Su - hər damlasında həyat var

 

Dünyada getdikcə bu əvəzolunmaz nemət tükənir

 

XX əsr elm texnikanın inkişafına görə dünyanın qızıl dövrü adlandırılır. Bu inkişafdan istifadə edən insanlar təbiəti həddən çox istismara məruz qoyublar. Ümumiyyətlə, təbiətə qarşı vurulan zərbə indi müxtəlif formalarda qayıdıb insanların özlərinə dəyir. Alimlər sübut ediblər ki, iqlim dəyişikliyi, daha doğrusu, qlobal istiləşmə insan fəaliyyətinin nəticəsidir. Bu gün biz bunun ziyanını çəkirik. Gələcək illərdə belə fəsadların nə səviyyədə olacağını indidən təsəvvür etmək mümkündür.

Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, fəlsəfə elmləri doktoru Əziz Əbdüləziz deyir ki, dünyadakı qlobal problemlərdən birisu çatışmazlığıdır. İndinin özündə bu, bəşəriyyət üçün böyük bəlaya çevrilib. Qarşıdakı illərdə bu daha böyük faciələrə səbəb olacaq. BMT-nin son araşdırmalarına görə, 30 ildən sonra dünya əhalisinin yarısı susuz qalacaq. Yəni, 2050-ci ilədək dünyada 3,5-4,4 milyard insan içməli su çatışmazlığı problemindən əziyyət çəkəcək. Həmin hesabatda qeyd edilir ki, içməli su çatışmazlığından əziyyət çəkəcək insanların 1 milyardı böyük şəhərlərdə yaşayanlar olacaq. Bu gün dünyada 2 milyarddan çox adam içməli su çatışmazlığından əziyyət çəkir və ya ümumiyyətlə, içməli su ehtiyatlarından məhrumdur. Məsələn, Efiopiyada 61 milyon insan su çatışmazlığından əziyyət çəkir. Hazırda Hindistanda da 163 milyondan çox adam içməli sudan məhrumdur. Hesabatda həmçinin qeyd edilir ki, yaxın onilliklər ərzində enerji sektoru tərəfindən su ehtiyatlarından istifadə də xeyli artacaq.

İçməli su dünyada bahalı əmtəəyə çevrilib. Hazırda Avropanın inkişaf etmiş Almaniya, Niderland, Danimarka kimi ölkələri İsveçdən içməli suyu satın alır. Uzaq Şərqdə də vəziyyət ürəkaçan deyil. Belə ki, dünyanın ən inkişaf etmiş ölkələrindən olan Yaponiyanın mağazalarında Norveçdən gətirilən su satılır. Dörd milyon əhalisi olan Konkonq isə əhalini su ilə Çindən çəkilən kəmər vasitəsilə təmin edir. Səudiyyə Ərəbistanı Filippindən, Sinqapur da Malayziyadan tankerlərlə içməli su alır.

Hesablamalara görə, təbii su ehtiyatları planetimizin bütün qatlarında - litosferdə, hidrosferdə və atmosferdə mövcuddur. Ən acınacaqlısı isə budur ki, şirin su ehtiyatları ümumi su ehtiyatlarının 2,5 faizini təşkil edirbunun da istifadəyə yararlılıq dərəcəsi 0,3 faizdir. BMT-nin su resurslarının qiymətləndirilməsi üzrə ümumdünya proqramının məlumatına görə, 2010-cu ildə dünyada şirin su defisiti artaraq 225-230 milyard kubmetr təşkil edib, 2025-ci ildə isə bu rəqəmin 6-9 dəfə artaraq 1,3-2 trilyon kubmetrə çatmaq ehtimalı var.

 

Su çatışmazlığı dünyanı qanlı müharibələrə gətirib çıxara bilər

 

Qeyd edildiyi kimi, günü bu gün insanlar su çatışmazlığından əziyyət çəkir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün dünyada diareya xəstəliyindən 5 min uşaq ölür, yəni, hər 17 saniyədə bir uşaq dünyasını dəyişir. Belə hal təkcə inkişafdan geri qalan ölkələrə aid deyil. İnkişaf etmiş ölkələrdə də 80 faiz xəstəliklər içməli suyun keyfiyyəti ilə bağlıdır. Bu ölkələrdə hər il 3 milyon insan suyun keyfiyyətsizliyi ilə bağlı xəstəliklərdən dünyasını dəyişir. Dünyada ümumilikdə 500 milyondan artıq insan içməli su ehtiyacından müxtəlif xəstəliklərə düçar olur. Bəşəriyyət içindən keçən iki dünya müharibəsinin başlanmasının əsas səbəbi ərazi iddiaları olub. İndi dünya alimləri belə qənaətə gəlirlər ki, üçüncü dünya müharibəsi içməli su ehtiyatlarının əldə edilməsi uğrunda başlaya bilər.

Tarixdən duz, mis, kömür, qızıl, almaz, uran, neft, qaz və digər sərvətlər uğrunda müharibələrin baş verdiyi məlumdur. Bu gün Suriya, İraq, Liviya və neftlə zəngin Yaxın Şərqin digər ölkələrində tökülən qanların səbəbi də "qara qızıl”dır. Yəni, bu müharibələrin məqsədi də müxtəlif xammal mənbələrinə sahib olmaqdır.

İndi isə dünyanın ən qlobal problemi su ilə, xüsusilə içməli su mənbələri ilə bağlıdır. Artıq Orta Asiyada, Yaxın Şərqdə su ehtiyatlarının bölünməsi üzündən bir sıra dövlətlər arasında açıq və ya gizli "müharibə”lər gedir. Su çatışmazlığı daha kəskin xarakter aldıqda, belə müharibələrin açıq və şiddətli olması şübhə doğurmur. Çünki susuz həyat yoxdur. Yaşamaq uğrunda müharibə aparmaq isə qaçılmazdır.

Dünyada ən çox şirin su ehtiyatı Rusiyanın Baykal gölündə cəmləşib. Bir çox Amerika siyasətçiləri Rusiyanın bu sərvətə təkbaşına sahib olmağını düzgün hesab etmirlər. Bu su ehtiyatından bəşəriyyətin bərabər istifadə etməsi fikrini irəli sürürlər. Sözsüz ki, belə təkliflər Rusiya tərəfindən birmənalı qarşılanmır. Bu ölkə nəyə sahib olduğunu çox gözəl bilir. Gələcəkdə dünya demək olar ki, həmin su mənbəyinin ümidinə qalacaq. Elə buna görə də amerikalı siyasətçilər indidən Rusiyaya qarşı qısqanclıqla yanaşırlar. Təəssüf ki, dünyanın gələcəkdə su çatışmazlığı faktoru üzündən faciə yaşamaq ehtimalı var.

 

Azərbaycan su ehtiyatlarının məhdud olduğu ölkələrdəndir

 

Əvvəl ölkəmizin təbii su ehtiyatları barədə: Azərbaycanda Xəzər dənizi hövzəsinə daxil olan 8350 çay var. Onların çoxunun uzunluğu 10 kilometrdən azdır. Cənubi Qafqazın, o cümlədən Azərbaycanın əsas su arteriyası Kür çayıdır. Böyüklüyünə və sululuğuna görə respublikanın ikinci çayı Arazdır. Ölkənin daxili çayları ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanıb və onların axınının əsas hissəsi yaz dövründə yağışlardan və qarın əriməsindən qaynaqlanır. Çayların əksəriyyəti daşqın və sel sularından əmələ gəldiyi üçün onlardan səmərəli istifadə etmək mümkün olmurbu sular dənizə axır. İlin isti aylarında isə kiçik çayların bir çoxunun suyu quruyur.

Azərbaycan arid zonada yerləşir, odur ki, su ehtiyatları olduqca məhduddur. Yerüstü su ehtiyatları 32,2 milyard kubmetrdir. Quraqlıq illərdə bu, 22,6 milyard kubmetrə qədər azalır. Yeraltı su ehtiyatları isə 5,2 milyard kubmetrdir. Onu da qeyd edək ki, Azərbaycanın yerüstü su ehtiyatlarının 70 faizi ölkə hüdudlarından kənarda formalaşır.

Hazırda ölkə üzrə orta illik su çatışmazlığı 3,7, az sulu illərdə 4,75 kubkilometrdir. Çaylardan ekoloji, energetika və digər məqsədlər üçün məcburi su buraxmalarını nəzərə alsaq, su çatışmazlığının ölkəmizdə problem olduğunu aydın görə bilərik. Üstəlik, ümumi su tutumu 640 milyon kubmetr olan su anbarları Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində qaldığı üçün uzun illərdir ki, bu imkandan istifadə edə bilmirik. Belə hal su qıtlığını daha da artırır. Su çatışmazlığı ilə yanaşı, çayların, xüsusilə transsərhəd çaylarının Ermənistan və Gürcüstan ərazilərində çirklənməsi ölkəmizdə ekoloji gərginliyi artıran əsas amildir. Bir çox illərdir ki, həmin ölkələrin ərazisindən axan Kür, Araz, Oxçuçay və digər transsərhəd çayları Azərbaycan ərazisinə yüksək dərəcədə çirklənmiş halda daxil olur. Hətta Ermənistandan axan Oxçuçay kritik dərəcədə çirkləndiyinə görə "ölü çayda adlanır.

Digər tərəfdən isə yazyay aylarında dağ çaylarının sel-suları əkin sahələrinə ziyan vurur. Biz hələ ümumi su tutumu 640 milyon kubmetr su ehtiyatı olan Sərsəng su anbarının Ermənistan tərəfindən işğal edilən ərazidə qalmasını demirik. İşğalçılar əkin vaxtlarında anbardan gələn suyu bağlayır, payız aylarında isə əksinə, suyu daha çox buraxaraq əkin sahələrinə ziyan vururlar. Qeyd edək ki, Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın nəzarətindədir.

"Azərbaycanın cəbhə bölgələri sudan məhrum edilib. Su çatışmazlığı və davamlı olaraq atəşkəsin pozulması səbəbindən cəbhə bölgəsindəki torpaqların böyük hissəsi suvarılmır. Bu da torpaqlarda çatların yaranmasına və onun məhsuldar qatının məhvinə gətirib çıxarır. Mühəndislər və alimlər xəbərdarlıq edirlər ki, bəndlər dağılarsa, 30-dan çox kənd daşqın nəticəsində məhv olacaq. Fəlakət riski hazırda çox yüksəkdir və suyun axın səviyyəsindən aşağıda yerləşən 6 rayonda 400 min Azərbaycan vətəndaşının həyatı təhlükədədir”. Bu fikirləri Braziliyada keçirilən 8-ci Dünya Su Forumunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi Anastasiya Lavrina bildirib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqladığı son məlumata görə, ölkənin yerli səth su ehtiyatları əgər 1960-1990-cı illərdə 10 kubkilometrə yaxın idisə, son illərdə bu azalaraq 9 kubkilometrə düşüb. Ölkədə içməli su tələbatını, eyni zamanda, suvarma və digər sahələrdə sudan istifadəni təmin etmək üçün Azərbaycan yerli çaylarla yanaşı, transsərhəd çaylar olan Kür, Araz, Qanıx, Samur, Astaras. çayların su ehtiyatlarından istifadə edir. İl ərzində orta hesabla götürülən suyun miqdarı 12,5 kubkilometr təşkil edir və gələcəkdə əhalinin sayının və suvarılan ərazinin artması ilə bağlı olaraq bu rəqəm daha da yüksək ola bilər. İqlim dəyişmələrinin təsiri və qonşu dövlətlər tərəfindən istifadə nəticəsində transsərhəd çayların su ehtiyatları da son illər azalıb. 1960-1990-cı illərlə müqayisədə son illərdə Kür, Qanıx və Araz çaylarının su ehtiyatları 30 faizə qədər azalır və nəticədə ölkəmizin ərazisinə bu çaylarla ildə cəmi 12-15 kubkilometr su daxil olur.

 

Ölkəmizdə su təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülüb

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında əkin sahələrinin suvarılmasının əhəmiyyətini vurğulayaraq demişdir: "Suvarma ilə bağlı qarşımıza qoyduğumuz rəqəm, hesab edirəm ki, təmin olunacaq, 100 min hektar yeni torpaqlara su veriləcək və 300 subartezian quyusunun qazılması nəzərdə tutulub. Burada artıq deyildi ki, onlardan 175-i istifadəyə verilib... Biz həm aqrotexniki tədbirlərlə bağlı texnologiyaları, həm də su ilə təminat texnologiyalarını Azərbaycana gətirməliyik. Elə müasir suvarma sistemləri var ki, hər bir qarış torpaqdan maksimum səmərə ilə istifadə olunur. Bax, bu texnologiyaları biz Azərbaycana gətirməliyik və elektron kənd təsərrüfatı sistemin nəhayət ki, tətbiq etməliyik”. Sitatdan aydın görünür ki, dövlət başçısı vətəndaşları sudan səmərəli istifadəyə çağırır.

Görülən işlər nəticəsində iqtisadiyyatsosial sahədə infrastrukturun inkişafı yüksək səviyyəyə çatıb. Bu, meliorasiyasu təsərrüfatı sahəsinə də aiddir. Belə ki, ötən dövr ərzində həmin sahəyə əsaslı kapital qoyuluşunun həyata keçirilməsi nəticəsində onun maddi-texniki bazası yaxşılaşıb, minlərlə kilometr suvarma kanalları və kollektor-drenaj şəbəkələri bərpa edilib, yenidən qurulub. Bunlarla yanaşı, əhalinin içməli və suvarma suyu ilə təmin edilməsi üçün son 15 ildə 2 mindən çox subartezian quyusu qazılaraq istifadəyə verilib.

Ərzaq təhlükəsizliyinin təmin edilməsi və ixracda kənd təsərrüfatı məhsullarının çəkisinin artırılması üçün aqrar sektorda yeni əkin sahələri dövriyyəyə daxil edilir. Həmin ərazilərin su təminatını yaratmaq üçün geniş meliorativ tədbirlər görülür. Onlardan biri Taxtakörpü və Şəmkirçay kimi iri su anbarlarının tikilməsi ölkəmizdə su təhlükəsizliyinin təminatında mühüm rol oynayır. Bununla yanaşı, bir neçə ortakiçik həcmli su anbarı da istismara verilib.

Azərbaycanda mövcud şərait diqqətdə saxlanılır. Əhalini və əkin sahələrini keyfiyyətli su ilə təmin etmək üçün müvafiq tədbirlər görülür. Son 14 ildə 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası həyata keçirilib. Bununla yanaşı, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətin yaxşılaşdırılması işləri görülüb. Həmçinin 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib. Ən önəmlisi isə ümumi sututumu 456 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilib.

Son dövrlər aqrar sektorda əkin sahələri genişləndirilərək yeni bağlar salınıb, pambıq sahələri artırılıb. Sözsüz ki, bu da suya tələbatın artmasına səbəb olur. Bu tələbatı ödəmək üçün ötən il 25 rayonda 6800 kilometr suvarma kanalları və 1500 kilometr kollektor-drenaj şəbəkələri lildən təmizlənib, 463 hidrotexniki qurğu, 22 nasos stansiyası təmir edilib. Su təminatı çətin olan fond torpaqlarında və qış otlaq sahələrində əkilən pambıq tarlalarının suvarılması üçün 1436 kilometr yeni suvarma kanalları çəkilib, 180 hidrotexniki qurğu tikilib. Ümumilikdə ötən il pambıq sahələri 3,1 dəfə suvarma suyu ilə təmin edilib.

Cari ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi sayəsində pambıqçılıq rayonlarında 62 min hektar sahə, o cümlədən 30 min hektar yeni suvarılacaq torpaqlara su veriləcək, 32 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq. Bu da pambıqçılığın inkişafına və məhsul istehsalının artmasına öz töhfəsini verəcək.

Meliorativ tədbirlər həyata keçirilərkən iki mühüm amilə diqqət yetirilir. Bunlar əkin sahələrinin suvarılması və əhalinin içməli suya olan tələbatının ödənilməsidir. Təkcə cari ildə dövlət tərəfindən ayrılan vəsait hesabına 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində subartezian quyuları qazılaraq istifadəyə veriləcək. Yeni subartezian quyularının qazılması isə həm iqtisadi, həm də sosial layihədir.

Onu da qeyd edək ki, ölkədə həyata keçirilən meliorativ tədbirlər nəticəsində hazırda 1 milyon 376 min hektar sahədə suvarma suyundan istifadə olunur. Bu da 136 min hektar pambıq, 518 min hektar taxıl, 3 min hektara yaxın tütün, 410 min hektar yem bitkiləri, 65 min hektar bostan-tərəvəz və digər bitkilərin orta hesabla 2,5 dəfə suvarılması deməkdir.

Biz hər damlasında həyat olan suyun qədrini bilməliyik. Bunun üçün sudan qənaətlə istifadə etməliyik. Çünki bizim su mənbələrimiz məhduddur. Dövlət tərəfindən ölkənin su təhlükəsizliyi təminatı sayəsində görülən mühüm işlərə vətəndaş dəstəyi də lazımdır. Vətəndaş dəstəyi isə ilk növbədə, sudan qənaətlə istifadə etməkdir. Bu, həyatın bəlkə də qarşımıza qoyduğu ən yüksək tələbdir...

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2018.- 30 sentyabr.- S.5.