52 güllə yarası... və əbədiyyət zirvəsi

 

Şəhid Məmməd Məmmədovun böyük qəhrəmanlığı imperiyanın verdiyi ölüm hökmünə zərbə idi

 

“Həmin gün mənim ən çox sevdiyim günlərdən biri - ad günüm idi... Məmməd üç gün idi ki, ev üzü görmürdü, meydanlarda olurdu, avtobusla insanları daşıyırdı. 19-u səhər tezdən gəldi, yorulmuşdu, bir az dincəldi, artıq qohum-qonşu da gəlmişdi bizə, yübileyimi - 30 yaşımı qeyd edəcəkdik. O, qabaqcadan gül alıb məni təbrik etdi, ancaq dedi ki, axşam mütləq getməlidir. Mən və qonaqlar bunu istəməyəndə etiraz etdi, imkan olsa, tez qayıdacağını dedi, mən də razılaşdım. Amma uşaq atasından ayrılmırdı, ayaqlarından yapışıb bərk-bərk ağlayırdı ki, ata, getmə. O da qızını qucağına alıb öpdü, dilə tutdu ki, ata bu gün getsin, sabah gəlib üç gün səninlə qalacaq. Beləcə, Məmməd getdi, biz də evdə ad günü keçirdik. Haradan biləydik ki, bu sevincin sonunda həyatımızın ən pis xəbərini alacağıq?!”

 

Ölüm olacağına inanmırdıq”

 

Bu sözələri 20 Yanvar şəhidi Məmməd Məmmədovun həyat yoldaşı Afaq Məmmədova qanlı Yanvar gecəsindən danışarkən dedi. Həmin müdhiş gecədə Bakı şəhərində amansızlıqla qətlə yetirilən 131 nəfər arasında şəhər sakini 31 yaşlı Məmməd Məmmədov da var idi.

Sürücü idi. Həm də bacarıqlı və qətiyyətli mövqeyi, vətənpərvərliyi ilə seçilən sürücü... İdarə etdiyi iritutumlu avtobusla səhərə kimi həmvətənlərinin yanından uzaqlaşmadı, insan qanına susamış düşmənə sipər oldu. Öz avtobusunu düşmənin zirehli tanklarından da möhkəm hesab etdi, geri çəkilmədi, çünki ürəyində təpər var idi, nəyə görə orada olduğunu yaxşı bilirdi. Amma təpədən dırnağadək silahlanmış, PDM, zirehli transportyorlartanklarla hərəkət edən hərbi birləşmələrin qarşısını almaq qeyri-mümkün idi. Artıq azadlığı, öz müqəddəratı uğrunda haqq səsini qaldıran insanların ölümünə əmr verilmişdi.

Gecəyarı şəhər bir neçə tərəfdən gülləbaran edildi. Heç kimə rəhm edilmədi. Yaşlı, cavan, qadın və uşaqlar tankların tırtılları altında tapdandı. Sovet ordusunun yığma caniləri Məmmədi elə avtobusunda vurdular, maşın mərmi, güllə zərbələrindən darmadağın edildi. Məmməd isə nə az, nə çox, 52 güllə yarası aldı və əbədiyyətə qovuşdu.

Afaq xanım yaddaşını geriyə vərəqləyir, danışdıqca qəhər boğur onu. Deyir ki, indio hadisələr mənə yuxu kimi gəlir: “Güllə səsləri şəhəri bürümüşdü, pəncərədən onların sayrışan işıqlarına baxanda da yenə inanmağımız gəlmirdi ki, bunlar həqiqi güllələrdir, insanlar öldürüləcəkdir. Gecə saat 3-ün yarısı idi, qayınım Sabirin yaralı olması haqqında xəbər aldıq. Onda başa düşdük ki, qətllər törədirlər. Səhərə kimi gözlədik, yoldaşımdan heç bir xəbər gəlmədi, ümidimizi Allaha bağladıq. Nədənsə, onun sağ olacağını düşünürdüm...”

Nəhayət, ertəsi gün günorta saatlarında Məmmədovlar ailəsi Məmmədin ovaxtkı Semaşko adına xəstəxanadakı morqda olması haqqında xəbər alır. Həmin xəstəxanada yerləşdirilən digər bir qardaş - Sabir Məmmədov isə güllə yarası alsa da, xoşbəxtlikdən sağ qalmışdı. Hazırda ikinci qrup əlildir.

 

Bu gün atamonun kimi canını fəda edən insanların hesabına azad, müstəqil ölkədə yaşayıram”

 

Şəhidimizin yeganə övladı Leyla Məmmədova həmin vahiməli gecəni xatırlamır, amma baş verənlər bu gün onun üçün acı həqiqətə dönüb. 20 Yanvar xalqımızın yaddaşına, Azərbaycan tarixinə qəhrəmanlıq, mübarizlik günü kimi həkk olunsa da, Leyla yanvarı qara ay hesab edir: “Atamı heç xatırlamıram, mənim lap kiçik yaşlarımda onu itirdik. Amma atamla hər zaman fəxr etmişəm. Onun adı mənim üçün ən uca addır. Zaman-zaman valideynlərimdən, yaxınlarımdan, müəllimlərimdən, eşitdiklərimdən və oxuduğum kitablardan başa düşdüm ki, 20 Yanvar gecəsində mənim kimi çox uşaq atasız qalıb. Əlbəttə, bu gün atamın, onun kimi canını fəda edən insanların hesabına azad, müstəqil ölkədə yaşayıram. Amma bütün bunlara rəğmən bu ay məni ağrıdır. Bu ərəfədə atamın yoxluğunu daha çox hiss edirəm və ona görə təkcə həmin gecə yox, yanvarın bütün günləri, hər bir gecəsi mənim üçün matəmdir!”

Leyla atası haqqında danışanda kövrəlir, atası ilə birlikdə şəklinin, canlı görüntüsünün olmaması onu incidir. Deyir ki, atamın qucağında bircə şəklim olsaydı, onun məni necə sevdiyini, necə əzizlədiyini anlayardım, həm də mənim üçün ən dəyərli hədiyyə olardı. Həmişə böyüklər danışanda diqqətlə qulaq asır ki, atası haqqında bəlkə daha çox öyrəndi, onun səsinin necə olduğunu duydu. O, artıq anasından, əmilərindən eşitdiklərinə əsasən, öz dünyasında atasının canlı portretini yaradıb, az qala xarakterindəki incəliklərə qədər ona bələddir. Amma yenə də atası haqqında çox eşitmək istəyir... Özünü toparlayaraq bir az qürurla atasının ona verdiyi vədi tutduğunu deyir: “Sonuncu dəfə evdən çıxanda mənə deyib ki, gəlib üç gün səninlə qalacam. Elə də olub: şəhid olandan sonra atamın cənazəsi xəstəxanadan gətirilib və 3 gün evimizdə qalıb. Bir dəfə məni gəzməyə aparıb, onda da indiki Şəhidlər xiyabanına - ovaxtkı Kirov parkına. Oradan xoşum gəldiyini bildirmişəm, atam da mənə söz verib ki, səni bura tez-tez gətirəcəyəm. Əslində, sözünün üstündə də durdu: indi mənim ən çox getdiyim yer ora - atamın yatdığı Şəhidlər xiyabanıdır...”

İstəsək də, istəməsək də, bu hadisələr həyatımızın silinməz səhifəsidir və həmin gecə xalqımızın qəhrəmanlıq, mübarizlik günü kimi tarixə həkk olunub. Nə qədər kədərli görünsə də, təqvimlər sırasında qara rəngdə olsa da belə, 20 Yanvar hər birimizin yaddaşına heç vaxt silinməyəcək şanlı hadisə kimi hopub. Bu tarix, bu gecənin şəhidlərinin əziz xatirəsi Azərbaycanın müstəqilik yolunda ilk addımlarından biri kimi hər zaman qürurla yad ediləcək...

 

Elnur HADIYEV

 

Azərbaycan.- 2018.- 19 yanvar.- S.4.