Beynəlxalq mədəni tədbirlərlə zəngin daha bir il

 

Bakı 2017-ci ildə də müxtəlif dövlətlərin nümayəndələrinin ünsiyyət məkanına çevrildi

 

Zaman öz axarında, illər bir-birini əvəz etməyindədir. Ötən il də ölkəmizin mədəni həyatında yaddaqalan hadisələr az olmadı. Mayın 4-dən 6-dək Bakıda “Mədəniyyətlərarası dialoqun inkişafı: İnsan təhlükəsizliyi, sülh və davamlı inkişaf üçün yeni imkanlarmövzusunda IV Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO-nun tərəfdaşlığı ilə keçirilən forumda 40-dək beynəlxalq təşkilatın rəhbəri və yüksək səviyyəli rəsmiləri iştirak etdilər. Forumun şüarı 2018-ci ildə 10 illiyi qeyd olunacaq “Bakı prosesinin bütün mərhələlərindəki çağırışları və beynəlxalq gündəlikdə duran məsələləri əks etdirirdi.

Bu beynəlxalq tədbir bir sıra yeni təşəbbüslərlə yadda qaldı. Forum çərçivəsində ilk dəfə Beynəlxalq Təşkilatların Yüksək Səviyyəli Toplantısı keçirildi. Məqsəd Azərbaycanın təşəbbüsü ilə dünyanın siyasi, mədəni, hərbi, iqtisadi, sosial, maliyyə və digər beynəlxalq təşkilatlarını ilk dəfə biraraya gətirərək birgə fəaliyyət mexanizmlərini müəyyənləşdirmək idi. “Qızların təhsili vasitəsilə zorakı ekstremizmə qarşı” mövzusunda keçirilən tədbirin layihəsinin özəlliyi isə onun daim UNESCO-nun gündəliyində və fəaliyyətində yer alan bir proqram olmasıdır. Azərbaycanın təklifi ilə tədbir çərçivəsində hökumət rəhbərləri və nazirlərin yer aldığı Dünya Forumu Nazirlər Görüşü təsis edildi.

ForumdaSivilizasiyalar arasında mədəni körpülərin qurulmasında parlamentlərin rolumövzusunda ayrıca sessiya da keçirildi. Azərbaycanın bu təşəbbüsü parlamentlərin də prosesə fəal şəkildə cəlb olunmasına hesablanmışdı.

IV Forum həm də Azərbaycan Respublikası ilə BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən birgə “Mədəniyyətlərarası dialoqda liderlik naminə “Bakı prosesi” mükafatı”nın təsis edilməsi ilə əlamətdar oldu. Mükafat “Bakı prosesinin 10 illik yubileyi münasibətilə bu il təqdim olunacaq.

Son üç ildə I Avropa Oyunları, “Formula-1” Qran-prisi, Dünya Şahmat Olimpiadası kimi mötəbər idman yarışlarına evsahibliyi etmiş Azərbaycan paytaxtında ötən il daha bir beynəlxalq tədbir - IV İslam Həmrəyliyi Oyunları keçirildi. 12-22 may tarixində gerçəkləşən oyunlarda 50-dən çox müsəlman ölkəsindən gələn idmançılar 23 idman növü üzrə mübarizə apardılar. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən İslam Həmrəyliyi Oyunları ilə bağlı geniş mədəni və turizm xidməti proqramı hazırlandı. Bakıda, eləcə də regionlarda yerləşən tarix-mədəniyyət qoruqlarına, müxtəlif profilli muzeylərə və xüsusi hazırlanmış turizm marşrutları üzrə ekskursiya xidmətləri təşkil olundu.

Teatrlarda göstərilən tamaşalar da ötən il öz rəngarəngliyi ilə yadda qaldı. Müxtəlif xalqların mədəniyyətini özündə əks etdirən ekran əsərləri repertuarı bir az da zənginləşdirdi: Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının səhnəsində Lüdviq MinkusunDon Kixot”, Üzeyir bəy Hacıbəylinin “Əsli və Kərəm”, “Leyli və Məcnun”, Fikrət Əmirovun “Sevil”, Aqşin Əlizadənin “Qafqaza səyahət” və “Ümid valsı” səhnə əsərləri oyunların iştirakçılarında və bu müddətdə paytaxtın qonağı olan turistlərdə böyük maraq yaratdı. Heydər Əliyev Sarayında İslam və Azərbaycan mədəniyyəti və incəsənətini özündə dolğun əks etdirən müxtəlif konsert proqramları təqdim edildi.

Sentyabrın 28-dən 30-dək keçirilən Bakı V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 100-dək yerli, habelə xarici ölkələrdən 40-dan artıq nəşriyyat, kitab evi və digər qurumlar iştirak etdi.

Azərbaycan Milli Kitabxanasında “Kitabxanalar üçün yeni çağırışlar, yeni ideyalar, yeni tələblər: kitab, mütaliə, innovasiyalar” adlı beynəlxalq elmi konfrans, Mədəniyyət və Turizm Nazirliyinin “Bərpanəşr” layihəsi çərçivəsində çap olunmuş kitabların təqdimatı da bu sıradadır.

Ötən il həmçinin beynəlxalq əhəmiyyətli və mədəni irsimizin daha geniş coğrafiyada təbliği baxımından çox mühüm bir tədbirlə də yadda qaldı. Oktyabrın 18-dən 30-dək Beynəlxalq Muğam Mərkəzində “Ənənələr və innovasiyalardevizi altında Azərbaycan xalçası üzrə V Beynəlxalq simpozium keçirildi. Prezident İlham Əliyevin 14 noyabr 2016-cı il tarixli sərəncamına əsasən təşkil edilən simpoziumun əsas tərəfdaşları ICOC (Şərq Xalçaları üzrə Beynəlxalq Konfrans) və dünya xalçaçılıq sənətində gedən prosesləri işıqlandıran beynəlxalq “Halı” jurnalı idi.

Simpoziumla əlaqədar Mədəniyyət və Turizm Nazirliyi, AMEA və “Azərxalça” ASC tərəfindən birgə maraqlı tədbirlər planı hazırlanıb həyata keçirildi. 20-dən çox ölkədən xalça sənəti üzrə aparıcı mütəxəssislərin iştirak etdiyi tədbirin zəngin proqramı var idi. Üç gün davam edən bu beynəlxalq tədbir çərçivəsində “Xalçalarda müasir incəsənət” və “Uçan xalça”, “İpək xəzinələri: XVI-XVIII əsrlərdə Azərbaycan naxışları” adlı sərgilər, “Dizayn və rəng”, “Təsviri incəsənətdə və memarlıqda xalça nümunələri” mövzusunda iki akademik sessiya, “Kolleksiyalartoplama”, “Bərpa və qoruma”, “Xalçalar barədə söhbət” mövzularında seminarlar da keçirildi.

Azərbaycan mədəniyyətinin təbiəti elədir ki, o, həmişə bəşəriyyətə açıq olub. Çünki Şərq mədəniyyəti ilə sıx bağlı olsa da, Qərb mədəni dəyərlərini də özündə ehtiva edir. Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasında kifayət qədər zəngin tarixi təcrübəsi var. Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə isə bu məsələlər həm elmi-nəzəri baxımdan təhlil olunur, həm də dövlət siyasətində xüsusi yer tutur. Milli mədəniyyətimizin dünya xalqları ilə sıx əlaqəsi, sadəcə deklorativ bir müddəa şəklində bəyan edilmir. Bu, beynəlxalq təşkilatlarla - UNESCO, ISESCO, Avropa İttifaqı, Avropa Şurası ilə əməkdaşlıq şəraitində həyata keçirilən, evsahibliyi etdiyimiz beynəlxalq layihələr və tədbirlərlə də təsdiqini tapır.

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2018.- 17 yanvar.- S.1; 3.