Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanla yaxşı əməkdaşlığı mövcuddur

 

Aprelin 1-də Milli Məclis sədrinin müavini Bahar Muradova Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb.

Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Bahar Muradova Azərbaycanın Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlığa böyük önəm verdiyini deyib. Bildirib ki, uzun illərdir bu təşkilat qarşıda dayanan vəzifələrin həyata keçirilməsi üçün şəffaf fəaliyyət göstərir. Əməkdaşlığımız həm təşkilatın dəyərlərinə, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə davam edir.

Qarşılıqlı görüşlərin intensivliyinin artırılmasının vacibliyini qeyd edən Milli Məclis sədrinin müavini ermənilərin girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyev üçün keçirdikləri narahatlığa görə Beynəlxalq Qızıl Xaç Komitəsinə təşəkkürünü bildirib. Qeyd edib ki, biz əsirlikdə yaşayan bütün insanların azad edilməsinin tərəfdarıyıq.

Söhbət zamanı Bahar Muradova Ermənistanla təmas xəttində yaşayan Azərbaycan vətəndaşlarının problemlərinin həlli, ermənilərin girov götürdüyü Elvin İbrahimovun azad edilməsi üçün Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyi ilə birgə göstərilən səylərin daha da artırılmasının vacib olduğunu vurğulayıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elena Aymone Sessera qurumun ölkəmizlə yaxşı əməkdaşlıq qurduğunu, parlamentlə də qanunvericilik istiqamətində uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb. O, bu faydalı əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminliyini bildirib. Qonaq diqqətə çatdırıb ki, onlar girov götürülmüş şəxslərə mütəmadi olaraq baş çəkir, onların sağlamlıqları ilə maraqlanır və ailələrinə məlumat verirlər.

Söhbət zamanı qarşıda dayanan digər vəzifələr və görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.

 

Azərbaycan.- 2019.- 2 aprel.- S.2.