Oğuzda abadlıq işləri genişlənir

 

Dövlət proqramları bu məkanın da hərtərəfli inkişafında əsaslı rol oynayır

 

 

Regionların sosial-iqtisadi inkişafına yönəldilmiş Üçüncü Dövlət Proqramının icrası istiqamətində hər yerdə olduğu kimi, Oğuzda da əhəmiyyətli tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin 27 fevral 2014-cü il tarixli fərmanı ilə qəbul olunan bu proqrama Oğuz ilə bağlı 13 maddə daxil edilib.

Nəzərdə tutulmuş tədbirlərdə ərzaq təhlükəsizliyinin təmin olunması vacib məqamlardandır. Buna uyğun olaraq rayonda südlük və ətlik istiqamətli cins mal-qara yetişdirilməsi işləri davam etdirilir. Mal-qaranın süni mayalandırılması işi səmərəli təşkil edilib və nəticədə ilin ötən dövründə 537 baş buzov alınıb. "AqrolizinqASC-nin Oğuz Aqroservis filialı kənd təsərrüfatı texnikası ilə təmin edilib.

İnfrastruktur layihələrinin icrası da diqqətdədir. Yerli əhəmiyyətli avtomobil yollarının inşası, əsaslı təmiri və körpülərin tikintisi davam etdirilir. Bu istiqamətdə işlər ilin əvvəlindən tərtib edilmiş plan üzrə aparılır. Bucaq-Muxas-Baş Daşağıl və Oğuz-Xaldan avtomobil yollarının əsaslı təmirinə başlanıb. Hər iki yola qum-çınqıl döşənir, işlər qrafikə uyğun davam etdirilir.

Rayonun elektrik enerjisi təminatının, istilikqaz təchizatının, rabitə və informasiya xidmətlərinin yaxşılaşdırılması sahəsində müvafiq işlər görülür. Oğuz şəhərində, Xaçmaz, Xalxal, Baş Daşağıl, Muxas, Bucaq kəndlərində 10 və 0,4 kilovoltluq kabel xətlərinin çəkilişi davam etdirilir. 88 ədəd yeni kompleks transformator məntəqəsi (KTM) sxemə qoşulub. 7 ədəd 10/04 kilovoltluq yarımstansiya cari təmir edilib. 35/10 kilovoltluq 20 MVA gücündə "Oğuz” yarımstansiyası tikilərək istismara verilib. 3075 ədəd sayğac dəsti yeni elektron tipli sayğac dəsti ilə əvəz olunub.

Xaçmazqışlaq kəndində 142 abonentin təbii qazla normal təmin edilməsi üçün qaztənzimləyici quraşdırılıb. Top və Zərrab kəndlərinə də qaz xətləri çəkilib.

Qeyri-neft sektorunun prioritet seçilməsi səbəbindən rayonda torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsi də davam etdirilir. 2018-ci ildə Bucaq, Sincan, Top, Padar, Kərimli, Xaçmaz kəndlərində subartezian quyularının qazılması üçün yerlər müəyyənləşdirilib.

Sel sularından mühafizə tədbirlərinin həyata keçirilməsi sahəsində də zəruri qabaqlayıcı tədbirlər görülüb. Oğuzçay, Daşağılçay, Xalxalçay, Türyançay sistemlərində daşqın və selə qarşı mübarizə məqsədi ilə çay məcralarında ekskavator və buldozerlər vasitəsi ilə tənzimləmə işləri aparılıb. Oğuzçay sistemində Oğuz şəhərini mühafizə edən daş-beton bəndlər təmir edilib. Türyançay sistemində Mollalı kəndinin və əkin sahələrinin, Qala çay sistemində Yemişanlı, Filfili, Xaçmaz, Dəymədağlı, Sincan kəndlərinin və əkin sahələrinin sel sularından qorunması məqsədi ilə qum-çınqıldan mühafizə bəndləri quraşdırılıb.

2018-ci ildə Xaçmaz, Sincan, Dəymədağlı, Tərkeş kəndlərində tütün əkini ilə əlaqədar yeni suvarma arxları qazılıb. Qoz, fındıq bağlarına suvarma suyu verilməsi üçün yeni arxlar çəkilib, mövcud olanlar lildən təmizlənməklə bərpa edilib.

Oğuz şəhərində iki körpələr evi-uşaq bağçasının tikintisi, Padar kənd tam orta məktəbində əsaslı təmir və bərpa işləri aparılır. Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq kəndlərində yeni modul tipli məktəblərin inşası nəzərdə tutulub.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi də diqqət mərkəzindədir. Aztəminatlı ailələrin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün Oğuz şəhərində çoxmənzilli binaların tikintisi məqsədi ilə torpaq sahəsi ayrılıb. Turizmin inkişafı məqsədi ilə müvafiq qurumlar tərəfindən işlər aparılır.

2018-ci ilin əvvəlindən Oğuz şəhərinin 6 küçəsində səkilərdə qum-çinqıl qatının hazırlanması, beton səki daşlarının düzülməsi və tamet tavaların döşənməsi üzrə smeta sənədləri hazırlanıb. İndiyədək 3 küçədə ümumilikdə 276 kubmetr qum-çinqıl qatının hazırlanması, 1920 metr beton səki daşlarının düzülməsi və 1400 kvadratmetr sahədə tamet tavaların döşənməsi işləri yerinə yetirilib.

Həmçinin şəhərin 15 küçəsində ümümilikdə 16 min 270 kvadratmetrin abadlaşdırılması üçün smeta sənədləri hazırlanıb və indiyədək həmin küçələrdə ümumilikdə 4364 kubmetr qum-çinqıl qatının, 14 min 715 kvadratmetr ərazidə qırmadaş əsasın hazırlanması işləri yerinə yetirilib.

Oğuz şəhərində Nəriman Nərimanov küçəsi 26A və 26B nömrəli ictimai yaşayış binalarında dam örtüyünün, fasadgiriş bloklarının təmiri işləri yerinə yetirilib. Zərifə Əliyeva küçəsi 13 nömrəli, 3 bloklu, 2 mərtəbəli ictimai yaşayış binasında dam örtüyünün təmiri işlərinə başlanıb və yaxın vaxtlarda işlər başa çatdırılaraq sakinlərin istifadəsinə veriləcək.

İlin ötən dövründə rayonda hamısı daimi olmaqla 110 yeni yeri açılıb. Onlardan 3-ü mövcud müəssisə və təşkilatlarda, 107-si fiziki şəxslərin fəaliyyəti nəticəsində yaradılıb.

İlin birinci yarısında ailə kəndli və ev təsərrüfatlarında 69 yaşayış evi tikilib istifadəyə verilib. İstifadəyə verilmiş fərdi yaşayış evlərinin dəyəri təxminən 2,13 milyon manat təşkil edib.

Oğuzda əvvəlki illərdə olduğu kimi, sərmayə qoyuluşları davam edib. Cari dövrdə bütün maliyyə mənbələri hesabına əsas kapitala 13531,4 min manatlıq investisiya yönəldilib. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 11715,6 min manat (7,4 dəfə) çoxdur. Həmin investisiyaların da 84,2 faizi istehsal təyinatlı, 15,8 faizi qeyri-istehsal təyinatlı obyektlərin inşasına istifadə edilib.

 

 

Əli SƏLİMOV

Azərbaycan.-2018.- 16 sentyabr.- S.11.