Koreya Azərbaycan üçün layiqli tərəfdaşdır

 

Yanvarın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Koreya-Azərbaycan münasibətlərinin tarixi köklərindən və bu əlaqələrin  müasir dövrdə daha da inkişafından söz açıldı. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, Koreya Azərbaycan üçün layiqli tərəfdaşdır. Hər iki dövlətin başçılarının qarşılıqlı münasibətləri, eyni zamanda dostluq qruplarının əməkdaşlığı  iki ölkə arasında münasibətlərin ildən-ilə inkişafına ciddi təkan verir. Eyni zamanda qarşılıqlı səfərlər zamanı imzalanan çoxsaylı sazişlər, icra olunan layihələr iqtisadi əlaqələrin inkişafına töhfəsini verib. Spiker qeyd etdi ki, indiyə qədər görülən işlərdən əlavə, qarşıda icra olunacaq çox böyük layihələr var.  Bu gün Koreya Respublikası ilə təkcə iqtisadi yox, təhsil, humanitar və digər sahələrdə də əlaqələr yeni inkişaf mərhələsindədir. Azərbaycanda peşə təhsilinin inkişafında, təcrübə mübadiləsinin formalaşmasında Koreya təcrübəsinə xüsusi önəm verilir. Hər il Koreyada təhsil alan azərbaycanlı tələbələrin sayı artır.

Spiker Oqtay Əsədov görüş çərçivəsində qonaqlara bu ilin ölkəmiz üçün əlamətdar il olduğunu,  Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan parlamentinin yüzillik yubileyi olacağını xatırlatdı və koreyalı deputatların bu ərəfədə səfərlərini, Milli Məclisdə olmalarını yüksək qiymətləndirdiyini bildirdi.

Koreya Milli Assambleyasının üzvü, Koreya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Li Myonq Su xoş münasibətə görə minnətdarlığını bildirdi. O, ilk səfərinin olmasına baxmayaraq, hər zaman Azərbaycanla maraqlandığını, burada gedən sosial-iqtisadi inkişafa, sabitliyə və çoxşaxəli əlaqələrə önəm verdiyini dedi. Qeyd etdi ki, Azərbaycana səfərində əsas məqsəd ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqlərinin daha da inkişaf etdirilməsi, eyni zamanda Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyinin təşviqi ilə bağlıdır. Çünki Azərbaycanın uğurları, zəngin keçmişibugünkü sosial-iqtisadi inkişafı tərəfdaş ölkə kimi onlar üçün çox dəyərlidir.

Li Myonq Su onu da bildirdi ki, Azərbaycana gələndən sonra onlara bir daha aydın olub ki, bu gözəl diyarın sərvətləri təkcə yeraltı və yerüstü nemətlər deyil: Azərbaycanın ən böyük sərvətləri buranın insanları, bacarıqlı liderləridir. Belə olmasaydı, qısa müddətdə bu qədər geniş və əhatəli inkişaf yolu keçmək, böyük nüfuz qazanmaq mümkün deyildi.

 

Elnur HADIYEV

 

Azərbaycan.- 2018.- 25 yanvar.- S.3.