Azərbaycan-Bolqarıstan əlaqələri uğurla inkişaf edir

 

Avropanın enerji təhlükəsizliyi məsələləri möhkəm təməl üzərində qurulur

 

Bu gün dünya miqyasında söz sahibinə çevrilən, milli maraqlarının təminini uğurla həyata keçirən Azərbaycanın xarici siyasətinin prioritet hədəflərindən biri iki və çoxtərəfli əsasda müxtəlif dövlətlərlə, təşkilatlarla əlaqələrini mütəmadi inkişaf etdirməkdir. Ötən dövr ərzində qeyd olunan xüsusda ölkəmiz çoxsaylı uğurların müəllifinə çevrilib. Təqdirləlayiq haldır ki, mövcud olduğu regionun lider dövləti statusunu daşıyan Azərbaycanla əlaqələrin inkişaf etdirilməsinə maraq göstərən dövlətlərin, təşkilatların da sayı kifayət qədərdir.

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında bu gün vacib mövqedən çıxış edən Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsində maraqlı tərəflərdən biri qismində Bolqarıstan da çıxış edir. Bu ölkənin Baş naziri Boyko Borisovun ölkəmizə səfəri və əldə edilən razılıqlar bunun təsdiqidir.

Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan və Bolqarıstan birlikdə Avropa üçün mühüm önəm kəsb edən “Cənub qaz dəhlizi”nin icrasını təmin edirlər. “Cənub qaz dəhlizi”nin inşası Avropanın enerji təhlükəsizliyinə Azərbaycanın daha bir vacib töhfəsi sayılır. Avropanın özündə də etiraf olunur ki, “Cənub qaz dəhlizi”nin icrasından sonra Avropanın enerji təhlükəsizliyi məsələləri daha da möhkəm təməl üzərində qurulacaq.

Eyni zamanda Bolqarıstan da Azərbaycan qazından yararlanan əsas ölkələrdən biri olacaq. Məsələnin bu tərəfinə nəzər salan Prezident İlham Əliyev Boyko Borisovla geniştərkibli görüşdən sonra mətbuata bəyanatında qeyd edib: Bir neçə ildən sonra 1 milyard kubmetr Azərbaycan qazının Bolqarıstan ərazisinə nəql ediləcəyini nəzərə alaraq, biz cənab Baş nazirlə müvafiq qurumların rəhbərlərinə göstəriş vermişik ki, tezliklə Azərbaycan şirkəti SOCAR-ın Bolqarıstanda qazlaşdırma ilə bağlı məsələləri araşdırsınlar və imkanları haqqında məlumatlar versinlər. Azərbaycan ölkə daxilində qazlaşdırmanı uğurla icra edir. Hazırda ölkəmizin 93 faizi qazlaşdırılıb və cari ilin sonuna qədər bu rəqəm 95 faizə çatacaqdır. Bununla paralel olaraq, digər ölkələrdə də SOCAR qazlaşdırma ilə bağlı investor kimi fəaliyyət göstərir, o cümlədən GürcüstandaAlbaniyada. Albaniyanın qazlaşdırılması ilə bağlı müvafiq memorandum imzalanmışdır. Hesab edirəm ki, Bolqarıstanda da qazlaşdırma ilə bağlı SOCAR-ın investor kimi fəaliyyəti həm SOCAR üçün, həm Bolqarıstan istehlakçıları üçün önəmli hadisə ola bilər. Müvafiq göstərişlər verilmişdir və əminəm ki, danışıqlar tezliklə başlanacaq”.

Bütün bunlar Bolqarıstanın enerji bazarında Azərbaycanın əsas iştirakçılardan biri qismində çıxış edəcəyini göstərir.

Enerji ilə yanaşı, iki ölkə arasında ticarət dövriyyəsinin həcminin artırılması, qarşılıqlı sərmayə qoyuluşunun çoxalması da diqqət mərkəzindədir. Digər tərəfdən, ötən ilin oktyabr ayında Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi Bolqarıstan üçünmaraq kəsb edir. Avropa ilə Asiya arasında ən qısa nəqliyyat marşrutu sayılan Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə Bolqarıstan üçün əlavə üstünlüklər vəd edir. Çünki sözügedən ölkə Asiyadan Avropaya yüklərin daşınmasında mövcud dəhlizin üzərində yerləşir. Bu fonda Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə edən ölkələr arasında yaxın tezlikdə Bolqarıstanı da görmək mümkün olacaq. Bu, Bolqarıstan üçün həm Azərbaycan, həm Qazaxıstan, həm də Çinlə yaxşı əlaqə deməkdir.

Bakı-Sofiya marşrutu ilə aviareyslərin təşkil edilməsi də qarşılıqlı əlaqələri gücləndirən faktorlar sırasındadır. Xatırladaq ki, yanvarın 16-da Bakıdan Sofiyaya ilk birbaşa aviareys açılıb. İlk birbaşa aviareysin açılışında Azərbaycanın Baş naziri Artur Rasi-zadə və Bolqarıstanın Baş naziri Boyko Borisov iştirak ediblər. Bakı və Sofiya arasında birbaşa aviareysin açılması barədə razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radev arasında danışıqlar çərçivəsində əldə olunub.

Bolqarıstanın paytaxtı Sofiya Azərbaycanın ilk loukosteriButa Airwaysin birbaşa uçuşlar yerinə yetirəcəyi Avropa İttifaqında ilk şəhər olub. Uçuşlar həftədə bir dəfə çərşənbə axşamları həyata keçiriləcək. Bu hal şübhəsiz ki, Bolqarıstan-Azərbaycan dostluğunu daha da möhkəmləndirəcək. Eyni zamanda, birbaşa aviareys turizmin inkişafına geniş rəvac verəcək. Hazırda bolqar turistlər Azərbaycana böyük maraq göstərirlər və artıq təyyarə vasitəsilə onların Azərbaycana gəlişi cəmi üç saat ərzində baş tutacaq. Eyni zamanda, bu reys Azərbaycan turistlərinə Bolqarıstanın dağ və dəniz kurortlarına getmələrinə imkan yaradacaq.

Humanitar sahədə də dərinləşən əməkdaşlıq tərəflər üçün əlavə üstünlüklər vəd edir. Belə ki, humanitar sahədəki əməkdaşlıq, insanlar arasındakı ünsiyyət iki ölkə arasında dostluğu daha da möhkəmləndirir. Bolqarıstanın Baş naziri Boyko Borisov da Azərbaycanla əlaqələrin dinamik inkişafından məmnunluq ifadə edir. Xüsusən də o, Bolqarıstanın qazlaşdırılmasında Azərbaycanın vacib rola malik olduğunu vurğulayır: “Əgər hörmətli Azərbaycan Prezidentinin dəstəyi ilə ölkəmizin qazlaşdırılmasına nail olsaq, biz əhalinin sosial cəhətdən zəif təbəqəsi üçün qazın təchizatı mümkünlüyünü təmin edə biləcəyik və onlar daha odundan, kömürdən istifadə etməyəcəklər. Hər iki ölkənin energetikaiqtisadiyyat nazirlərinin iştirakı ilə bu işin həyata keçirilməsi üçün miqdar və müddətə dair plan tətbiq ediləcək. Çünki Azərbaycan tərəfi qazın təchizatının ən sərfəli qiymətlərini təklif edir”.

Bütün bunlar ölkələr arasında əməkdaşlığın inkişafının hər iki tərəf üçün vacib əhəmiyyət daşıdığını aydın surətdə nümayiş etdirir.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2018.-17 yanavr.- S.2.