi olmaqla yanaşı, həm də ölkədə obyektiv informasiya mühitinin yaranmasına töhfə vermişdir.

"Azərbaycan” qəzetində, rəsmi dövlət qəzetində belə yazılıb” - bu cümlə, hər hansı problemin həlli üçün müxtəlif instansiyalara müraciət edən vətəndaşların ən əsas arqumentidir.

Bütöv bir əsr boyu bütün dövrlərin ən populyar və oxunaqlı qəzeti olan "Azərbaycan” qəzetində ölkədə görülən işlər və qarşıda duran vəzifələr barədə ciddi analitik, həm də publisistik yazılar, məqalə, reportaj, müsahibə və xəbərlər ölkə vətəndaşlarına düzgün məlumat çatdırmaqla yerlərdə ictimai rəyin formalaşmasında aktiv rol oynayır, ölkəmizi dəyişməyə, inkişaf etməyə, daha da gözəlləşdirməyə kömək edir.

 

Hörmətli Bəxtiyar müəllim!

 

Sizi və "Azərbaycan” qəzetinin bütün əməkdaşlarını bu əlamətdar gün münasibətilə bir daha ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, gələcək fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Vüqar GÜLMƏMMƏDOV,

Azərbaycan Respublikasının Hesablama Palatasının sədri

Azərbaycan.-2018.- 15 sentyabr.- S.8.