Bakıda Ukraynanın müstəqillik günü münasibətilə rəsmi qəbul təşkil edilib

 

Sentyabrın 26-da Bakıda Ukraynanın dövlət müstəqilliyinin 27-ci ildönümü və Ukrayna dövlətçiliyinin 100 illik yubileyi münasibətilə rəsmi qəbul təşkil edilib.

AZƏRTAC xəbər verir ki, Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunan rəsmi qəbulda əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişşenko ölkəsinin 27 il ərzində keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, Ukrayna müstəqilliyini əldə etdikdən sonra bütün ölkələrlə, eləcə də Azərbaycan ilə münasibətlər qurulması üçün konkret addımlar atıb. Bu gün dost Azərbaycan ilə münasibətlər yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz iqtisadiyyat, energetika, humanitar və digər sahələrdə əməkdaşlıq edirlər. Diplomat ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının rolunu qeyd edib. O əlavə edib ki, bu gün Ukrayna dost Azərbaycanın əldə etdiyi bütün uğurlara sevinir.

Rəsmi qəbulda çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan Hökuməti adından Ukrayna xalqını təbrik edib, sülh və əmin-amanlıq arzulayıb. Baş nazirin birinci müavini çıxışını Azərbaycan dilində etdiyinə görə səfirə təşəkkür edib, bunu Azərbaycanın dövlət dilinə hörmət kimi qiymətləndirib. O vurğulayıb ki, Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlıq əlaqələri gündən-günə güclənir. Ölkələrimiz bir sıra sahələrdə, o cümlədən iqtisadi və mədəni sahələrdə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi yolu ilə inamla irəliləyirlər. Həyata keçirilən qarşılıqlı səfərlər, imzalanmış çoxsaylı sənədlər dövlətlərimiz arasında münasibətlərin inkişafına təkan verir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək nümayiş etdirirlər.

Baş nazirin birinci müavini əmin olduğunu bildirib ki, Azərbaycan-Ukrayna əlaqələri gələcəkdə daha da inkişaf edəcək.

Tədbirdə “ADEX-2018” üçüncü Azərbaycan beynəlxalq müdafiə sərgisində iştirak etmək üçün Bakıda səfərdə olanUkroboronprom” Dövlət Konserninin baş direktoru Pavlo Bukin də çıxış edib. O, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub EyyubovuUkroboronprom” Dövlət Konserninin fəxri nişanı ilə təltif edib.

Tədbir çərçivəsində Ukrayna hərbi sənayesinin nümunələrinin əks olunduğu sərgi təqdim edilib.

Rəsmi qəbulda, həmçinin “Donbas alov içində” adlı kitabın təqdimatı olub.

Tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Azərbaycan.- 2018.-  27 sentyabr.- S.4.