Bakıda Qafqaz regionunda cərəyan edən proseslər, ermənilərin geosiyasi iddiaları barədə müzakirələr aparılır

 

Sentyabrın 27-də Bakıda Türkiyə Respublikasının Türk Tarix Qurumu (TTQ) və Strateji Düşüncə İnstitutunun (SDİ) birgə təşkilatçılığı, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun dəstəyi ilə "Qafqaz: tarix, çağdaş dövr, gələcək” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və digər ölkələrdən olan tanınmış alim və mütəxəssislər iştirak edirlər.

SDİ-nin rəhbəri Məhəmməd Savaş Kafkasyalı rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Tarix İnstitutu ilə SDİ arasında əməkdaşlığa dair imzalanan müqaviləni xatırladan alim sənədə əsasən, Azərbaycan, Türkiyə və digər türk-müsəlman respublikalarının tarixindəki strateji əhəmiyyətli problemlərin müəyyənləşdirildiyini və bu istiqamətdə birgə tədqiqatların aparıldığını deyib.

Məhəmməd Savaş Kafkasyalı konfransın Qafqazın tarixinin öyrənilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında ümummilli lider Heydər Əliyevin müstəsna rolu olduğunu deyib. Bildirilib ki, ulu öndərin "Bir millət, iki dövlət” kəlamı bu gün dövlətlərimizin başçılarının timsalında daha da güclənib. Bu gün Azərbaycan və Türkiyə bütün məsələlərdə eyni mövqedən çıxış edir, beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verir. Bu yaxınlarda Bakının azad olunmasının 100 illiyi münasibətilə keçirilən hərbi paradda iki ölkənin dövlət başçılarının iştirakı Azərbaycan-Türkiyə birliyinin sarsılmazlığını, əbədiliyini bir daha bütün dünyaya nümayiş etdirdi.

Konfransın elmi-siyasistrateji əhəmiyyət daşıdığını deyən İ.Həbibbəyli tədbirin fikir və təcrübə mübadiləsi, əlaqələrin genişləndirilməsi baxımından da önəmini vurğulayıb. Bildirilib ki, ölkələrimizin elmi qurumlarının birgə təşkilatçılığı ilə keçirilən bu kimi konfranslar Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsinə xidmət edir.

Akademik diqqətə çatdırıb ki, Qafqaz dünyanın bir çox dövlətlərinin diqqət mərkəzində və maraq dairəsində olan həssas siyasi duruma malik regiondur. Bu bölgə, eyni zamanda, terror hadisələri, risklər və təhdidlərlə doludur. Tədbir bu problemlərin dərindən araşdırılması, bölgədə cərəyan edən hadisələrin öyrənilməsi və mürəkkəb proseslərin qarşısının alınması üçün elmi əsaslandırılmış proqnozların verilməsi baxımından əhəmiyyətlidir. Həmçinin Qafqazdakı münaqişələrin öyrənilməsi də konfransın diqqət mərkəzindədir. Çünki Qafqazda sülhünsabitliyin bərpa olunması geniş mənada regionda, bütövlükdə isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər.

Qafqazın ən böyük probleminin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu deyən akademik bildirib ki, mənfur qonşularımızın "Böyük Ermənistan” xülyaları artıq dünya alimlərinə də məlumdur. AMEA-da Qafqazşünaslıq İnstitutunun yaradıldığını xatırladan İ.Həbibbəyli bu elm müəssisəsində Azərbaycan tarixi, eləcə də Qafqaz regionu ilə bağlı elmi tədqiqatların aparıldığını vurğulayıb.

TTQ-nin sədri, professor Rəfiq Turan Qafqaz regionundakı xalqların özünəməxsus xüsusiyyətlərə, ortaq köklərə, oxşar mədəniyyətə malik olduğunu qeyd edib. Vurğulanıb ki, bu bölgənin zənginliyinin əsas səbəblərindən biri böyük tarixə malik olması və müxtəlif vaxtlarda insanların buraya köçmələridir.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bildirib ki, müstəqil Azərbaycan dövləti böyük tarixə malik Qafqaz regionunda sülhün, sabitliyin bərqərar olması üçün ciddi addımlar atır. Ulu öndər Heydər Əliyevin uzaqgörənliklə araya-ərsəyə gətirdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri iqtisadi əhəmiyyəti ilə yanaşı, Qafqaz xalqları arasında münasibətlərin formalaşmasına da mühüm töhfələr verməkdədir. O deyib: "Tədbiri keçirməyin əsas məqsədi dünyanın diqqətini Qafqazdakı münasibətlərə yönəltməkdir. Həmçinin ermənilərin bir əsrdən çox müddətdə müxtəlif bölgələrdə törətdikləri soyqırımlarının, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaratdıqları uydurmaların əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqdır”.

Konfransda müzakirə ediləcək məsələlərin aktuallığını vurğulayan akademik bildirib ki, region tarixçilərinin, xüsusən də qafqazşünasların bölgədəki vəziyyətin, qloballaşmanın öyrənilməsində rolları böyükdür. Bu tədbir bizə gələcəkdə birgə işləmək, əlaqələrimizi möhkəmləndirmək baxımından böyük üstünlüklər vəd edir.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, rusiyalı jurnalist Aleksandr Qoryanin və başqaları çıxış edərək Qafqaz regionunda cərəyan edən proseslər, ermənilərin geosiyasi iddiaları və digər məsələlər barədə müzakirələr aparıblar.

Sonra Azərbaycan tarixçilərinin "Qafqaz tarixində Azərbaycan Albaniya dövlətinin yerirolu”, "Qafqaz tarixində miqrasiya prosesləri: kimmerlər, iskitlər və saklar”, "Qafqaz tarixində Dərbənd”, "Arxiv sənədlərində Azərbaycanın əhalisi (XVIII - XIX əsrin əvvəlləri)”, "Çar Rusiyasının Cənubi Qafqazda erməni dövləti yaratmaq siyasəti”, "XX əsrin əvvəllərində Cənubi Qafqazın türk-müsəlman əhalisinə qarşı soyqırımları”, "Bolşevik Rusiyasının türk dünyasını parçalamaq siyasəti və Qərbi Zəngəzurun ermənilərə verilməsi”, "Azərbaycanın tarixi taleyində neft problemi” və digər mövzularda məruzələri dinlənilib.

Konfrans işini "Tarix və mədəniyyət”, "Siyasət”, "İqtisadiyyat”, "Keçmişdən günümüzə Qafqazın tarixində regional məsələlər” və "Qafqazın gələcəyi” bölmələri üzrə davam etdirib.

Tədbir sentyabrın 28-də yekunlaşacaq.

 

Azərbaycan.- 2018.- 28 sentyabr.- S. 9.