ƏSGƏRLƏR ATASI

 

 

Əsgər Heydər İlham oğlu, - "Vətənim Azərbaycana və onun xalqına sadiq olacağıma and içirəm” deyərək - ulu öndər HEYDƏR ƏLİYEVin qurucusu olduğu Silahlı Qüvvələrdə hərbi xidmətə başladı

 

 

İlham Əliyev sadə və təvazökar həyat tərzi, həmçinin siyasətçilərin, elə əksər prezidentlərin istifadə etdikləri üsullardan - kütləyə ünvanlanan, onun hislərini manipulyasiya edən davranışlardan daim uzaq durmasıyla hər zaman fərqlənib...

Bu, liderimizin xarakterik xüsusiyyətlərindəndir və bunu bilməyən də yoxdur...

Amma ötən həftə sonu baş verən daha bir xoş məqamla İlham Əliyev hər kəsi yenidən təəccübləndirdi...

Oğlu - müstəqil dövlətimizin qurucusunun şərəfli adını yaşadan Heydər Əliyev sən demə, xeyli müddət imiş hərbi xidmətə başlayıbmış...

Və yalnız iki gün öncə ictimaiyyət andiçmə mərasimi ilə bu hadisədən xəbər tutdu.

Bəli, Azərbaycanın dövlət başçısı övladının əsgərlik dövrünü siyasi şouya çevirməkdən çox-çox uzaqdır, o, bunu oğlunun və ailəsinin vətən, dövlət, xalq qarşısından borcu kimi qəbul edir!

 

Burda ödənən bir borc da var...

Heydərin Heydər Əliyev qarşısında - onun adı, irsi, yolu qarşısında vəfa borcu...

Elə bu mənzərədən ən çox sevinən, rahatlıq tapanlar sırasında yəqin ki, ulu öndərin əbədiyaşar ruhu da var idi...

 

***

 

Tarixdə qanlı savaşlardan keçərək dövləti quran, sonra da bu dövləti onilliklərlə, əsrlərlə yaşadan, təhlükələrdən sovuşduran, onun qüdrətini təmin edən ailə şəcərələri yetərincədir...

Bu şəcərələr həmin xalqların dövlətlərin, - istər Avropa, istər Amerika, istərsə Asiya bölgəsi olsun, - iftixar mənbəyi olur, tarixlərinin şərəf səhifəsinin müəlliflərinə çevrilirlər...

Bu şanlı silsiləyə Azərbaycan adını da həkk etdirən, talelərini millətin dövlətin taleyinə çevirən Əliyevlər var...

Heydər Əliyev əgər dağılan, parçalanan dövlətinə Qurtuluş, xalqına isə yüksəliş bəxş etmişdisə, İlham Əliyev tarixin ən qüdrətli Azərbaycanını yaratdı...

Babasının, atasının qurduğu, yaşatdığı dövlətə xidmət missiyasına Heydər bu gənc yaşından imza atır...

On minlərlə həmyaşıdı kimi, - buna tam hüquqi mənəvi haqqı olsa da! - təhsilini davam etdirmədi, ən kiçik, amma ən şərəfli səviyyədən - əsgər ranqından Azərbaycana xidmət missiyasına başladı...

Əliyevlər bax, budur - amallarının, məramlarının, niyyətlərinin müqəddəsliyi, saflığı ilə...

Daim vətənin keşiyindədirlər, istər siyasət meydanı olsun, istər hərbi kazarma...

İstər komandan olsunlar, istər əsgər...

 

***

 

Heydər general nəvəsi, baş komandan oğlu olsa da, sərkərdələr ocağından çıxsa da, on minlərlə əsgərdən biri kimi, sıradan vətəndaş tək hərbi xidmətə başlayır tam bir il ərzində heç kəsdən fərqlənmədən əsgərliyini çəkəcəkdir.

Elə hərbi xidmətin ilk günündə bu, əyani nümayiş edildi. Prezident ailəsi digər əsgərlərin valideynləri ilə bərabər əyləşdi, onlarla birgə övladlarının hərbi and içmələrini sıra keçidlərini heç bir müstəsnalıq ifadə etməyən təvazökar davranışları ilə izlədilər...

Digər valideynlər kimi Əliyevlər qürurlu, həm kövrək idilər...

Analar göz yaşlarını gizlədə bilmirlər, bu dəfə həssas idilər...

Atalar hisslərinə qədər güc gəlsələr , onların da fəxr qarışıq kövrəkliklərini sezməmək mümkün deyildi...

Zatən komandanlıq etdiyi müzəffər ordusunun hər paradında İlham Əliyevin bu halını görürük: duyduğu iftixardan vüqarı yüksəlir, qürurlanır.

Şübhəsiz, bu dəfə onu riqqətə gətirən tək bir əsgər deyildi...

Vətənə sədaqətlə, şərəflə xidmət edəcəyinə and içən onlarla gəncin mübariz, mətin duruşları, şux yerişləri, özlərinə, dövlətlərinə, komandanlarına inamları idi..

 

***

 

Millət atası fərd atası olmur!..

Əsl Komandanın da ordusunda ön cərgədə məhz övladı yürüyür...

İlham Heydər oğlu kimi...

Heydər İlham oğlu kimi...

 

***

 

O, əsgər atasıdır...

Amma yalnız əsgər Heydərin atası deyil...

On minlərlə əsgərin - heydərlərin, məmmədlərin, əlilərin, cəfərlərin... atasıdır...

Həm Komandanıdır...

O, Qarabağ boyu uzanıb qəlb göynərtimizə çevrilən, vətənin yaralı torpaqları ilə bizi ayıran səngərləri qarış-qarış dolaşır...

Ən ucqar, ən yüksək, ən təhlükəli, ən çox atəş hədəfində olan ön xətlərdə Komandan kimi hərbi raport dinləyir, ardından da ata kimi bu əsgərləri qucaqlayır, bağrına basır, bir süfrəyə oturur, eyni xörəkdən yeyir...

O, 16 ildir əsgər atasıdır, əsgərlər atasıdır!

İnanırıq ki, Heydər Əliyevin min bir fədakarlıqla qurduğu müzəffər ordunun əsgəri olan Heydərin, digər silahdaşları ilə bərabər Ali Baş Komandan İlham Əliyevə Ağdamda, Şuşada, Xankəndində tezliklə qələbə raportu verəcəyi günuzaqda deyil...

Ali Baş Komandanı yüksəldən məqamlardan biri də hər bir əsgərə öz övladı kimi baxmasıdır.

Tanrı bütün əsgər balalarımızı qorusun, onlara zəfər bayrağı daşımağı nəsib etsin!

 

 

İxtiyar HÜSEYNLİ

Azərbaycan.-2018.- 17sentyabr.- S.1.