Davos görüşlərində Azərbaycanın etibarlı tərəfdaş olduğu bir daha vurğulandı

 

Forumda əməkdaşlığın yeni sahələri müəyyənləşdirildi

 

1994-cü ildən başlayaraq Azərbaycanın təşəbbüsü və liderliyi ilə qlobal layihələr həyata keçirilir. Azərbaycan bu layihələri tərəfdaşlıq etdiyi ölkələrlə, dünyanın tanınmış şirkətləri ilə, beynəlxalq təşkilatlarla birlikdə icra edir. Başqa sözlə, Azərbaycan dünyada nadir və nümunəvi beynəlxalq əməkdaşlıq, tərəfdaşlıq formatı yaradıb. Təsadüfi deyil ki, Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən iclas və görüşlərdə də ölkəmizin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd olunub.

Prezident İlham Əliyevin Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Sevçoviçlə Davosdakı görüşündə “Cənub qaz dəhlizi”nin icrası ilə bağlı görülən işlər barədə fikir mübadiləsi aparılıb. Bu ilin fevral ayında Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının növbəti toplantısının keçiriləcəyi qeyd olunub.

Bu, sayca dördüncü toplantı olacaq və onların məhz Bakıda keçirilməsi ənənəyə çevrilib. Bu da “Cənub qaz dəhlizi” kimi nəhəng bir layihənin aparıcı qüvvəsinin Azərbaycan olduğunu təsdiqləyən faktdır.

Söhbət zamanı eləcə də Transanadolu Qaz Boru Kəmərinin (TANAP) və Transadriatik Qaz Boru Kəmərinin (TAP) maliyyələşdirilməsi məsələləri müzakirə edildi. TANAP-ın bu il istifadəyə veriləcəyi qeyd olundu.

2018-ci il “Cənub qaz dəhlizi” üçün önəmli bir il olacaq. İlk növbədə ona görə ki, bu il “Şahdəniz” yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasilata başlanacaq.

“Şahdəniz” yatağı “Cənub qaz dəhlizi”nin ehtiyat mənbəyidir. Hazırda “Şahdəniz-2” layihəsi ilə bağlı dənizdə və quruda həyata keçirilən işlər sona çatmaq üzrədir. Bu, “Cənub qaz dəhlizi”nin növbəti uğurlarına yol açır.

Prezident İlham Əliyev və BP şirkətinin baş icraçı direktoru Robert Dadli Davosda görüşərkən eləcə də “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının işlənməsi üzrə müqavilənin uzadılmasının əhəmiyyətini vurğulayıblar. Xatırladaq ki, BP həm “Şahdəniz”, həm də AÇG layihəsinin operatorudur.

Müstəqilliyimiz bərpa olunandan sonra dünyanın bir sıra tanınmış enerji şirkətləri Azərbaycana işləməyə dəvət olundu. “Əsrin müqaviləsi” imzalandı, müəllifi ümummilli lider Heydər Əliyev olan yeni neft strategiyası həyata keçirilməyə başlandı.

Beləliklə, Xəzər dənizi beynəlxalq əməkdaşlıq məkanına çevrildibir sıra dünyaşöhrətli neft-qaz şirkətləri buraya böyük həcmdə sərmayələr yatırdılar. Azərbaycanın bugünkü nailiyyətləri bu siyasətin nəticəsidir.

Sözügedən şirkətlərdən biri də “Statoyldur. Norveçin bu şirkəti 25 ildir Azərbaycanda uğurla fəaliyyət göstərir. Hazırda şirkətin AÇG layihəsindəki iştirak payı 8,6 faiz təşkil edir. “Statoyl” eləcə də “Qarabağ”, “Dan ulduğukimi perspektiv yataqlarla bağlı işlərdə tərəfdaşımızdır.

Prezident İlham Əliyevin “Statoyl” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşündə qarşıda duran işlərin müzakirə olunması ilə yanaşı, gələcəkdə əməkdaşlığın daha da inkişaf edəcəyi bildirilib.

Rusiyanın “LUKoyl” şirkəti Azərbaycanda uzun illərdir uğurla fəaliyyət göstərir, ölkəmizdə sərmayələr yatırır. Prezident İlham Əliyevlə şirkətin prezidenti Vahid Ələkbərovun görüşü zamanı bunlar qeyd edildi. “LUKoyl”-SOCAR əməkdaşlığının istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı.        

Şevron” (ABŞ) şirkətinin korporativ biznes inkişafı üzrə vitse-prezidenti Cey Prayer Prezident İlham Əliyevlə görüş zamanı Azərbaycanla tərəfdaşlığın yüksək səviyyədə olduğunu vurğuladı, əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini bildirdi.

Dünya İqtisadi Forumu çərçivəsində “Neftqaz sənaye siyasəti üzrə liderlərin toplantısı” adlı sessiya da keçirildi. Dövlət və hökumət başçıları ilə yanaşı, dünyanın aparıcı enerji şirkətlərinin qatıldığı sessiyada sahənin perspektivləri barədə fikir mübadiləsi aparıldı.

Davosdakı görüş və iclasların əksəriyyətində Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolu vurğulanıb. Azərbaycanın dövlət başçısı ilə görüşündə İsveçrə Konfederasiyasının Prezidenti Alain Berset iki ölkə arasında hərtərəfli münasibətlərdən danışarkən bu məsələni də qeyd edib. Söhbət zamanı eləcə də Azərbaycanın artıq mühüm nəqliyyat qovşağına çevrildiyi bildirilib, ölkədə iqtisadiyyatın şaxələndirildiyi, qeyri-neft sektorunun inkişaf etdirildiyi barədə danışılıb. SOCAR-ın İsveçrədəki uğurlu fəaliyyətindən, qarşılıqlı investisiya qoyuluşundan bəhs olunması, ticarətin genişləndirilməsinin zəruriliyinin göstərilməsi isə şərhə ehtiyacı olmayan faktlardır.

Bir sözlə, Davos görüşləri Azərbaycanın yaratdığı beynəlxalq tərəfdaşlıq formatının davamlı olduğunu göstərdi, yeni əməkdaşlıq sahələrini müəyyənləşdirdi.

 

Flora SADIQLI

 

Azərbaycan.- 2018.- 27 yanvar.- S.1; 2.