Azərbaycan uğurla, sürətlə inkişaf edən ölkədir

 

İlham Əliyev: “Ölkəmizdə təhlükəsizlik, sabitlik təmin edilir. Sabitliyin mənbəyi isə Azərbaycan xalqının iradəsidir, xalq-iqtidar birliyidir

 

* Son 14 il ərzində ölkəmizdə 30 elektrik stansiyası tikilmişdir. Bu stansiyaların generasiya gücü 2500 meqavata bərabərdir. 2004-cü ilə qədər Azərbaycanda bütün dövrlər ərzində 9 elektrik stansiyası tikilmişdir. Ancaq onların generasiya gücü böyük idi, onların potensialı 3900 meqavatdır. Biz 14 il ərzində generasiya gücümüzün 2500 meqavat artırılmasına nail olduq.

*  Əgər biz 2004-cü ildə elektrik enerjisini idxal edirdiksə və buna görə valyuta ödəyirdiksə, hazırda biz nəinki özümüzü tam şəkildə təmin edirik, eyni zamanda elektrik enerjisini ixrac etməyə başlamışıq.

*  2004-cü ildə Azərbaycanda qazlaşdırmanın səviyyəsi 51 faiz idi. Bölgələrdə demək olar ki, qaz yox idi, şəhərlərdə də yox idi, kəndlərdə ümumiyyətlə yox idi. Hazırda Azərbaycanda qazlaşdırma 93 faizə çatıb. Bütün şəhərlərimiz qazla 100 faiz təmin edilib.

*  2004-cü ildə ölkə üzrə fasiləsiz içməli su ilə təminat 26 faiz idi, hazırda bu, 67 faizə çatıb, Bakı şəhərində 81, bölgələrdə isə 43 faizdir.

*  Demək olar ki, bir çox şəhərlərimizdə içməli sukanalizasiya layihələri uğurla başa çatıb. Oğuz-Qəbələ-Bakı kimi nəhəng su kəməri, - bu da tarixi hadisədir, - inşa edilib.

*  Son 14 il ərzində dörd su anbarı tikilmişdir - Taxtakörpü, Şəmkirçay, Göytəpə və Tovuzçay su anbarları. Bu, nəhəng tarixi infrastruktur layihələridir.

*  Avtomobil yollarının tikintisi infrastruktur layihələri arasında önəmli yer tutan sahədir. Hazırda kənd yollarının tikintisi geniş vüsət alıb. Son 14 il ərzində 12 min 300 kilometr yol çəkilmişdir. Bu il bu rəqəm təqribən 15 min kilometrə çatacaq. Son 14 il ərzində 443 körpü tikilmişdir.

*  İqtisadiyyat 14 il ərzində 3,2 dəfə artmışdır. Bu, dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatımız isə 2,8 dəfə artmışdır. Sənaye sahəsində 2,6 dəfə artım var, kənd təsərrüfatında 1,7 dəfə. Qeyri-neft ixracımız 4,1 dəfə artmışdır.

*  2004-cü ildə bizim valyuta ehtiyatlarımız 1,8 milyard dollar idi. Bu gün isə bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir. On dörd il ərzində biz valyuta ehtiyatlarımızı 23 dəfə artırmışıq. Adambaşına düşən valyuta ehtiyatlarının həcminə görə, bu gün Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir.

*  On dörd il ərzində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulmuşdur. Bunun yarısı xarici, yarısı isə daxili sərmayədir. Adambaşına düşən sərmayələrin həcminə görə, Azərbaycan yenə də dünya miqyasında lider dövlətlər arasındadır.

*  On dörd il ərzində əhalimiz 1,5 milyon nəfər artıb. Bu, çox gözəl göstəricidir. Bu, onu göstərir ki, əhalimiz artır, ölkəmiz güclənir.

*  Görülən işlər nəticəsində bu gün Azərbaycanda işsizlik 5 faiz, yoxsulluq isə 5,4 faiz səviyyəsindədir. Biz birinci proqramın icrasına başlayanda yoxsulluğun səviyyəsi 50 faiz idi, indi isə 5,4 faizdir.

*  Maaşlar 14 il ərzində beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb və bir çox önəmli sosial layihələr icra edilib.

*  Biz sosial infrastrukturla bağlı böyük işlər görmüşük, 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud təmir edilmişdir, 43 Olimpiya İdman Kompleksi inşa olunmuşdur.

*  Güzəştli şərtlərlə verilən bu kreditlər sahibkarlar tərəfindən yüksək qiymətləndirildi, onlar bu kreditlərdən istifadə edərək yeni müəssisələr, yerləri yaratdılar.

*  “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilmişdir və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır.

*  Azərbaycan kosmik dövlətə çevrilib. Hazırda bizim iki peykimiz var - telekommunikasiya və əraziləri müşahidə peykləri. Üçüncü peyk bu il orbitə buraxılacaq. Azərbaycan dünyanın məhdud olan kosmik klubunun üzvüdür.

*  Ölkəmizdə yeddi aeroport tikildi. Onlardan altısı beynəlxalq aeroportdur. Birinci proqram qəbul olunana qədər bizim bir beynəlxalq aeroportumuz var idi - Bakı aeroportu. Digər aeroportlar yerli əhəmiyyətli aeroportlar idi. Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Qəbələ, Zaqatala - altı beynəlxalq aeroport, birYevlax aeroportu yenidən quruldu.

*  Azərbaycanda böyük gəmiqayırma zavodu inşa edildi. Bu gün biz bütün növ gəmiləri istehsal edə bilərik. Artıq gəmiqayırma zavodu önəmli, böyük sifarişlər icra edir. Ələt Dəniz Ticarət Limanı bu il istifadəyə verilməlidir. Bu, Xəzər hövzəsində ən böyük beynəlxalq dəniz ticarət limanıdır. Bu liman olmadan biz nəqliyyat dəhlizinə, nəqliyyat mərkəzinə çevrilə bilməzdik. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan dövləti və xalqı qarşısında tarixi xidmətdir.

*  Biz indi 42 milyard dollar valyuta ehtiyatlarımıza malikik.

 

Azərbaycan.- 2018.- 30 yanvar.- S.1.