100 yaşı olan qəzetimiz - Azərbaycan qadın siyasətinin təbliğatçısı

 

Azərbaycanın dövlət müstəqilliyinin yol yoldaşı kimi tanınan "Azərbaycan” qəzeti xalqımızın milli oyanışında çox mühüm rol oynayıb və Xalq Cümhuriyyəti tarixinin öyrənilməsində ilk mənbə kimi xüsusi əhəmiyyət kəsb edib.

Ölkəmizdə baş verən bütün mühüm hadisələri, vacib informasiyaları, əlamətdar tarixləri, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti haqqında ətraflı məlumatları müntəzəm olaraq öz səhifələrində əks etdirən "Azərbaycan” qəzeti bu günlərdə 100 illik yubileyini qeyd etməyin sevincini yaşayır. Daim həqiqətin carçısı olan, dolğun mövzular təqdim edən, özünəməxsus yaradıcılıq ənənələri ilə seçilən, xalqın qəzeti olan bu mətbu nəşr fəaliyyətini Azərbaycan hökumətinə və xalqına sadiqlik meyarları üzərində quraraq, dərin rəğbət qazanmışdır.

Qəzetdə Azərbaycanın tarixinə, mədəniyyətinə, maarifinə, siyasi vəziyyətinə dair silsilə məqalələr dərc olunurdu. Xüsusi ilə də qadın və uşaq hüquqlarının müdafiəsi, onların təhsilə cəlb olunması, qadınlara müxtəlif peşələrin öyrədilməsi ilə bağlı mütəmadi yazılar nəşr edilirdi. "Azərbaycan” qəzetinin səhifələrində Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli, Xəlil İbrahim, Fərhad Ağazadə, Hacı İbrahim Qasımov, Məhəmməd ağa Şahtaxtlı, Adil xan Ziyadxanov, Əlabbas Müznib, Şəfiqə Əfəndizadənin və digər maarifçi ziyalıların bu məsələlərə həsr edilən məqalələri çap olunurdu. Şəfiqə xanım Əfəndizadə bu dövrün xanım publisistləri arasında qabaqcıl sırada dayanırdı. Onun "Azərbaycan” qəzetinin (1918-1920-ci illərdə çap olunan) az qala hər nömrəsində publisistik məqalələri çap olunurdu. Qadın hüquqsuzluğunun aradan qaldırılmasının əsas həllini maariflənmədə görən Şəfiqə Əfəndizadə yazırdı ki, "bir millətin tərəqqisinin göstəricisi, o millətin qadınıdır, buna görə də qadınlar təhsil almalı, maariflənməlidirlər”. O, maariflə, dövlət quruculuğu ilə bağlı məqalələrində dövrün problemlərini qabarıq şəkildə irəli sürürdü və onların həlli yollarını araşdırırdı. Şəfiqə xanım həm də pedaqoq idi. Bir publisist kimi maariflə bağlı yazılarında toxunduğu nöqsanların aradan qaldırılmasının yollarını da göstərirdi. Bilirdi ki, hansı üsullarla xalqı maariflənməyə cəlb etmək, yenilikçiliyi necə xalqa təlqin etmək olar. Şəfiqə Əfəndizadə cümhuriyyət dövründə "Azərbaycan” qəzetinin ən fəal qadın yazarlarının birincisi idi.

Təəssüf hissi ilə deməliyik ki, AXC-nin süqutu ilə birgə "Azərbaycan” qəzeti də öz fəaliyyətini dayandırmışdı. Dövlət müstəqilliyini yenidən qazandıqdan sonra özünəməxsus dəst-xətti, aydın və prinsipial mövqeyi ilə seçilmiş, yarandığı gündən xalqın müstəqillik, azadlıq ideallarının tərənnümçüsü, təbliğatçısı kimi cəmiyyətdə böyük nüfuz qazanan "Azərbaycan” qəzeti də fəaliyyətini bərpa etmişdir. Bu zaman müstəqil həyatın bir çox sahələrində olduğu kimi, mətbuatın inkişafında da dönüş yaranmışdı, siyasi plüralizmsöz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirilmişdi. "Azərbaycan” qəzeti ölkənin ictimai-siyasi həyatını dolğun işıqlandırmağa başlamışdı. Ümummilli lider Heydər Əliyev "Azərbaycan” qəzetinin kollektivinin fəaliyyətini hər zaman yüksək qiymətləndirmişdir. Qəzet həmişə olduğu kimi, indidövri mətbuatın önündə gedir, milli təfəkkürün formalaşmasında, müstəqillik ideyalarının təbliğində mühüm xidmətlər göstərir.

"Azərbaycan” qəzeti çoxşaxəli fəaliyyəti ilə özünə daim müxtəlif düşüncəli, fərqli baxış və dünyagörüşləri olan yaradıcı insanları ətrafına cəlb etməyi bacarmışdır. Xüsusən də ziyalıların hər zaman stolundan əksik olmayan qəzet bütün maraqlı tərəfləri bir araya gətirməyin öhdəsindən bacarıqla gəlmişdir. Vətəndaşların maariflənməsi istiqamətində qəzetin fəaliyyəti danılmazdır. Bu mətbu nəşrin səhifələrində insan hüquq və azadlıqlarının təminatı ilə bağlı daim maarifləndirici materiallar çap olunur. Xüsusən də qadın və uşaq hüquqlarının müdafiəsi istiqamətində qəbul edilən mühüm qanunlara, qərarlara, həyata keçirilən geniş tədbir və layihələrə qəzetin səhifələrində geniş yer ayrılır. Hər bir cəmiyyətin inkişafı onun vətəndaşına göstərdiyi diqqətdən asılıdır. Müstəqil Azərbaycan Respublikasında hər bir vətəndaşın hüquq və azadlıqlarının təmin edilməsi, xüsusilə qadın və uşaq hüquqlarının müdafiəsi üçün bütün imkanlar yaradılmışdır.

Ötən müddət ərzində müasir inkişaf dövrünü yaşayan Azərbaycanda çox mühüm dəyişikliklər, gözəçarpan yüksəliş baş vermişdir. Prezident İlham Əliyevin uğurlu dövlət idarəçiliyi, onun başçılığı ilə aparılan sistemli islahatlar, bölgələrin inkişafına yönəldilən sosial-iqtisadi proqramlar ailələrin, o cümlədən qadın və uşaqların yaşayışına müsbət təsir göstərir. Cənab İlham Əliyev həmişə qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların maraqları dayanır. Və biz ölkə rəhbərinin fəaliyyətində bunun əyani təsdiqini görürük. Güclü dövlətçilik siyasəti nəticəsində Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman kimi sahələrdə dinamik sürətlə inkişaf edir. Dövlət başçısının rəhbərliyi ilə vətəndaşlarımız, xüsusən də qadın və uşaqlar üçün uyğun şəraitin yaradılması, məşğulluq, sağlamlıq, təhsil və sosial siyasət sahəsində gender bərabərliyinin inkişaf etdirilməsi yönümündə mühüm işlər görülmüşdür. Həssas sosial təbəqələrin, o cümlədən kəndli qadınların, qaçqın və məcburi köçkün, həmçinin aztəminatlı və çoxuşaqlı ailələrin vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bütövlükdə, ailələrin sosial rifahını yüksəltmək, xüsusilə qadın və uşaqların sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün hökumət mütəmadi olaraq, zəruri tədbirlər həyata keçirir. "Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün”, "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2017-2020-ci illər üçün” dövlət proqramları təsdiq edilmişdir.Ailə quranların nikahdan əvvəl məcburi tibbi müayinədən keçməsi ilə bağlı Ailə Məcəlləsinə edilən dəyişiklik isə həm ailələrin, həm də gələcək nəsillərin sağlamlığına xidmət edir. Uşaqların təhsildən yayınması, əməyə cəlb edilməsi və onların məruz qaldığı digər sosial-psixoloji problemlər valideyn məsuliyyətinin artırılmasını zəruri edir. Bütün bu və digər məsələlər nəzərə alınaraq, Azərbaycan Respublikası Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanunlar qəbul edilmişdir. Atılan mühüm addımlar nəticəsində ailələrin sayının artması erkən nikahların, ana ölümünün, məişət zorakılığı faktlarının sayının azalmasına nail olunub. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlətimiz tərəfindən bütün qüvvələr səfərbər edilmişdir. Prezident İlham Əliyev və respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın konkret tapşırıqları əsasında onlar üçün yaşayış binalarının inşası, eyni zamanda, cəbhə bölgələrində ziyan dəymiş evlərin, sosial obyektlərin tikinti-bərpa və təmir işləri aparılır. Bu günə qədər 265 min məcburi köçkün yeni evlər və mənzillərlə təmin edilib. Hərbi sənayenin inkişafı, ordumuzun gündən-günə güclənməsi, erməni işğalçılarından azad edilmiş Cocuq Mərcanlının yenidən qurulması insanlarda torpaqlarımızın azad edilməsi inamını daha da artırır. Xüsusilə, bu qəsəbənin sakinlərinin ictimai-siyasi həyata inteqrasiya edilməsi istiqamətində keçirilən tədbirlər, təşkil olunan görüşlər əhalidə böyük ruh yüksəkliyi yaradır. Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı işlərin sadəcə bir hissəsidir. Müasir dövrdə qadınlarımızın ölkə həyatında rolunu yüksək qiymətləndirən Prezident İlham Əliyev demişdir: "Əminəm ki, cəmiyyət qarşısında öz məsuliyyətinin bütün dərinliyini dərk edən Azərbaycan qadını bundan sonra da müstəqil respublikamızın tərəqqisinə böyük töhfələr verəcəkdir”. Prezidentin 2006-cı il 6 fevral tarixli fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaradılması bu fikrin əməli təcəssümüdür.

Azərbaycanda qadınların ictimai fəallığının çox gözəl nümunələri mövcuddur. Hələ XX əsrin əvvəllərində o vaxtın qabaqcıl qadınları kifayət qədər düşünülmüş formada, belə demək mümkünsə, yeni gender münasibətlərinin kontekstini yaradırdılar. "Qadın bir şəxsiyyət kimi azad olmayınca onun problemləri həll olunmaz qalacaq!” ideyasını irəli sürürdülər. Zaman keçdikcə bu deviz reallığa çevrildi və Azərbaycan qadını 100 il bundan əvvəl müsəlman Şərqində ilk dəfə olaraq seçkilərdə iştirak etmək hüququ qazandı. Halbuki həmin dövrdə seçki sahəsində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta Avropa dövlətlərinin əksəriyyətində hələ öz həllini tapmamışdı. Azərbaycan qadını öz fəaliyyətini maarifçilik və xeyriyyəçilik ideyalarının yayılmasından başlayaraq, mədəni, dini, milli-mənəvi dəyər və ənənələri də nəzərə almaqla davam etdirir. Bu qadınlar bütün tarixi dövrlərdə fəallıq göstərərək cəmiyyətimizin dinamik inkişafına öz töhfələrini vermişlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər də var. Qadınların cəmiyyətdəki yerirolunun mühüm göstəricisi onların müxtəlif dövlət vəzifələrini tutmaları və ümumiyyətlə, aktiv əmək fəaliyyəti ilə məşğul olmalarıdır. Hazırda qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Sərbəst təhsil almaqla, fiziki hazırlıqlarını inkişaf etdirməklə, peşəkarlıq səviyyələrini artırmaqla bərabər, cəmiyyətin qurucusu kimi ictimai-siyasi proseslərin fəal iştirakçısına çevrilirlər. Azərbaycan qadınları təşkilatlanaraq rastlaşdıqları problemləri müzakirə edir, bu istiqamətdə gələcəkdə görüləcək məsələləri dövlət və cəmiyyət qarşısında qaldırırlar. Bu baxımdan Azərbaycan qadınlarının qurultayları ölkədə qadın hərəkatının fəallaşmasının təsdiqidir. 1998-ci, 2003-cü, 2008-ci və 2013-cü illərdə keçirilən Azərbaycan qadınlarının qurultayları "Azərbaycan” qəzetində geniş işıqlandırılmış, qadınlarımızın uğur və nailiyyətləri ictimaiyyətə çatdırılmışdır. Bu il də keçirilən Azərbaycan Qadınlarının V Forumu "Azərbaycan” qəzetinin səhifələrində operativdolğun şəkildə öz əksini tapmışdır. Forumda ölkə rəhbəri və Birinci vitse-prezidentin qadınlara təbrik məktubları böyük rəğbətlə qarşılanmışdır.

Prezident dövlətimizin, millətimizin gələcəyi olan balalarımızın rifahını bir an belə nəzərindən qaçırmır. Uşaq hüquqlarının müdafiəsi istiqamətində ölkə rəhbəri tərəfindən çox mühüm işlər görülmüşdür. Möhtərəm PrezidentinBirinci vitse-prezidentin uşaqlara göstərdikləri qayğı dövlət orqanlarının və vətəndaş cəmiyyətinin diqqətini onlara daha da artırmışdır. 2009-cu ili "Uşaq ilielan etməsi isə uşaqlarla bağlı məsələlərə bütün dövlət və qeyri-dövlət qurumlarının daha geniş spektrdən baxmalarına səbəb oldu. 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nın təsdiq edilməsi bu sahədə aparılan işləri daha da gücləndirmişdir. Dövlət müəssisələrində uşaqların qidalanma, nəzarət, təhlükəsizlik, zorakılığa məruz qalma və digər məsələlərlə bağlı monitorinq aparılır. Bütün məlumatlar komitədə ümumiləşdirilir, tövsiyələr hazırlanır və Nazirlər Kabinetinə çatdırılır. Həmin tövsiyələr əsasında təlim-tərbiyə müəssisələrində şərait standartlara uyğunlaşdırılır, mütəxəssislər üçün yeni təlimlər keçirilir. 2009-2017-ci illər ərzində 4 ümumrespublika uşaq forumu keçirilib. Ölkə rəhbərinin forum iştirakçılarına etdiyi müraciət isə ölkədə uşaq siyasətinin reallaşdırılmasında dövlətin və onun başçısının diqqətinin və qayğısının göstəricisidir. Qeyd edək ki, hər bir forumda səslənən təkliflərin əksəriyyəti həyata keçirilmişdir. Və bu, dövlətimizin hər bir vətəndaşına - istər uşaq, istərsə də böyük olsun, hamıya yüksək diqqətinin bariz nümunəsidir. Uşaqların bilik və bacarıqlarının inkişafına önəm verən "Azərbaycan” qəzeti də bu məsələlərin işıqlandırılmasına geniş yer ayırır.

Öz uğurlu fəaliyyəti və özünə xas keyfiyyəti, prinsipləri ilə seçilən "Azərbaycan” qəzeti bu gün də ənənələrini layiqincə davam etdirir, mühüm informasiyaları operativ, dolğun və qərəzsiz şəkildə ictimaiyyətə çatdırır. Ailə, Qadın və Uşaq Problemləri ilə hər zaman yaxından əməkdaşlıq edən qəzet ailə , qadın və uşaq hüquqlarının müdafiəsinin təbliği istiqamətində geniş məqalələrə yer ayırmaqla, bu sahəyə göstərdiyi diqqəti bir daha sübut edir. Mütəmadi olaraq qəzetin səhifələrində çap olunan müvafiq mövzulu materiallar yaxın əməkdaşlığımızın göstəricisidir. Əminik ki, bundan sonra da birgə fəaliyyətimiz müvəffəqiyyətlə davam edəcək və yeni-yeni layihələrə imza atacağıq.

 

Hicran HÜSEYNOVA,

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri

üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru, professor

Azərbaycan.-2018.- 16 sentyabr.- S.9.