Milli Məclisdə MDB PA Şurasının fərqlənmə nişanları təqdim edilib

 

Yanvarın 5-də Milli Məclisdə MDB Parlamentlərarası Assambleya Şurasının fərqlənmə nişanlarının təqdimetmə mərasimi keçirilib.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib ki, Azərbaycanda sosial-iqtisadi uğurların sayı ilbəil artır. Ölkəmizin beynəlxalq nüfuzlu təşkilatlarda, eləcə də MDB-də özünəməxsus rolu var. Aparat rəhbəri onu da vurğulayıb ki, Azərbaycanda rus dili və mədəniyyəti bir sərvət kimi daim qorunur. Səfa Mirzəyev müasir dövrdə mətbuat və informasiyanın ictimai həyatımızdakı mühüm rolundan söz açıb. O, bu gün mədəniyyət, informasiyaidman sahələrində fəallığı ilə seçilən, qurumla qarşılıqlı münasibətlərin inkişafına layiqli töhfə verən insanların MDB Parlamentlərarası Assambleyası Şurasının fərqlənmə nişanları ilə təltif edilməsindən məmnunluğunu ifadə edib.

Sonra Səfa Mirzəyev nominant kimi fərqlənən 160 nömrəli Bakı Klassik Gimnaziyasının direktoru Faina Ələkbərovaya, həmin məktəbin müəllimi İradə Səfərovaya, Azərbaycan Dövlət Rus Dram Teatrının aktrisaları Aleksandra Nikuşinaya, Valentina Reznikovaya “Mədəniyyətin inkişafında xidmətlərə görə”, Bədən Tərbiyəsi və İdman Akademiyasının əməkdaşları Firat Hüseynova, Bəxtiyar Rüstəmova, Basketbol üzrə əməkdar məşqçi Elxan Əliyevə, “Dinamoİdman Cəmiyyətinin rəhbəri Rafiq Hacıyevə “İdmanın inkişafında xidmətlərə görə”, “İnterfaks-Azərbaycan” agentliyinin baş redaktoru Anar Əzizova, “Kaspiy” qəzetinin baş redaktoru İlqar Hüseynova isə “Mətbuat və informasiyanın inkişafında xidmətlərə görə” fərqlənmə nişanlarını təqdim edib.

Deputat Elmira Axundova təltif olunanları təbrik edərək deyib ki, bu fərqlənmə nişanları ikinci dəfədir fəaliyyətinə görə fərqlənən insanlara təqdim edilir. Milli Məclisin deputatı Azərbaycanın informasiya, idman və mədəniyyət sahələrini təmsil edən fəal insanların sayının bundan sonra daha da artacağına ümid etdiyini vurğulayıb.

Təltif olunanlar zəhmətlərinə verilən yüksək qiymətə görə minnətdarlıqlarını bildiriblər.

 

Azərbaycan.- 2018.- 6 yanvar.- S.4.