Bir tarix -
üç tale
Azərbaycan
Parlamenti - 100
Azərbaycan Xalq Cümhuriyyətinin
formalaşdırdığı dəyərlər
sırasında parlamentarizm ənənələri xüsusi
yer tutur. Məlum olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyəti
müsəlman Şərqində ilk parlamentli respublika idi.
Mövcud çətinliklərə, zamanın
ağır tarixi-siyasi şəraitinə rəğmən,
bu, o dövrün ən demokratik prinsipləri əsasında
formalaşdırılmış ilk parlament idi.
Əlimərdan bəy
Topçubaşov, Həsən bəy Ağayev və Məmməd
Yusif Cəfərov Azərbaycan Xalq Cümhuriyyəti parlamentinə
rəhbərlik edən, ölkədə parlamentarizm ənənələrinin
formalaşması prosesini yönəldən görkəmli
şəxsiyyətlər idi. Bu insanlar öz
intellektual potensialları, millətinə olan sədaqətləri
ilə XX əsrin əvvəllərində gedən proseslərdə
fəal iştirak etmiş, xalqın milli oyanışında
misilsiz rol oynamışlar. Onlar dünyanın dəyişən
şərtləri altında bütün vəziyyətlərdə
Azərbaycanın mənafeyinə xidmət edən addımlar
atmış və əksər hallarda istəklərinə
nail olmuşlar.
Millət fədaisi
Görkəmli dövlət
xadimi Əlimərdan bəy Topçubaşov Azərbaycan Xalq
Cümhuriyyətinin banilərindən, Rusiyanın müsəlman-türk
xalqlarının milli-azadlıq hərəkatının liderlərindən
idi. O, mükəmməl
təhsil almışdı. 1884-cü ildə
Birinci Tiflis Gimnaziyasını, 1888-ci ildə isə Peterburq
Universitetinin Hüquq fakültəsini bitirmişdi. Təhsilini
başa çatdırdıqdan sonra bir neçə il Rusiyada işləmişdi.1894-cü ildə
Bakıya gələrək hüquqşünas kimi fəaliyyətə
başlamışdı. Müstəqil vəkil
kimi bir çox mürəkkəb məhkəmə proseslərini
udması ona şəhər əhalisi arasında nüfuz
qazandırmışdı. Böyük
maarifçi Həsən bəy Zərdabinin kürəkəni
olan Əlimərdan bəy Topçubaşovu bu
işıqlı şəxsiyyətlə qohumluq əlaqələrindən
daha çox Azərbaycan sevgisi, xalqın istiqbalı
uğrunda yorulmadan çalışmaq əzmi birləşdirirdi.
Bu millət fədaisinin çoxşaxəli fəaliyyəti
hüquqşünaslıq sahəsindən əlavə, mesenat
Hacı Zeynalabdin Tağıyevin 1897-ci ildə
aldığı rusdilli "Kaspi” qəzetinə redaktorluqdan,
Rusiya ərazisində yaşayan müsəlmanların milli-mədəni
hüquqları uğrunda ardıcıl mübarizədən,
Bakı şəhər duması, Rusiya Dövlət Duması
kimi seçkili orqanlarda təmsilçiliyə qədər ən
müxtəlif sferaları əhatə edirdi.
"Kaspi” qəzeti
Ə.Topçubaşovun redaktorluğu dövründə milli
düşüncəli mətbuat orqanına, azərbaycançılıq
ideyalarının başlıca müzakirə mərkəzlərindən
birinə çevrilmişdi. O, Bakının ictimai-siyasi həyatında
fəal iştirak edirdi. 1901-ci ildə şəhər
dumasına üzv seçilmiş, hətta bir müddət
onun sədri də olmuşdu.
Ə.Topçubaşov
hüquq sahəsindəki zəngin bilik və təcrübəsindən
Rusiya müsəlmanlarının hüquqları uğrunda
mübarizə işində geniş istifadə edirdi. 1905-ci il
iyunun 10-da onun başçılıq etdiyi müsəlman
nümayəndələri tərəfindən ərzi-hal
hazırlanmış və Qafqaz canişininə təqdim
olunmuşdu. Həmin sənəddə göstərilirdi
ki, sabiq canişinin dövründə müsəlmanlar
ixtiyarsız idilər, rus təbəəsindən
sayılmayıb, sözün hərfi mənasında,
"ögey övlad” hesab olunurdular.
Bu şikayət ondan irəli gəlirdi
ki, müsəlmanlar əsgəri, mülki, ədliyyə və
başqa ali işlərdən uzaq
salınır, hətta kiçik dövlət işlərinə
də götürülmürdülər. Şəhər
dumalarında müsəlman qlasnılarının, idarələrdə
müsəlman üzvlərinin sayı ümumi xristian
qlasnı və üzvlərinin yarısından çox ola bilməzdi. Qafqaz müsəlmanları
25 ildən artıq bir müddətdə özlərinin
xeyriyyə cəmiyyətlərini yaratmaq üçün icazə
belə ala bilməmişdilər. Proseslərin
içində olan Topçubaşov bu münasibətə
laqeyd yanaşa bilmir, belə halların aradan
qaldırılmasına çalışırdı.
Ümummüsəlman
lideri
Birinci rus inqilabı
(1905-1907) dövründə müsəlman xalqlarının
azadlıq mübarizəsinin təşkilində
Ə.Topçubaşovun əvəzsiz xidmətləri
olmuşdu. İnqilabın gedişində Azərbaycanda da
genişlənən petisiya (xahişnamələr, müraciətlər
və s.) kampaniyasında o, bütün müraciət və ərizələri
özü tərtib və təqdim edirdi. 1905-ci
ilin aprel ayında Cənubi Qafqaz müsəlmanları
adından Rusiya Nazirlər Kabinetinə təqdim olunan
petisiyalar da Topçubaşov tərəfindən
hazırlanmışdı. Belə bir fəaliyyət
Topçubaşovu ümummüsəlman liderinə
çevirdi. O, Peterburqda ikən qabaqcıl ziyalılarla
görüşür və Rusiya müsəlmanlarının
qurultaylarını keçirmək qərarına gəlir.
Birinci rus inqilabı Rusiyada
yaşayan türk-müsəlman xalqlarının milli
şüurunun oyanmasında mühüm rol oynayır. Bu zaman
Ə.Topçubaşovun təşəbbüsü, ciddi
hazırlığı və rəhbərliyi ilə 1905-ci il avqustun 15-də Nijni-Novqorodda Ümumrusiya
müsəlmanlarının birinci qurultayı keçirilir. O,
qurultaya sədrlik edir və çıxışları
böyük maraqla qarşılanır. Bu
çıxışların hərəsi bir publisistik məqalə
təsiri bağışlayırdı.
Rusiya müsəlmanlarının
sonrakı qurultaylarının keçirilməsində də
Topçubaşovun müstəsna əməyi olmuşdu. 1906-cı il
yanvarın 12-23-də Rusiya müsəlmanlarının
Peterburqda keçirilən II qurultayı onun
hazırladığı "İttifaqi-müslimin” nizamnamə
və proqram layihələrini bəyənir, təkmilləşdirmək
şərti ilə qəbul üçün növbəti
qurultaya təqdim olunması tövsiyə edilir. 1906-cı il avqustun 16-21-də Nijni-Novqorodda keçirilən
III qurultayda bu təşkilatın proqramı qəbul olunur. Topçubaşov Rusiya Müsəlmanları
İttifaqı partiyasının sədri seçilir. Bu partiya müsəlmanlara ruslarla bərabər
hüquqlar verilməsini tələb edirdi.
Millətin vəkili
1906-cı ildə Bakı
quberniyasının I Dövlət Dumasına deputat seçilən
Ə.Topçubaşovun təşəbbüsü ilə
burada müsəlman fraksiyası yaradılır. Həmin ərəfədə
o, millət vəkili kimi Qafqaz və Rusiya müsəlmanlarının
lideri səviyyəsində onların hüquqlarını
müdafiə edirdi. Cəsarətli
addımları, fədakarlığı onun Xalq Cümhuriyyəti
qurulanadək siyasi xadim kimi yetişməsində müstəsna
rol oynayırdı.
Ə.Topçubaşov millət
yolunda çoxsaylı təzyiq və təhdidlərlə də
üzləşmişdi. O, dumanın buraxılmasına etiraz edən
deputatların Vıborq müraciətnaməsini
imzaladığına görə, hətta üç ay həbs
cəzasına məhkum olunur. Həmçinin
dumaya seçilmək hüququndan məhrum edilir. "Kaspi” qəzetinə rəhbərlikdən
uzaqlaşdırılır. Bakı Şəhər
Duması üzvlüyündən çıxarılır.
Buna baxmayaraq, Ə.Topçubaşov II Dövlət
Duması müsəlman fraksiyasının əməli işlərində
xüsusi fəallıq göstərir. O, dəfələrlə
Peterburqa gedir, Ümumrusiya Müsəlman İttifaqı Mərkəzi
Komitəsi üzvlərinin Dumada müzakirəyə
çıxarılan qanun layihələri, həmçinin
sorğular üzrə fraksiyanın ümumi mövqeyini
işləyib hazırlayan iclaslarına sədrlik edir.
Ə.Topçubaşov 1905-1906-cı illərdə erməni-müsəlman
qırğınlarının yatırılması sahəsində
gərgin iş aparır. O, Əhməd bəy Ağayevlə
birlikdə 1906-cı ilin fevralında Tiflisdə keçirilən
sülh konfransında iştirak edir, erməni terrorizminin,
"Daşnaksütyun” və "Hnçak”
partiyalarının iç üzünü açan yüzlərlə
məqalə yazır.
Dövlət Dumasının müsəlman
deputatları və "İttifaqi-müslimin”in üzvləri
Topçubaşovun fəaliyyətini davam etdirməsi
üçün Moskvada "Daimi təmsilçilik” bürosu
açırlar. "Tərcüman” qəzetinin naşiri və
redaktoru İsmayıl bəy Qaspıralı 1908-ci il aprelin 11-də yazdığı məktubda
onun fəaliyyətini yüksək qiymətləndirirdi.
1905-1907-ci illər
inqilabının məğlubiyyətindən sonra irticanın
yenidən baş qaldırması nəticəsində
Ə.Topçubaşov 1910-cu ildə Moskvanı tərk edərək
Bakıya dönməli olur. 1914-cü ildə o, Bakıda 45 nəfərdən
ibarət "Məşvərət Məclisi” təşkil
edərək müsəlmanların "tələblər
paketi”ni hazırlayır, çar hakimiyyəti orqanlarına
göndərir. 1916-cı ildə Tiflisdə
toplanan Qafqaz millətləri yığıncağında Azərbaycanı
təmsil edir.
1917-ci ilin mayında Moskvada
keçirilən Ümumrusiya müsəlmanlarının I
qurultayına sədrlik edir. Noyabrda Gəncə
dairəsindən Rusiya Müəssislər Məclisinə
nümayəndə seçilir. Ə.Topçubaşov
o zaman həm də Cənubi Qafqaz Seyminin üzvü idi.
İstiqlal səfiri
Azərbaycan Xalq Cümhuriyyəti
elan olunduqdan sonra Topçubaşov yeni yaranmış müstəqil
milli dövlətin dünyada tanınması üçün
səylə işə başlayır. Fətəli xan Xoyskinin
1918-ci il iyunun 17-də Gəncədə təşkil
etdiyi İkinci hökumət kabinetinin tərkibində əvvəlcə
portfelsiz nazir, avqustun 20-dən xarici işlər naziri olur. Avqustun 23-də isə Azərbaycan Xalq Cümhuriyyətinin
fövqəladə elçisi və səlahiyyətli naziri
kimi İstanbula göndərilir. 1918-ci il
dekabrın 7-də öz işinə başlayan Azərbaycan
Xalq Cümhuriyyəti parlamenti elə ilk iclasında, o vaxt
özü İstanbulda olan Topçubaşovu parlamentin sədri
seçir. O, 1920-ci il aprelin 28-dək bu
statusu daşıyır.
İstanbulda qızğın
diplomatik fəaliyyət göstərən Topçubaşov
1918-ci il oktyabrın 2-dən 1919-cu il
yanvarın 16-dək 36 rəsmi görüş keçirir,
danışıqlar aparır. 1919-cu il
yanvarın 10-da Sultan VI Mehmetlə, sədrəzəm Tələt
Paşa və hərbi nazir Ənvər Paşa ilə
görüşür.
1918-ci il
oktyabrın 30-da imzalanan Mudros sazişinin şərtlərinə
görə türk ordusu Cənubi Qafqazdan çəkilməli,
müttəfiqlərin qoşunları Bakını tutmalı
idi. Ə.Topçubaşov Azərbaycan nümayəndələrinin
iştirakı olmadan Mudros sazişinə Bakının taleyi
barədə bəndlərin daxil edilməsinə etiraz əlaməti
olaraq hökumət adından Türkiyə Xarici İşlər
Nazirliyinə və müttəfiq dövlətlərin hərbi
nümayəndələrinə nota təqdim edir. Onun
İstanbuldan göndərdiyi məktub əsasında 1918-ci il noyabrın 8-də Milli Şura adından Azərbaycanın
müstəqilliyinin tanınması üçün dünya
dövlətlərinə müraciət qəbul edilir.
Dekabrın 28-də Azərbaycan
hökumətinin və parlamentin ağsaqqallar
şurasının birgə yığıncağında
Ə.Topçubaşov Paris Sülh Konfransına (1919-1920)
göndərilən Azərbaycan Xalq Cümhuriyyəti
nümayəndə heyətinin sədri təyin olunur. O, İstanbuldan birbaşa
Parisə yola düşür.
Böyük çətinliklərdən
sonra nəhayət, 1919-cu il mayın birinci
ongünlüyündə Parisə gəlib çatan nümayəndə
heyətinin apardığı ardıcıl diplomatik
görüşlər, danışıqlar nəticəsini
verməyə başlayır. ABŞ Prezidenti
V.Vilsonun təşəbbüsü ilə İngiltərə,
Fransa və İtaliya dövlət başçıları səviyyəsində
Azərbaycan məsələsi gündəliyə salınaraq
müzakirə olunur. Həmin
yığıncaqda bilavasitə prezident Vilsonun
Ə.Topçubaşovu Azərbaycan nümayəndə heyətinin
başçısı olaraq tanıması və Azərbaycanın
Paris Sülh Konfransına qatılması təklifi qəbul
edilir. 1919-cu il mayın 28-də Azərbaycan
Xalq Cümhuriyyətinin yaranmasının birinci il
dönümü günü V.Vilson Ə.Topçubaşovun rəhbərliyi
ilə Azərbaycan nümayəndələri ilə
görüşür.
"Əbədi
ezamiyyət”
Paris Sülh Konfransında
iştirak edən Azərbaycan nümayəndə heyətinin,
xüsusilə onun başçısı Topçubaşovun
gərgin fəaliyyəti uğurla nəticələnir. Nümayəndə
heyəti müxtəlif partiya və fraksiyaların üzvlərindən
ibarət olmasına baxmayaraq, sülh konfransında vahid
mövqedən - gənc Azərbaycan Cümhuriyyətinin mənafeyi
mövqeyindən çıxış edirdi. Lakin tarixin və taleyin hökmü çox
ağır oldu. Nümayəndə heyəti
öz missiyasını qismən yerinə yetirə bildi.
1920-ci ilin yanvarında Ə.Topçubaşovun
səkkiz aylıq gərgin mübarizəsi nəticəsində
Azərbaycanın dövlət müstəqilliyi Avropada
de-fakto tanındı. Amma həmin ilin 28
aprelində bolşevik Rusiyasının müdaxiləsi ilə
baş verən çevriliş min bir əziyyətlə
qazanılmış bu nailiyyətin üstündən
qalın bir xətt çəkdi. Azərbaycanın
müstəqillik arzusunu yenidən əlçatmaz etdi.
1919-cu ildə Paris Sülh
Konfransına ezam edilən nümayəndə heyətinin
üzvləri bu səfərin bir ömür boyu çəkəcəyini
ağıllarına belə gətirmirdilər. Əksəriyyəti
Parisdə qalmağa və yaşamağa məhkum oldu.
1920-1934-cü illərdə
Parisdə qalıb mühacir həyatı yaşamağa məcbur
olan Topçubaşov siyasi fəaliyyətini yenə
dayandırmadı. Sovet nümayəndə heyətinin
etirazlarına baxmayaraq, AXC hökumətinin ona verdiyi mandatla 1920-ci
ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə
toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü
ildə isə Lozanna konfranslarında iştirak etdi. Azərbaycanın bolşevik Rusiyası tərəfindən
işğal olunduğu və onların törətdikləri
cinayətlər haqqında geniş məlumatlar yaymağa
başladı.
Ə.Topçubaşov siyasi
fəaliyyətini digər Qafqaz respublikaları nümayəndələrinin
fəaliyyəti ilə əlaqələndirməyə
çalışırdı. Bu məqsədlə onlar 1921-ci il
mayın 8-də Parisdə bir araya gələrək Qafqaz
Konfederasiyası yaradılması məsələsini
müzakirə etmiş, iyunun 10-da isə üç Qafqaz
respublikasının səlahiyyətli nümayəndələri
Topçubaşovun sədrliyi ilə keçirilən iclasda
siyasi və iqtisadi ittifaq yaratmaq haqqında razılığa
gəlmişdilər.
Ə.Topçubaşov
1934-cü ildə, ölümündən bir qədər əvvəl
Azərbaycan Milli Mərkəzinin divan üzvü kimi M.Ə.Rəsulzadə
ilə birlikdə Gürcüstan və Şimali Qafqaz
xalqları təmsilçilərinin iştirakı ilə
Brüsseldə "Qafqaz Konfederasiyası bəyannaməsi”ni
imzalamışdı.
Dövrünün
güclü və nüfuzlu simalarından olan Əlimərdan
bəy mübarizəsini ömrünün sonunadək davam
etdirmişdir.
Vətəndə də, vətəndən kənarda
da yalnız vətən naminə
çalışmışdı.
"Təbib H.A”
Azərbaycan Xalq Cümhuriyyəti
parlamentinin rəhbərlərindən biri də ö
dövrün görkəmli fikir adamlarından olan Həsən
bəy Ağayev idi. Bu insanın parlamentarizm tariximizdəki
rolu ona görə müstəsna əhəmiyyət
daşıyır ki, sədr Əlimərdan bəy
Topçubaşov diplomatik missiyası ilə əlaqədar
xaricdə olması səbəbindən Məclisi Məbusanın
fəaliyyətində iştirak edə bilmədiyindən
cümhuriyyət parlamentinə rəhbərliyi faktiki Həsən
bəy Ağayev həyata keçirmişdi.
Həsən bəy Ağayev
1875-ci ildə Gəncə şəhərində
doğulmuşdu. Orta təhsilini Gəncə klassik
gimnaziyasında aldıqdan sonra məşhur milyonçu
Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Moskva
Universitetinin tibb fakultəsində oxumuşdu. 1901-ci ildə
Moskvadan Bakıya qayıtmış, əvvəlcə
H.Z.Tağıyevin toxuculuq fabrikində və "Qızlar məktəbi”ndə
həkimlik etmiş, eyni zamanda, "Kömürçü”
meydanında, sonradan onun adı ilə məşhurlaşacaq
"Seyid xəstəxanası”nda
çalışmışdı.
Həsən bəy Ağayev
tələbəlik illərindən siyasi fəaliyyətə
böyük maraq göstərirdi. Mövqe etibarilə
sosial-demokratlara bağlı olduğundan bu təşkilatla
yaxından təmasda idi. "Hümmət”də
təmsil olunur, mətbuatda yazılar verirdi. Onun "Həyat”
(1905-1906), "İrşad” (1905-1907), "Yoldaş” (1907),
"Tərəqqi” (1908-1909), "Həqiqət” (1909-1910),
"Günəş” (1910-1911), "Azərbaycan” (1918-1920) qəzetlərində,
"Dəbistan” (1906-1908) jurnalında müxtəlif
mövzularda müntəzəm yazıları dərc olunurdu.
Mətbuatda əsasən, "Təbib H.A”, "Təbib
H.Ağayev”, "Təbib Həsən Ağayev”, "Təbib
Həsən Ağayev Gəncəli” və s. bu kimi imzalarla
çıxış edirdi.
Həsən bəy Gəncədə
ilk tibb cəmiyyətini yaradanlardan biri idi. O, həmin vaxt Yelizavetpol
Tibb Cəmiyyəti adlanan bu qurumun təməlini 1914-cü ildə
Xudadat bəy Rəfibəyovla birgə qoymuşdu.
Həsən bəy
Ağayevin həyat yoldaşı əslən Ufa
tatarlarından olan çar ordusunun istefadakı polkovniki
Sadıq Əbdürrəhmanovun Peterburqda Nücabə
Qızlar İnstitutunda pedaqoji ixtisas təhsili almış
qızı Xədicə xanım idi. O, H.Z.Tağıyevin "Qızlar məktəbi”ndə
müəllimlik etmiş, dövrünün tanınmış
maarifpərvər ziyalı qadınlarından olmuşdur.
1917-ci ildən başlayaraq Həsən
bəy Ağayev siyasi fəaliyyətə daha çox önəm
verməyə başlayır. Xüsusən, 1917-ci
ilin fevral burjua inqilabından sonra N.Yusifbəylinin Gəncədə
yaratdığı Türk-Ədəmi-Mərkəziyyət
Partiyasının xalq arasında böyük nüfuz
qazanmasında əvəzsiz xidmətləri olur.
1918-ci ilin 27 mayında Azərbaycan
Müvəqqəti Milli Şurası elan edilərkən Həsən
bəy Ağayev Milli Şura sədrinin iki müavinindən
biri seçilir və səhəri gün onun rəhbərliyi
ilə Milli Şuranın ilk iclası keçirilir. İclasda Azərbaycan
Xalq Cümhuriyyətinin qurulması barədə qərar qəbul
edilir. Bir saatlıq fasilədən sonra
iclas öz işinə yenidən başlayır və ilk Azərbaycan
hökumətini təşkil etmək haqqında
tapşırıq almış Fətəli Xan Xoyski müvəqqəti
hökumətin tərkibini elan edir.
Müzakirələrdə
iştirak edənlərdən bəziləri "İstiqlal Bəyannaməsi”nin
qəbulunun bir qədər uzadılması təklifini irəli
sürsələr də, sonda 6 maddəlik "İstiqlal Bəyannaməsi”nin
qəbulu vacib sayılır və belə bir mövqenin
ortalığa qoyulmasında H.Ağayevin böyük xidməti
olur. Beləliklə,
1918-ci il mayın 28-də Azərbaycan Milli
Şurasının Tiflisdə Qafqaz canişininin
keçmiş sarayında keçirilən təntənəli
iclasında Azərbaycanın müstəqilliyi haqqında
"İstiqlal Bəyannaməsi”ni ilk olaraq Həsən bəy
Ağayev imzalayır.
"Parlament
hakimi-mütləq idi”
Azərbaycan Xalq Cümhuriyyəti
yaradıldıqdan sonra H.Ağayev Azərbaycan Dəmir Yolu
İdarəsinin baş həkimi vəzifəsində
çalışır. Eyni zamanda, 1918-ci ilin 7 dekabrında
parlament sədrinin müavini seçilərək 1920-ci ilin
fevralına qədər Məclisi Məbusana faktiki rəhbərlik
edir.
Onun rəhbərliyi
dövründə Azərbaycan parlamenti kifayət qədər
məhsuldar fəaliyyət göstərmişdi. Bir il
müddətində parlamentin 104 iclası keçirilmiş,
120-yə yaxın əsaslı və mühüm qanunlar qəbul
edilmişdir. Bir il müddətində ən çox maliyyə
nəzarətindən parlamentə 82 qanun daxil olmuş, 55-i qəbul
edilmiş, həmin qanunlardan 19-nun komissiyalar səviyyəsində,
5-nin parlament səviyyəsində müzakirə olduğu,
3-nün isə qəbul edilmədiyi göstərilmişdir.
Həsən bəy Ağayevin
parlamentə sədrlik etdiyi bir il müddətində
Ədliyyə Nazirliyindən 31 qanun layihəsi təqdim
olunmuş, bunlardan 14-ü qəbul edilmiş,
altısının müzakirə prosesində, onunun
komissiyalarda olduğu, birinin isə geri
qaytarıldığı qeyd olunmuşdur.
Bu müddətdə daxiliyyə
nəzarətindən 24 qanun layihəsi daxil olmuş, bunlardan
14-ü qəbul edilmiş, 1-i müzakirə olunmuş,
6-sının komissiyalarda olduğu, 3-nün geri
qaytarıldığı bildirilmişdir. Parlamentə təqdim
edilən bütün qanunlar qızğın və
işgüzar fikir mübadiləsi şəraitində
müzakirə olunmuş, özü də yalnız
üçüncü oxunuşdan sonra qəbul edilmişdir.
Parlament qanunlarının hazırlanması,
müzakirəsi və təsdiqlənməsində 11 fraksiya və
qrupa mənsub millət vəkilləri iştirak etmişlər.
Burada 11 komissiya fəaliyyət göstərmişdir.
Parlamentin işi xüsusi
olaraq hazırlanmış nizamnamə - "Azərbaycan
Parlamentinin nakazı (təlimatı)” əsasında idarə
olunurdu.
M.Ə.Rəsulzadə sonralar Azərbaycan Xalq Cümhuriyyəti
Parlamentinin fəaliyyətinə belə qiymət verirdi:”Millət
məclisi məmləkətin bütün sinif və millətlərini
təmsil edib, dövlətin tamamən taleyinə hakim idi. Onsuz heç bir əmr keçməz, heç bir məsrəf
yapılmaz, heç bir müharibə başlamaz, heç bir
barışıq imzalanmazdı. Hökumət
məclisin etimadını qazananda qalır, itirəndə
düşürdü. Ortada hakim olacaq vasitə
- vəzifə yox idi. Parlament hakimi-mütləq
idi”.
Həsən bəy
Ağayevin başçılıq etdiyi Azərbaycan parlamenti
xalqın çox ağır günlərində önəmli
rol oynadı.
O, cümhuriyyət xadimləri arasında o qədər
böyük hörmətə malik idi ki, hətta dövlət
idarəçiliyində yaranan müəyyən problemləri
şəxsi nüfuzu hesabına aradan qaldıra bilirdi. Məsələn, 1918-ci ilin dekabrında baş nazir
Fətəli xan Xoyski vəzifəsindən istefa verdikdə Həsən
bəy Ağayev ona çox məzmunlu bir müraciət
etmişdi. F.X.Xoyskinin etirazından sonra Həsən
bəy dekabrın 18-də ikinci müraciətini etmiş və
bu müraciətdən sonra Fətəli xan növbəti
hökumət kabinəsi yaratmağa
razılaşmışdı.
İstiqlal hərəkatının
yorulmaz mücahidi H.Ağayev deyirdi: "Türk xalqı
azadlığı qanı ilə satın almışdır. Və onu heç vaxt əldən verməyəcəkdir.
Azadlıq meyvəsini dadmış olan xalq bir
daha zülmətli keçmişə qayıtmaz. Azad Azərbaycan ziyalıdan tutmuş fəhlə-kəndliyə
qədər bütün türk xalqının
varlığına hopmuş bir idealdır”.
Xaincəsinə qətl
Həsən bəy Ağayev
yalnız parlament iclaslarına sədrlik etmirdi. O, eyni zamanda, qanunların
hazırlanmasına dəstək olur, müzakirələrdə
fəallıq göstərirdi. 1920-ci il
fevralın 2-də səhhəti ilə bağlı vəzifəsindən
gedərkən bütün parlament üzvlərinin imzası
ilə ona təşəkkürnamə verilmişdi.
Həsən bəy Ağayev
parlament sədrinin müavini vəzifəsindən uzaqlaşsa
da, millət vəkili kimi yenə də fəaliyyətini davam
etdirir, qanun layihələrinin hazırlanmsında fəallıq
göstərirdi. Məsələn, parlamentin 23 fevral
tarixində keçirilmiş iclasının gündəliyinə
təqdim olunan 8 qanun layihəsindən 2-sinin müəllifi məhz
Həsən bəy idi. Bu layihələrdən biri belə
adlanırdı: "Xəstəliklərlə mübarizə
üçün səhhəti-ümumiyyə nəzarətinə
3 milyon 275 min rubl buraxılması haqqında qanun layihəsi”.
Layihə dövlət büdcəsindən ayrılacaq vəsait
müqabilində Göyçay, Xaçmaz, Şamaxı, Gəncə,
Gədəbəy, Qazax, Dondarlı, Zəngilan, Cəbrayıl,
Ağdaş bölgələrinə yoluxucu xəstəliklərə
qarşı mübarizə məqsədilə səyyar tibbi
briqadaların göndərilməsini nəzərdə tuturdu.
Həsən bəy Ağayevin
hazırladığı bu qanun layihəsi 3-cü oxunuşdan
sonra səsə qoyularaq qəbul olunmuşdu.
Onun təqdim etdiyi digər layihə
isə "Şuşa, Zəngəzur və
Cəbrayıl qəzalarında əvvəlinci bir maarif təsisi
haqqında” idi.
1920-ci il aprelin
27-də Azərbaycan bolşeviklər tərəfindən
işğal edildikdə, Həsən bəy Ağayev milli
ordumuzun parlaq qələbəsi ilə nəticələnən
Əskəran-Qarabağ müharibəsi ilə bağlı
Tiflisdə başlanmış Azərbaycan-Ermənistan
konfransında səlahiyyətli nümayəndə kimi
iştirak edirdi və bir müddət orada qalmışdı.
Bolşevik işğalından
sonra Həsən bəy Ağayev əvvəl Gəncədə,
bura təhlükəli olduğundan Tiflisdə yaşamağa
başlayır. Şəhərdə bolşevik
işğalına qarşı mübarizəni davam etdirir.
Həsən bəyin nəvəsi Sevda Pepinova
xatirələrində yazırdı ki, həmin vaxt
H.Ağayev Nəriman Nərimanova məktub göndərir,
siyasi fəaliyyətini dayandırdığını bildirir.
"Bakıya qayıdıb həkim kimi
çalışmaq istəyirəm” - deyə yazır. Nərimanov isə ona nəinki Bakının, hətta
Tiflisin də təhlükəli olduğu barədə xəbərdarlıq
edir. Oradan da uzaqlaşmağı məsləhət
görür. Təhlükənin fərqində
olan Həsən bəy iyulun 20-də Tiflisdən Batuma, sonra gəmi
ilə Türkiyəyə getməyə hazırlaşır.
Amma Həsən bəy Ağayev
1920-ci il iyulun 19-da axşam
dostlarının toplaşdığı evə
görüşə gedərkən erməni
terrorçuları tərəfindən qətlə yetirilir. Bəzi mənbələr bu qətldə
bolşeviklərin əlinin olduğunu təsdiqləyir.
O, Tiflisdəki müsəlman qəbiristanlığında -
M.F.Axundzadənin və bir ay əvvəl xaincəsinə qətlə
yetirilmiş F.X.Xoyskinin məzarlarının yanında dəfn
edilir.
Millət vəkili,
nazir, diplomat...
1920-ci il
fevralın 2-də Azərbaycan parlamentinin 121-ci iclasında Həsən
bəy Ağayev xəstəliyi ilə əlaqədar vəzifəsindən
gedərkən parlamentə yeni müavin seçilməsi məsələsi
müzakirəyə qoyulur. M.Ə.Rəsulzadə
Müsavat fraksiyası adından Azərbaycan parlamenti sədrinin
müavini vəzifəsinə Məmməd Yusif Cəfərovu
təklif edir. Millət vəkillərindən
47 nəfər M.Y.Cəfərovun lehinə, 5 nəfər isə
əleyhinə səs verir.
Məmməd Yusif Cəfərov
da Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli xadimlərindən
idi. 1885-ci ildə Bakıda anadan olmuşdu,
tanınmış pedaqoq, jurnalist Əli İsgəndər Cəfərzadənin
kiçik qardaşı idi. M.Y.Cəfərov
Moskva Universitetinin Hüquq fakültəsini bitirmiş,
Bakıya qayıtdıqdan sonra məhkəmə sistemində
çalışmış, 1912-ci ildə IV Rusiya Dövlət
Dumasına üzv seçilmişdi. Dumada
kadet partiyasına qoşulan M.Y.Cəfərov buradakı
çıxışlarında çar hökumətinin Azərbaycanda
yeritdiyi müstəmləkəçilik siyasətini kəskin
şəkildə tənqid edirdi. O, Dumanın V bölməsinin,
müsəlman fraksiyasının, büdcə,
köçürmə, sorğu, məhkəmə
islahatı, hərbi və dəniz işləri üzrə
komissiyaların üzvü idi. 1917-ci ildə Rusiyada
fevral-burjua inqilabı baş verdikdən sonra 1917-ci il martın 9-da Müvəqqəti hökumətin
təşəbbüsü əsasında IV Dövlət
Dumasının Zaqafqaziyadan olan deputatlarından ibarət
yaradılan Xüsusi Zaqafqaziya Komitəsinin tərkibində
M.Y.Cəfərov da vardı. Ona yeni
yaradılmış komitədə sənaye və ticarət
işlərinə rəhbərlik etmək
tapşırıldı. 1917-ci il
aprelin 15-20-də Bakıda Qafqaz müsəlmanlarının
qurultayı keçirilərkən o, Tiflisdən qurultaya gələrək
təbrik nitqi söyləmişdi.
1917-ci il
noyabrın 15-də Tiflisdə Y.Gegeçkorinin sədrliyi ilə
Müstəqil Zaqafqaziya hökuməti - Zaqafqaziya
Komissarlığı yaradıldı. M.Y.Cəfərov
bu hökumətdə ticarət və sənaye naziri vəzifəsini
tuturdu. 1918-ci il fevralın 23-də
Tiflisdə Zaqafqaziya Seymi işə başladı. Seymdə gürcü, erməni və azərbaycanlı
nümayəndələri iştirak edirdilər. Buraya Azərbaycandan Müsavat Partiyasını və
bitərəf demokratik qrupları təmsil edən 30 nəfər,
o cümlədən M.Cəfərov da seçilmişdi.
1918-ci il mayın 27-də Zaqafqaziya Seymi
buraxılır. Gürcüstanın müstəqilliyi
elan edilir və müsəlman fraksiyasının növbəti
iclası çağırılır. Burada
Müvəqqəti Milli Şura və F.X.Xoyskinin sədrliyi ilə
İcra Komitəsi təşkil edilir. Komitənin
tərkibinə M.Y.Cəfərov da seçilir.
1918-ci il mayın
28-də "İstiqlal Bəyannaməsi”ni imzalayan 24 nəfərdən
biri də məhz Məmməd Yusif Cəfərov olur. F.Xoyskinin elan etdiyi ilk Azərbaycan hökumətinin tərkibində
ona ticarət və sənaye naziri vəzifəsi
tapşırılır.
Nisgilli imza
1918-ci ilin iyun ayının
17-də Milli Şuranın ikinci iclasında M.Cəfərov
onun buraxılması məsələsinə öz qəti
etirazını bildirmişdi. Bunu Nuru Paşanın
və Türkiyə hökumətinin Azərbaycanın daxili
işlərinə qarışmaq cəhdi kimi qiymətləndirmişdi.
M.Y.Cəfərov birinci hökumətin istefaya
getməsi ilə bağlı işdən
çıxmış, sonra isə 1918-ci ilin iyun ayının
axırlarından 1919-cu ilin martın ortalarına qədər
Azərbaycan hökumətinin Gürcüstan hökuməti
yanında diplomatik nümayəndəsi vəzifəsini icra
etmişdir.
O, bu vəzifədə Azərbaycan və
Gürcüstan hökumətləri arasında dostluq əlaqələrinin
yaradılmasında, keçmiş Zaqafqaziya Demokratik Federativ
Respublikasının əmlakının
bölüşdürülməsində, Azərbaycan, Ermənistan,
Gürcüstanın hökumət və Avropa ölkələri
nümayəndələri ilə söhbət və
görüşlərdə, Azərbaycan, Gürcüstan və
Dağlılar respublikalarının nümayəndələrinin
Tiflis şəhərində keçirilmiş Zaqafqaziya
konfransında yaxından iştirak etmiş və Azərbaycanla
Gürcüstan arasında əlavə müvəqqəti
kağız pul buraxılması haqqında müqaviləni
imzalamışdır.
1919-cu il martın
14-də Azərbaycan parlamenti N.Yusifbəyovun sədrliyi ilə
yeni Azərbaycan hökumətini təsdiq edərkən M.Y.Cəfərova
bu hökumətdə xarici işlər naziri vəzifəsi
verildi. O, bu vəzifədə 1919-cu il
dekabrın 22-nə kimi çalışdı və diplomat
kimi Azərbaycanın mənafeyini layiqincə müdafiə
etdi. Bu, onun imzaladığı Gürcüstan və Azərbaycan
respublikaları arasında hərbi-müdafiə müqaviləsində,
əlavə müvəqqəti kağız pulun
buraxılması haqqında Ermənistan, Gürcüstan və
Azərbaycan respublikaları arasında sazişdə, müsəlmanların
vəhşicəsinə qırılması əleyhinə Ermənistan
XİN-ə, müsəlman əhalisinin mənafeyinin
müdafiə edilməsi, Azərbaycanın ərazi
bütövlüyü, əmlakının qorunması barədə
Böyük Britaniyanın Cənubi Qafqazdakı və
Bakıdakı qoşunlarının komandanlarına göndərdiyi
notalardan və s. aydın görünür. M.Cəfərov
eyni zamanda, xarici işlər naziri kimi Azərbaycan parlamentinin
1919-cu il iyunun 27-də 51-ci və avqustun 18-də 66-cı
iclaslarında çıxış edərək Azərbaycan
hökumətinin apardığı xarici siyasət,
Gürcüstanla bağlanmış müqavilə,
şimaldan general Denikinin təhlükəsi ilə əlaqədar
Gürcüstan hökuməti və Böyük
Britaniyanın Zaqafqaziyada olan komandanlıqları ilə
aparılan danışıqlar haqqında məlumat
vermişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin
beynəlxalq aləmdə tanınmasında da onun böyük
xidmətləri olmuşdur.
1919-cu ilin dekabrında
N.Yusifbəylinin rəhbərlik etdiyi hökumət kabineti
istefaya çıxdığı üçün M.Y.Cəfərov
da tutduğu vəzifəni tərk etmişdir. 1920-ci ilin
fevralından isə qeyd etdiyimiz kimi, o, Azərbaycan parlamenti sədrinin
müavini vəzifəsinə seçilərək aprelin 27-nə
qədər həmin iclaslara rəhbərlik etmişdir.
Aprelin 26-dan 27-nə keçən
gecə XI Ordu Samur körpüsünü, yəni, Azərbaycan
sərhədini keçərək Bakı üzərinə
yürüşə başlayır. Aprelin 27-də
parlamentin iclası zamanı Quba valisi Əmirxan Xoyski tərəfindən
vurulmuş teleqramda xəbər verilir ki, ordu artıq Azərbaycan
sərhədini keçib və Xaçmazı tutub. Bu məlumatla əlaqədar parlament yaranmış vəziyyətin
araşdırılması üçün M.H.Hacinski başda
olmaqla xüsusi nümayəndə heyəti yaradır. Bu vaxt Ağahüseyn Kazımovun və Həmid
Sultanovun bolşevik qrupu parlamentə hakimiyyəti müqavimət
göstərmədən təslim etmək haqqında ultimatum
verir. Həmin gün saat 13:00-da işğalçı
ordu Bakıya daxil olur. M.H.Hacinski bolşevik
nümayəndələri ilə əvvəlcə
Kazımovun evində, sonra isə B.Cavanşirin mənzilində
ultimatumu müzakirə edirlər. Bir yandan
hökumət böhranı, digər tərəfdən
yaranmış mürəkkəb siyasi vəziyyət nəticəsində
həmin gün saat 23-də M.Y.Cəfərovun imzası ilə
Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən
bolşeviklərə təslim etmək haqqında qərar
çıxarır. Bununla da, 1920-ci il
aprelin 27-də parlamentin son iclasında gərgin müzakirədən
sonra hakimiyyətin başda N.Nərimanov olmaqla Müvəqqəti
İnqilab Komitəsinə verilməsi haqqında qərarın
imzalanması da yurdun istiqlalına ruhən bağlı olan
M.Y.Cəfərovun acı qismətinə yazılır.
Azərbaycan Xalq Cümhuriyyətinin
süqutundan sonra o, pambıqçılıq və şərabçılıq
trestlərində hüquq məsləhətçisi vəzifəsində
çalışır. 1938-ci il mayın 15-də Bakıda vəfat
edir, Şağan kəndində dəfn olunur.
* * *
Bütün bunlar Azərbaycan
Xalq Cümhuriyyətinin - bir əsrlik dövlətçilik dəyərlərimizin
formalaşmasında iştirak etmiş üç
böyük şəxsiyyətimizin taleyidir. Bu gün
tarixinin ən qüdrətli çağlarını
yaşayan müstəqil Azərbaycan dövlətinin demokratik
inkişafında, parlamentarizm ənənələrimizin
yaşadılmasında, öz zirvəsinə yüksəlməsində
bu talelərin də ziyası var.
İradə ƏLİYEVA
Azərbaycan.-
2018.- 23 sentyabr.- S.5-6.