Mərmiatan snayper, aviasiya bombası, avtomatik top, “Tufanzirehli maşını, Kamikadze PUA, “Vaşaq”...

 

Hərbi arsenalımız yerli istehsal olan, ən müasir texnologiyalara əsaslanan yeni silahtexnikalarla zənginləşir

 

Bütün sahələrdə inkişafını təmin edən Azərbaycanın yeganə problemi torpaqlarının bir hissəsinin işğal altında olmasıdır. Ona görə dövlətimizin təbii olaraq diqqət yetirdiyi məsələlərdən biri ordu quruculuğudur.

Görülən tədbirlər nəticəsində son illərdə Azərbaycanın hərbi qüdrəti durmadan artmış və Silahlı Qüvvələrimiz regionda peşəkarlıq, təchizat və döyüş qabiliyyəti baxımından ən güclü orduya çevrilmişdir. Bu gün Silahlı Qüvvələrimizin beynəlxalq reytinqlərə görə dünya miqyasında 50 ən güclü ordu sırasında olması hər birimizdə dərin qürur hissi doğurur.

 

1200 adda məmulat

 

Ordumuzun balansında dünyanın ən müasir silah-sursatları və hərbi texnikaları var. Hərbi qüdrətini son illərdə dəfələrlə artıran Azərbaycanın bununla yanaşı, ən mühüm uğurlarından biri də ölkədə mükəmməl hərbi sənaye kompleksinin yaradılmasıdır.

Bunun nəticəsidir ki, artıq respublikamız dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır. Azərbaycan istehsalı olan hərbi məmulatlar respublikamızın Silahlı Qüvvələri ilə yanaşı, bir sıra xarici ölkələrin ordularının da silahlanmasına qəbul edilir.

Hazırda Azərbaycanda 58 müdafiə sənayesi müəssisəsi fəaliyyət göstərir. Yarandığı 2005-ci ildən başlayaraq, böyük inkişaf yolu keçən ölkəmizin müdafiə sənayesində 1200 adda məmulat istehsal olunur. 2009-cu ildən başlayaraq Azərbaycanın müəssisələrində istehsal olunan məhsullar xaricdə keçirilən beynəlxalq müdafiə sərgilərində də nümayiş olunur.

Sentyabrın 25-də Bakı "Expo” Mərkəzində açılışı olan "ADEX-2018” Beynəlxalq müdafiə sərgisi Azərbaycanın müdafiə sənayesinin qüdrətinin növbəti nümayişi oldu. Artıq üçüncü dəfədir təşkil olunan sərgidə bu dəfə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edir.

Regionda ən böyük silah və hərbi texnika ekspozisiyalarından ibarət olan genişmiqyaslı bu tədbir dünyanın tanınmış hərbi sənaye komplekslərinin müasir silah və avadanlıqları ilə yanaşı, Azərbaycanın da müdafiə sənayesi kompleksinin gücünün və qüdrətinin nümayişi üçün geniş imkanlar açır. Təsadüfi deyil ki, sərgidə Azərbaycan istehsalı olan hərbi məhsullara maraq kifayət qədər böyükdür. Ölkəmiz sərgidə 270-dən artıq hərbi məmulatla təmsil olunur.

 

Mərmisini 6 km-lik hədəfə atan snayper

 

Müasir silah texnikanın, habelə milli müdafiə sahəsində Azərbaycanın gücünün qüdrətinin böyük nümayişinə çevrilən sərgidə son illərdə ölkəmizdə istehsal olunan yüngül ağır hərbi texnikalar nümayişə çıxarılıb. Onlardan bəziləri isə ilk dəfədir ki, nümayiş etdirilir.

Ölkəmizin nümayiş etdirdiyi yeni hərbi məmulatlardan biri snayper silahıdır. Bu silahın ənənəvi snayper tüfənglərindən fərqi odur ki, patron deyil, mərmi atır. Silahın atdığı mərmi 6 kilometr uzağa gedir, 2 kilometri isə dəqiq vura bilir. 23x115 mm ölçülü snayperin çəkisi 34 kiloqramdır. Yaxın vaxtlarda silah sınaqdan keçiriləndən sonra Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

 

Xüsusi təyinatlılar üçün snayper

 

Sərgidə Azərbaycanın nümayiş etdirilən digər snayper silahı isə xüsusi təyinatlılar üçün nəzərdə tutulur. 11 kq ağırlığında olan silahın atış məsafəsi 1500 metrdir. Digər snayper tüfəngləri ilə müqayisədə lüləsi qısa, çəkisi isə azdır. Dəqiq atəşlə bir güllə ilə hədəfi vurmaq mümkündür. Sınaqdan keçiriləndən sonra bu silah da Silahlı Qüvvələrimizdə istifadəyə veriləcək.

 

Çəkisi yüngül, zərbəsi öldürücü snayper

 

Azərbaycanın nümayiş etdirdiyi yeni silahlarından biri də "Vaşaqsnayperidir. Hələlik sınaq mərhələsində olan snayperin vuruş məsafəsinin taktiki göstəricisi 1200 metr olsa da, 1500 metrə qədər hədəfi vura bilər. Fərdi şəkildə atış üçün nəzərdə tutulan silah 1500 metrlik məsafədən 30 sm-lik hədəfə dəqiq atəş aça bilir. 8,6x70 mm ölçülü snayperin çəkisi 6,5 kiloqramdır.

 

15 tonluq yeni zirehli maşın

 

Sərgidə nümayiş etdirilən və yaxın vaxtlarda Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək "Tufanzirehli maşını da ölkəmizin hərbi sənayesinin son nailiyyətlərindən biridir. Ümumi çəkisi 15 ton olan texnikanın məmulat yükü 12 ton, faydalı yükü isə 3 tondur.

"ADEX-2018” sərgisində Azərbaycanın ilk dəfə olaraq nümayiş etdirdiyi yeni hərbi məmulatlarından biriavtomatik top odlu silahdır. Bu silah avtomatik tezlikdə 500-dən az olmayaraq, yavaş templə isə 300 mərmi atır. 30 millimetrlik avtomatik top "AT30” adlandırılır. Silahın çəkisi 115 kiloqram, təpmə qüvvəsi 40-50 kq/gücdür.

 

"QFAB-250 LG” aviasiya bombası

 

Azərbaycan yeni aviasiya bombasının da istehsalına başlayıb. "QFAB-250 LG” adlanan bombanın çəkisi 250 kiloqramdır. Lazer nişangahlı qəlpəli-fuqaslı aviasiya bombasının uçuş məsafəsi 12 min metrdir. Bomba düşdüyü yerdən 10 metr kənara qəlpə verir. Bombanın uzunluğu 3300 mm, diametri 240 mm-dir. Türkiyənin Aselsan” şirkəti ilə müştərək hazırlanan bomba sınaqdan sonra istifadəyə veriləcək.

 

"Yarasa

 

Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkı da sərgidə iştirak edir. Yüksək Texnologiyalar Parkının istehsal etdiyi pilotsuz uçuş aparatı (PUA) sərgidə böyük maraqla qarşılanıb. Kamikadze tipli PUA-nın çəkisi 12 kiloqramdır. Kamikadze 5 kiloqram yüklə 2 min metr hündürlüyə qalxa və düşmən obyektlərinin xəritəsini çəkib oranı dəqiqliklə məhv edə bilir. PUA-nın maksimal sürəti 160 km/saatdır. Müşahidə kamerası ilə obyekti müşahidə edəndən sonra uçan aparat özünü obyektə çırparaq partladır. PUA-nın digər üstünlüyü isə odur ki, getdiyi istiqamət üzrə obyekti müəyyən etmədikdə, partlamadan geri qayıdır. Yeni sınaqdan keçirilən kamikadze tipli PUA "Yarasa” adlanır. Pilotsuz uçuş aparatı yaxın günlərdə Azərbaycan Silahlı Qüvvələrinin istifadəsinə veriləcək.

Göründüyü kimi, Azərbaycanın hərbi sənaye müəssisələri beynəlxalq standartlara cavab verə biləcək məhsul istehsal etmək potensialına sahibdir. Bu nailiyyətlər istehsal edilən rəqabətə davamlı məhsulların tək ordumuzun arsenalına deyil, dünya bazarına çıxarılmasına da şərait yaradır.

 

Rəşad CƏFƏRLİ

 

Azərbaycan.- 2018.- 27 sentyabr.- S.5.