Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası və mədəniyyətlərarası dialoqun təşviqinə böyük dəstək verir

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş katibi Antonio Quterreş ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş katib Bakıya səfərlərini və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayaraq, onun salamlarının və xoş arzularının dövlətimizin başçısına çatdırılmasını xahiş edib. A.Quterreş Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkəmizdə bütün istiqamətlərdə həyata keçirilən səmərəli fəaliyyəti yüksək qiymətləndirdiyini qeyd edərək, Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə icrası və mədəniyyətlərarası dialoqun təşviqinə verilən dəstək və töhfəni xüsusi olaraq vurğulayıb.

Nazir Elmar Məmmədyarov səmimi qəbula görə Baş katibə minnətdarlıq edib, onu 2019-cu il iyunun 14-15-də Bakıda keçiriləcək Qoşulmama Hərəkatının növbəti Sammitində iştirak etməyə dəvət edib.

Elmar Məmmədyarov BMT Baş katibinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların son vəziyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə iki gün əvvəl Ermənistan xarici işlər naziri ilə keçirdiyi görüş barədə məlumat verib. Görüşün nəticələrinə əsasən Minsk qrupunun həmsədrləri tərəfindən yayılmış bəyanatda da qeyd olunduğu kimi, substantiv danışıqların intensivləşdirilməsinin zəruri olduğunu vurğulayıb.

A.Quterreş münaqişənin həlli istiqamətində ATƏT-in Minsk qrupu tərəfindən aparılan fəaliyyətə dəstək verdiyini qeyd edib, BMT qurumlarının və şəxsən özünün sülh prosesinin inkişafına töhfə verməyə hazır olduğunu bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuranBMT-nin gündəliyində duran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

 

Azərbaycan.- 2018.- 30 sentyabr.- S.3.