Azizi Abducabbor: Tacikistan Azərbaycan ilə əlaqələrin dərinləşdirilməsində maraqlıdır

 

Sentyabrın 22-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Tacikistan Nümayəndələr Palatası sədrinin birinci müavini Azizi Abducabborun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib.

Ziyafət Əsgərov deyib ki, xalqlarımızın tarixən bütün sahələrdə sıx əlaqələri mövcuddur, Azərbaycanın və Tacikistanın dövlət başçıları arasında səmimi dostluq münasibətləri dövlətlərarası əlaqələrin genişləndirilməsi üçün etibarlı baza yaradıb. Azərbaycan-Tacikistan münasibətləri yüksələn xətlə inkişaf edir.

Birinci vitse-spiker parlamentlərarası əlaqələrin genişləndirilməsinin, deputatların görüşlərinin və ikitərəfli qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyini qeyd edib. Z.Əsgərov ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb.

Azərbaycan parlamentinin 100 illiyinə həsr olunan tədbirin yüksək səviyyədə keçirildiyini deyən Azizi Abducabbor qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. O qeyd edib ki, ta qədimlərdən Tacikistanla Azərbaycanı birləşdirən tellər var. Tacikistan Azərbaycan ilə əlaqələrin dərinləşdirilməsində maraqlıdır. O, əminliyini bildirib ki, bundan sonra da birgə öz bəhrəsini verəcək. Diqqətə çatdırılıb ki, ölkələrimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində ulu öndər Heydər Əliyevin müstəsna rolu var. Hazırda Azərbaycan Prezidenti İlham Əliyev həmin siyasi kursu uğurla davam etdirir.

Söhbət zamanı, həmçinin parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2018.- 23 sentyabr.- S.2