Milli qürur günü

 

Yanvarın 18-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “20 Yanvarhüznmilli qürur günükitab sərgisinin açılışı və 20 Yanvar Fondunun sədri Şövqi Bünyatovun müəllifi olduğu “20 Yanvar hadisəsi və Aprel döyüşlərinin milli ruhumuzun inkişafındakı rolu” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə Milli Kitabxananın direktoru Kərim Tahirov 20 Yanvar hadisələri haqqında danışaraq ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu deyib. O, 20 Yanvar hadisələrinin təkcə faciə olmadığını, həm də Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixinin parlaq səhifəsi olduğunu bildirib. “Bu faciə Azərbaycan xalqını azadlıq əqidəsindən, əzmindən və məqsədindən döndərə bilmədi. Xalqımız bu mübarizliyi ilə nəhəng imperiyanın süqutuna yol açdı. Xalqın qəhrəman övladları bu gün də onların yolunu davam edirAprel döyüşləri bunu bir daha göstərdi”, - deyə kitabxananın direktoru vurğulayıb.

Tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblı elmi redaktoru olduğu kitab haqqında məlumat verərək bildirib ki, nəşr yeni dövr Azərbaycan tarixində iki əhəmiyyətli hadisənin - 20 Yanvar faciəsinin və Aprel döyüşlərinin təhlilinə həsr edilib. Əsərdə hər iki hadisə arasında aparılan müqayisədə əsas diqqət lider-millət vəhdətinin taleyüklü əhəmiyyətinə ayrılıb. Tarixi faktlara istinad edən müəllif 20 Yanvar hadisələrində ümummilli lider Heydər Əliyevin xalqına göstərdiyi mənəvi dəstəyi geniş təhlil edib, milli ruhun yüksəldilməsində bu dəstəyin əhəmiyyətini ön plana çıxarıb. “Dördgünlük müharibədə” qazanılan uğur isə güclü liderin və iradəli millətin sarsılmaz birliyinin nəticəsi kimi təhlil olunub.

Şövqi Bünyatov müəllifi olduğu kitabın məziyyətləri haqqında danışıb, nəşrin ərsəyə gəlməsində əməyi olanlara və tədbirin iştirakçılarına minnətdarlığını bildirib.

Sonra mərasim iştirakçıları kitabxananın foyesində 20 Yanvar faciəsinə həsr olunmuş kitab sərgisi ilə tanış olublar.

 

Azərbaycan.- 2018.- 19 yanvar.- S.5.