Yeni ekspozisiyalar Şamaxı Tarix-Diyarşünaslıq Muzeyini daha da zənginləşdirib

 

Sentyabrın 27-də Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin yeni ekspozisiyalarla tərtibatından sonra açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Nəsimi - şeir, incəsənət və mədəniyyət festivalına gələn mədəniyyət və incəsənət xadimləri, xarici qonaqlar da iştirak ediblər.

Qonaqlar xoş musiqi, rəqs qrupunun çıxışları ilə qarşılanıb.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev tədbir iştirakçılarını salamlayaraq, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyində Azərbaycanın qədim, orta əsrlər və müasir tarixinə dair zəngin eksponatların olduğunu diqqətə çatdırıb.

Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək Şamaxı Tarix-Diyarşünaslıq Muzeyinin, ümumilikdə, bütün muzeylərimizin yeni eksponatlar hesabına daha da zənginləşdiyini bildirib, bu sahədə Heydər Əliyev Fondunun xidmətlərini vurğulayıb.

Sonra qonaqlara yeni eksponatlar, habelə ayrı-ayrı bölmələrdə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Qeyd edək ki, dünya muzey standartları əsasında hazırlanan bu informativ ekspozisiya tarixi ardıcıllıqla, o cümlədən elektron vasitələrdən istifadə edilməklə Azərbaycan və ingilis dillərində təqdim olunur. Hazırda muzeyin yeddi mindən çox eksponatı varekspozisiyada Şamaxının ən qədim dövrlərdən başlayaraq son zamana qədər olan tarixi, arxeoloji tapıntı nümunələri və maddi-mədəniyyət abidələri, eləcə də etnoqrafik, epiqrafiknumizmatika nümunələri nümayiş etdirilir. Heydər Əliyev Fondunun Şamaxını təsvir edən XVII əsrə aid üç ədəd qravürü hədiyyə etməsi muzey üçün əlamətdar hadisə olub. Onlar Avropa ölkələrindən əldə edilərək Azərbaycana gətirilib. Qravürlər XVII əsrin məşhur alman səyyah və coğrafiyaçısı Adam Oleariyə, niderlandlı səyyah Yan Jansen Streysə və niderlandlı kitab naşiri Olfert Dapperə məxsusdur.

Yeni eksponatlarla, eləcə də muzeydə nümayiş etdirilən digər tarixi və maddi-mədəniyyət nümunələri ilə tanışlıq qonaqlarda böyük maraq doğurub.

 

Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 8.