Xalq Cümhuriyyəti Parlamentinin təhsil siyasəti

 

Azərbaycan Xalq Cümhuriyyəti öz fəaliyyətində milli mədəniyyətin: təhsilin, ədəbiyyat və incəsənətin inkişaf etdirilməsinə də xüsusi diqqət yetirmişdir. Faktlar Azərbaycan Parlamenti və hökumətinin sosial-mədəni sahənin köklü inkişaf etdirilməsi üçün sistemli və məqsədyönlü şəkildə aparıldığına dəlalət edir. Xüsusilə, dağıdılmış məktəblər şəbəkəsinin bərpa edilməsi, onların yeni şəraitə uyğunlaşdırılması, təhsil müəssisələrinin milliləşdirilməsi, milli incəsənətə kömək göstərilməsi üzrə hökumət tərəfindən mühüm tədbirlər görülürdü.

1918-ci ilin mayında müstəqil dövlətin ilk Xalq Maarif Nazirliyi yaradılmış, o dövrün görkəmli ictimai-siyasi xadimi Nəsib bəy Yusifbəyli nazir vəzifəsinə təyin edilmişdir. 1919-cu ilin martında maarif naziri vəzifəsini R.Kaplanov, 1919-cu il dekabrın 24-dən Həmid bəy Şaxtaxtinski, daha sonra isə Nurməmməd bəy Şahsuvarov icra etmişdir.

Hökumətin təhsil, maarif, elm və mədəniyyətin inkişafı sahəsində ayrıca dövlət proqramı olmasa da, parlament tərəfindən maarif, təhsil üzrə xüsusi çərçivə qanun qəbul edilməsə də, kabinetlərin hökumət başçılarının parlamentə təqdim etdikləri platforma və hökumət proqramlarında təhsil, maarif, mədəniyyət sahəsində aparılacaq islahatlara, görüləcək hökumət tədbirlərinə ayrıca yer verilmişdi.

Qeyd etmək lazımdır ki, cümhuriyyətin yaranması ərəfəsində sosial-mədəni sahədə acınacaqlı vəziyyət hökm sürürdü. Əgər 1914-cü ildə Azərbaycanda bütün tiplərdən olan 976 məktəb var idisə və bunlarda 73,1 min şagird təhsil alırdısa, 1919-1920-ci təhsil ilində cəmi 643 ibtidai və 23 orta məktəb fəaliyyət göstərirdi. İbtidai məktəblərdə 48078, orta məktəblərdə isə 9611 şagird təhsil alırdı. Mövcud vəziyyət ölkə miqyasında aşağı göstərici kimi qiymətləndirilirdi. Bu baxımdan parlamentdə qəbul olunan qərarlar və hökumətin qarşısında duran əsas vəzifələr birbaşa məktəb sistemini bu bəladan xilas etməyə, maarif sisteminin işini milli mənafelərə, dövlətçiliyin tələblərinə uyğun vəziyyətə gətirməyə yönəldilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin ikinci kabinetinin Azərbaycan xalqına ünvanlamış olduğu 17 iyun 1918-ci il tarixli müraciətində deyilirdi ki, hökumətin yaxın dövrdə həyata keçirəcəyi tədbirlərdən birixalq maarifinin və təhsil müəssisələrinin milliləşdirilməsi, maarif ocaqlarında təhsilin ana dilində aparılması, anadilli məktəblər şəbəkəsinin genişləndirilməsi olacaqdır. Eyni zamanda, müraciətdə bu da xüsusi olaraq vurğulanırdı ki, təhsildə milliləşmə prosesi tədrici yolla, mərhələlərlə həyata keçiriləcəkdir. Milli hökumət bu müraciətdən sonra Xalq MaarifiDini Etiqadlar Nazirliyinin strukturunu və idarəetmə sistemini təsdiq etdi və ölkədə fəaliyyət göstərən bütün maarif ocaqları, məktəblər onun tabeliyinə verildi. Hökumətin qərarı ilə Azərbaycanda həmin nazirliyin tabeliyində mövcud məktəblər saxlanılmaqla 10 bölgədə yeni xalq məktəbləri müfəttişliyi yaradıldı və regionlardakı təhsil müəssisələrinin fəaliyyətinə nəzarət onlara tapşırıldı.

Azərbaycan Xalq Cümhuriyyətinin maarif, təhsil müəssisələrinin milliləşdirilməsi sahəsində ilk tədbirlərdən biri Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin Azərbaycana köçürülməsi haqqında 22 iyun 1918-ci il tarixli qərar oldu. Bu şöbənin bazasında Qazax Müəllimlər Seminariyası yaradıldı.

Hökumət 27 iyun 1918-ci il "Türk (Azərbaycan) dilinin dövlət dili elan edilməsi haqqında” qərar qəbul etdi. Bu qərarla Azərbaycan türkcəsi AXC-nin dövlət dili elan edilirbütün dövlət orqanları, məhkəmə, təhsil müəssisələri və digər inzibati qurumlarda bu dildən istifadə edilməsi tələb olunurdu. Lakin ölkədə idarəetmə orqanlarında dövlət dilində danışmağı və yazmağı bilən milli kadrlar çatışmırdı. Bu səbəbdən də hökumət həmin qərarla müstəsna hal kimi milli mütəxəssislər yetişdirənədək rəsmi yazışmalarda rus dilindən də istifadəyə icazə verir.

Baş nazir Fətəli Xan Xoyskinin imzaladığı "İbtidai, ali ibtidaiümumi orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında” 28 avqust 1918-ci il tarixli qərar ilə təhsildə milliləşdirmə sahəsində işlərə başlandı. Həmin qərarla müəyyən edilirdi ki, bütün ibtidai təhsil müəssisələrində təlim yalnız ana dilində aparılmalı, dövlət dili olan Azərbaycan türkcəsinin məktəblərdə tədrisi məcburi surətdə və intensiv qaydada olmalıdır. Həmçinin, bu qərarla ali ibtidaiümumi orta təhsil müəssisələrində də tədrisin dövlət dilində - Azərbaycan türkcəsində aparılması tələb olunurdu. Ali ibtidai məktəblərdə milliləşdirilmiş siniflərdə dövlət dilinin 1918-1919-cu illərin sonunadək intensiv tədrisi yolu ilə onlarda tədrisin 2 il ərzində yalnız dövlət dilində aparılmasına keçilməsi tələbi qoyulurdu. Bundan əlavə, həmin qərarla Azərbaycanda tədris rus və erməni dillərində aparılan məktəblər və siniflər ləğv edilirdi. Türk dili bütün məktəblərdə siniflərin hamısını əhatə etməklə tədris edilməyə başlandı və türk xalqlarının tarixi Rusiya tarixi fənnini əvəz etdi. Bir çox ibtidai məktəblərdə rus dili tədris dili kimi ləğv olundu.

AXC hökuməti təhsil müəssisələrinin milliləşdirilməsi ilə yanaşı, ölkədə yaşayan və azsaylı xalqların dil və mədəniyyətlərinin qorunub saxlanmasını və inkişaf etdirilməsini təmin etmək məqsədilə 1918-ci il sentyabrın 7-də xüsusi qərar qəbul etdi. Həmin qərarla müəyyən edilirdi ki, əgər sinifdə 10 nəfərdən çox azsaylı xalqın nümayəndəsi oxuyursa, onda onlara öz dillərində ana diliilahiyyatdan dərs keçilməlidir.

Milliləşdirmə siyasətinin doğura biləcəyi problemləri nəzərə alan hökumət 1918-ci ilin noyabrında öz qərarında müəyyən dəyişiklik etdi. Müəyyən edildi ki, yaşayış sahəsində cəmisi bir təhsil müəssisəsi varsa, yuxarı hazırlıq siniflərində tədrisin rus dilində aparıldığı paralel siniflər açılmalı, müəyyən yerlərdə eynitipli bir neçə tədris müəssisəsi olarsa, onların bir hissəsi milliləşdirilməli, qalanlarında isə dövlət dili məcburi fənn kimi keçilməklə tədris rusca aparılmalıdır. Eyni zamanda, həmin qərarla təlim rus dilində aparılan məktəblərdə dövlət dili - Azərbaycan türkcəsi məcburi fənn kimi tədris olunmalı idi.

Görülən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində 1919-cu ilin sonuna olan məlumatlara görə, Bakı politexnikkommersiya məktəbləri, iki kişiüç qız gimnaziyası istisna olmaqla bütün orta məktəblər milliləşdirilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin IV hökumət kabineti təhsilin məzmunu sahəsində islahatlar aparmaq, yeni dərsliklər hazırlamaq məqsədilə komissiyalar yaradılacağını parlamentə təqdim etdiyi hökumət proqramında xüsusi olaraq vurğulayırdı. Bu sahədə ən uğurlu addım ümumtəhsil məktəblərində, həmçinin realnı məktəb, gimnaziya və seminariyaların tədris planlarına məcburi və əsas fənlər sırasına "Türk xalqları tarixikursunun salınması olur. Həmin kursa dair proqramgeniş şərhlər hazırlanıb tədris müəssisələrinin istifadəsinə verilir.

Azərbaycan hökuməti ana dilində dərslik hazırlayan komissiyalara dövlət büdcəsindən ayrıca vəsait ayrılması barədə qərar da qəbul etmişdi. Eyni zamanda, bir sıra yeni dərsliklər də hazırlandı ki, bu işdə görkəmli maarifçilərdən Səməd bəy Acalov, Mahmud bəy Mahmudbəyov, Fərhad Ağazadə, Ağabəy İsrafilbəyov, Abdulla Şaiq, Hüseyn Cavid, Abdulla bəy Əfəndizadə, Qafur Rəşad Mirzəzadə, Firudin bəy Köçərli və başqalarının xidmətlərini qeyd etmək lazımdır.

1919-cu ildə "Son Türk əlifbası”, "Türk çələngi”, "Ədəbiyyat dərsləri”, "Müntəxəbat”, "Rəhbəri-sərf”, "Təzə elmi-hesab”, "Yeni məktəb”, "Tarixi-təbii” kimi yeni dərsliklər hazırlandı. Komissiyalar tərəfindən ümumi tarix, ümumi türk tarixi, coğrafiya, türk (Azərbaycan) dili və ədəbiyyatı, riyaziyyat, ilahiyyat və digər fənlər üzrə proqramlar işləndi. Azərbaycan hökuməti dərslik sahəsində bütün məsələləri tez bir zamanda həll etmək iqtidarında deyildi. Buna görə də hökumət 22 iyun 1918-ci il tarixli qərarı ilə görkəmli publisist, siyasi xadim, fikir adamı Əhməd bəy Ağayevi Azərbaycan məktəbləri üçün dərslik tədarükü görmək və müəllimlər dəvət etmək üçün Türkiyəyə ezam etmişdi.

Azərbaycan hökumətinin qərarı ilə 1919-cu il 20 avqustdan 1 sentyabra kimi Bakıda Azərbaycan müəllimlərinin qurultayı çağırılır. Əsas məqsədlərdən biri məktəb islahatı sahəsində məsələləri müzakirə etmək, müəyyən təkliflər hazırlamaq idi. Qurultayın keçirilməsi xərcləri üçün Azərbaycan hökumətinin 2 avqust 1919-cu il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin sərəncamına 35 min 600 manat məbləğində vəsait də ayrılır.

Tədris müəssisələrinə qəbul zamanı azərbaycanlılara bəzi güzəştlər edilirdi. Görülmüş tədbirlər nəticəsində şagirdlərin ümumi sayı içərisində azərbaycanlıların xüsusi çəkisi artdı. Əgər 1914-1915-ci tədris ilində 9643 nəfər orta məktəb şagirdindən (müəllimlər seminariyaları istisna olmaqla) ancaq 1137 nəfəri azərbaycanlı idisə, 1919-1920-ci tədris ilində 9611 şagirddən 3115-i azərbaycanlı idi.

Qısa müddət ərzində Zaqatalada, GöyçayŞuşa qəzalarında yeni məktəblər açıldı. Nəticədə köhnə məktəblərin xeyli hissəsinin bərpasına, yenilərinin açılmasına və nəzərdə tutulmuş layihələrin qismən yerinə yetirilməsinə nail olundu. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəb binalarının təmiri, bərpası və yeni məktəblərin tikilməsi üçün lazımi vəsaitlərin ayrılması məqsədilə parlament tərəfindən müvafiq qərarlar qəbul olunmuşdu.

Hökumət qarşısında duran ən mühüm vəzifələrdən birimaarif müəssisələrində çalışan işçilərin maddi təminatı, onların sosial güzəranının yaxşılaşdırılması idi. 1919-cu ilin sentyabrında parlament Azərbaycan Cümhuriyyəti qulluqçularının aylıq məvacibinin artırılması və maaşların müvafiq şəkildə sistemləşdirilməsi haqqında qanun qəbul etdi. Qanuna görə, müəllimlərə xeyli imtiyazlar verilməli, əlavə işlər üçün onlara əməkhaqqı xüsusi cədvəl üzrə ödənilməli idi.

AXC hökumətinin təhsil sahəsində diqqət yetirdiyi məsələlərdən biri də yaşlıların təhsili, savadsızlığın qismən aradan qaldırılması idi. Bu, hökumətin milliləşdirmə siyasəti, yaşlı əhali və Azərbaycanın qeyri-türk mənşəli vətəndaşları arasında dövlət dilində savadın yayılması və öyrənilməsi ilə bağlı idi. Bu məqsədlə 1919-cu ilin sentyabrında ölkənin böyük şəhərlərində və iri yaşayış məntəqələrində savad kursları təşkil olunduonun üçün 351000 manat vəsait ayrıldı.

Azərbaycan Parlamentinin 1919-cu il martın 21-də qəbul etdiyi qərara əsasən, X.Məlikaslanovun sədrliyi ilə Xalq Maarifi Nazirliyi yanında Əlifba İslahatı Komissiyası yaradılır. Komissiya tərəfindən qısa müddət ərzində bir neçə əlifba layihəsi hazırlanıb Azərbaycan Parlamentinə təqdim olundu. Lakin əlifba layihələrindən Abdulla bəy Əfəndizadənin hazırladığı variant parlament tərəfindən və yeni əlifba üçün əsas kimi qəbul edildi. Abdulla bəy Əfəndizadənin 1919-cu ildə Bakıda "Son türk əlifbası” adlı dərsliyi də nəşr edilmişdi. Bu dərslikdə ilk dəfə olaraq ərəb və latın əlifbaları müqayisəli şəkildə verilmiş, ərəb əlifbasının ana dilimizin fonetik sisteminə uyğunsuzluğu, latın əlifbasının isə uyğunluğu zəngin dil faktları ilə göstərilmişdir.

Təhsil sistemini kökündən yeniləşdirmək üçün pedaqoji kadrların hazırlanması məsələsi də parlament qarşısında duran vacib məsələlərdən biri idi. Pedaqoji kadrlara olan ehtiyacın ödənilməsi üçün Maarif Nazirliyi tərəfindən hər il respublikanın müxtəlif məntəqələrində dörd seminariyanın açılması nəzərdə tutulurdu.

Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsi Qazax şəhərinə köçürüldü və müstəqil seminariyaya çevrildi. 1919-cu ilin sentyabrında Bakıda kişi seminariyası açıldı. Lakin bu seminariyalar zəruri olan qədər pedaqoji kadrların hazırlanması üçün kifayət deyildi. Parlamentin 1919-cu il iyulun 19-da qəbul etdiyi qanuna əsasən, Qazax, Nuxa, Şuşa, Quba, Zaqatala, Salyan, Gəncə və Bakıda (sonuncu iki şəhərdə kişilər və qadınlar üçün) bir-birindən ayrı olan ikiaylıq pedaqoji kurslar açıldı və onlara dövlət xəzinəsindən 2390 min manat vəsait ayrıldı. Kursların hər birinə ən azı 50 müəllim hazırlanmışdı. Milli kadrların çatışmazlığını nəzərə alan hökumət qardaş Türkiyədən müəllimlər dəvət etdi.

Respublikada ali təhsilin təşkili hökumətin qarşısında duran vacib məsələlərdən biri idi. Hələ 1918-ci ilin avqustunda AXC hökuməti Tiflis Politexnik İnstitutunun maliyyələşdirilməsində iştirak etmək haqqında məsələni nəzərdən keçirmişdir. Bununla əlaqədar olaraq Nəsib bəy Yusifbəyli təklif etdi ki, institutun Azərbaycan ərazisinə köçürülməsi şərti ilə AXC hökuməti onun maliyyələşdirilməsini bütövlükdə öz üzərinə götürsün. Bakıda pedaqoji institutun açılması barəsində Maarif Nazirliyi tərəfindən qanun layihəsi işlənib hazırlanmışdı. Bakı Musiqi Məktəbinin bazasında konservatoriyanın açılması məsələsi də gündəlikdə dururdu.

Azərbaycan hökuməti mövcudluğu dövründə bir neçə ali məktəbin - Bakı Universitetinin (indiki BDU), Kənd Təsərrüfatı İnstitutu, Pedaqoji İnstitutun və Dövlət Konservatoriyasının açılması üzrə müəyyən hazırlıq işləri görmüşdü. Lakin o dövrdə yaranmış tarixi-siyasi şərait yalnız Bakı Universitetini təsis etməyə imkan verdi.

Azərbaycanın təhsil tarixi üçün əhəmiyyətli olan digər bir qərar - "Xaricə oxumağa göndərilən 100 azərbaycanlı tələbənin yol xərcləri və təqaüdləri üçün 7 milyon rubl vəsaitin buraxılması haqqında” qanunun qəbul edilməsi oldu.

Təəssüf ki, 28 aprel istilası Azərbaycan Xalq Cümhuriyyətinin varlığına son qoymaqla yanaşı, hökumətin milli təhsil sahəsində apardığı islahatları da yarımçıq qoydu. Lakin 23 aylıq fəaliyyəti müddətində AXC milli şüurun oyanmasında, milli özünüdərkin formalaşmasında müstəsna rol oynadı.

 

Taleh CƏFƏROV,

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Türk və Şərqi

Avropa xalqları tarixi tarixin tədrisi metodikası

kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2018.- 20 sentyabr.- S.6.