Ali Baş Komandan aprel zəfərinin 3-cü
ildönümündə bəyan etdi: "Biz indi daha
güclüyük"
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olub.
AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-mayor Hikmət Mirzəyev Ali Baş Komandan İlham Əliyevə raport verdilər.
Dövlətimizin başçısı əvvəlcə burada ulu öndər Heydər Əliyevin büstünün önünə gül dəstəsi qoyaraq xatirəsini dərin ehtiramla yad etdi.
Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə hərbi hissədə aparılan yenidənqurma işləri barədə məlumat verdi.
Bildirildi ki, bu hərbi hissənin ərazisində qərargah binası, yeməkxana, əsgər yataqxanası yenidən qurulub, müasir təlim mərkəzləri yaradılıb. Hərbi hissənin ərazisində, eyni zamanda, burada xidmət edən ailəli hərbi qulluqçular üçün yeni yaşayış binaları, subay hərbçilər üçün isə müasir tələblərə cavab verən yataqxanalar inşa olunub. Dövlətimizin başçısına məlumat verildi ki, burada yeni binaların da tikintisi nəzərdə tutulur.
Sonra Prezident İlham Əliyev hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını izlədi.
Son illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm və tarixi işlər görülüb. Şübhəsiz ki, bütün bu uğurların əldə edilməsində, Silahlı Qüvvələrimizin müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində Azərbaycanın iqtisadi inkişafı vacib rol oynayır. Təbii ki, güclü ordunun yaradılması həm də güclü hərbi-sənaye kompleksinin mövcudluğu ilə şərtlənir. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2005-ci ildə ölkədə müdafiə sənayesinin əsasının qoyulması və bu sahədə istehsal yönümlü müəssisələrin fəaliyyətə başlaması Azərbaycan Ordusunun maddi-texniki bazasını daha da möhkəmləndirib. Dövlətimizin başçısının diqqəti nəticəsində yaradılan müdafiə sənayesi kompleksi Azərbaycanda ən müasir hərbi texnikanın istehsalına geniş imkanlar açıb. Təsadüfi deyil ki, indi ölkəmizin silah-sursatları bir çox parametrlərinə görə dünyada ilk yerlərdən birini tutur.
Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlər ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirilir. 2003-cü ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün milli ordumuzun dünyanın ən qüdrətli ordularının sırasına daxil olmasına imkan yaradıb. Görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasındadır. Bu faktı beynəlxalq hərbi tədqiqat mərkəzləri də təsdiqləyir. Şübhəsiz ki, Azərbaycan bu uğura hərbi potensialın gücləndirilməsi, qoşun birləşmələrinin döyüş hazırlığının müasir standartlar səviyyəsində qurulması sayəsində nail olub.
İndiyədək ordunun döyüş qabiliyyətinin daha da artırılması, əməliyyat işləri üzrə hazırlığın gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlı birlik və birləşmələrin xeyli sayda komanda-qərargah təlimi keçirilib. Bu təlimlərə Silahlı Qüvvələrin müxtəlif qoşun birləşmələri cəlb olunub. Ordumuzun gücünü son illərdə keçirilən hərbi paradlarda nümayiş etdirilən canlı qüvvə və hərbi texnikadan da görmək olur. Bu hərbi texnika ilə Azərbaycan Ordusu Ali Baş Komandanın əmrinə əsasən istənilən an düşmənə sarsıdıcı zərbə vuraraq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Bunu 2016-cı ildə cəbhədə baş verən hadisələr də göstərdi. Azərbaycan qoşunlarının mövqelərini dağıdıcı silahlardan, ağır artilleriyadan atəşə tutan düşmən layiqli cavabını aldı. Bu döyüşlər Azərbaycan Ordusunda yüksək mənəvi-psixoloji hazırlığın olduğunu üzə çıxardı. Aprel döyüşlərinin ən mühüm nəticəsi həm də ondan ibarət oldu ki, Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalandı. Mətin ordumuz 1992-ci ildən erməni silahlı birləşmələrinin işğal etdiyi Şərur rayonunun Günnüt kəndini də qəhrəmanlıqla azad etdi. Əlahiddə Ümumqoşun Ordusunun əks-həmləsi nəticəsində Xunut dağı və Ağbulaq yüksəkliyi, Qızılqaya dağı və Mehridağ işğaldan azad olundu, ümumilikdə 11 min hektara yaxın ərazi nəzarət altına alındı. Bütün bu uğurlar isə Azərbaycan Ordusunun qüdrətini göstərir. Çünki ölkəmizin güvənc yeri, qürur, ləyaqət rəmzi və özünütəsdiq imkanı olan Azərbaycan Ordusu xalqımızın milli düşüncəsində ali və müqəddəs ucalıqda dayanır, dövlətimizin varlıq, mövcudluq və milli kimlik meyarı kimi çıxış edir. Xalqımızın Silahlı Qüvvələrə olan inamı isə ölkəmizin milli təhlükəsizliyinin təmin olunmasında ordunun şəxsi heyətinə böyük etimad yaradır.
Sonra Prezident İlham Əliyev hərbi qulluqçularla görüşdü.
Ali Baş Komandan görüşdə çıxış etdi.
Prezident, Ali
Baş Komandan İlham Əliyevin çıxışı
-Əziz zabitlər, mən
sizi ürəkdən salamlayıram.
Bu gün hərbi hissə ilə
tanışlıq mənə çox xoş təəssürat
bağışladı. Son illərdə hərbi hissə əsaslı
şəkildə yenidən quruldu, təlim prosesi
üçün bütün lazımi şərait
yaradıldı. Bu, bir daha onu göstərir ki, bu gün
Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu
prosesi sürətlə gedir, bizim hərbi hissələrimiz
yenidən qurulur, yenidən tikilir, ordumuz ən müasir texnika
ilə təchiz edilir. Bu da təbiidir,
çünki biz müharibə şəraitində
yaşayırıq, müharibə hələ bitməyib,
müharibənin birinci mərhələsi başa
çatıb. Bu gün Azərbaycan Ordusu
dünya miqyasında güclü ordular sırasındadır.
Aprel döyüşlərindən 3 il keçir. Aprel
döyüşləri tariximizin şanlı səhifəsidir.
Döyüşlər zamanı itkilərimiz də
olub, Allah bütün şəhidlərimizə rəhmət
eləsin. Yaralı hərbçilərimizin
müalicəsi, bərpası üçün dövlət əlindən
gələni əsirgəməyib və yaralanmış
bütün hərbçilər xoşbəxtlikdən normal
həyata qayıtdılar. Onların
müalicəsi, bərpası, aktiv həyata qayıtmaları
üçün bütün lazımi işlər
görülmüşdür.
Aprel döyüşləri
bizim böyük tarixi qələbəmizdir, müasir
tariximizdə ən uğurlu hərbi əməliyyatlardan
biridir. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər
Ermənistan silahlı qüvvələri işğal
edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini,
hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının
qarşısını almaq üçün Azərbaycan
Ordusu çox uğurlu əməliyyat keçirmiş və
vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl
rayonlarının bir hissəsini işğalçılardan
azad etmişdir. Minlərlə hektar torpaq
işğalçılardan azad edildi, on minlərlə hektar ərazi
nəzarətimizə keçdi. Vaxtilə
işğal edilmiş torpaqlarda bu gün Azərbaycan
bayrağı dalğalanır. Döyüşlər
zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq
göstərmişlər. Bir daha göstərmişlər
ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır,
həm Vətənə bağlıdır, həm də istənilən
anda öz vəzifə borcunu yerinə yetirməyə
hazırdır. Aprel döyüşləri
hərbi cəhətdən çox uğurlu əməliyyat
idi. Çünki əlverişsiz
mövqelərdən bizim hərbçilərimiz çox
önəmli strateji yüksəklikləri
işğalçılardan azad etmişlər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji
baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan
təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi
cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya
göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək
keyfiyyətlərə malikdir və istənilən anda istənilən
vəzifəni icra edə bilər. Ermənistanın
yaratdığı mif tamamilə darmadağın edildi.
Bizim mülki vətəndaşlarımız
da döyüşlər zamanı qəhrəmanlıq
göstərmişlər. Bir neçə mülki şəxs
Ermənistanın təxribatı nəticəsində həlak
olmuşdur, yüzlərlə ev sıradan
çıxmışdır, yandırılmışdır. Biz bütün bu evləri qısa müddət ərzində
bərpa etdik. Döyüşlərdən
sonra getdiyim həmin o təmas xəttinə yaxın yerləşən
kəndlərdə vətəndaşlarla görüş əsnasında
gördüm ki, bu vətəndaşlarda nə qədər
milli ruh var, bunlar nə qədər qorxmaz insanlardır, atəş
altında qalaraq öz doğma evlərini, kəndlərini tərk
etməmişlər.
Döyüşlər nəticəsində
Cocuq Mərcanlı kəndinə yeni həyat verildi. Cocuq Mərcanlı qısa
müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası,
tibb məntəqəsi, Şuşa məscidinin bənzəri
olan məscid tikildi, yeni iş yerləri yaradılır. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb.
Bu, bir daha onu göstərir ki, Azərbaycan
xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq.
Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan
vətəndaşı bir arzu ilə yaşayır - bizim
işğal altındakı torpaqlarımız tezliklə azad
olunsun və Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etsin.
Əfsuslar olsun ki, müstəqilliyimizin
ilk illərində bizim torpaqlarımız işğal
altına düşmüşdür. Bunun səbəbi də
odur ki, o vaxt hakimiyyətdə olan qüvvələr öz
yarıtmaz fəaliyyəti ilə imkan verdilər ki, Ermənistan
torpaqlarımızı zəbt etsin. AXC-Müsavat
cütlüyünün xəyanətkar fəaliyyəti nəticəsində
işğal edilmiş torpaqlarda Ermənistan silahlı qüvvələri
möhkəmləndi, Ermənistanla Dağlıq Qarabağ
arasında canlı bağlantı yaradıldı və
düşmənə imkan verdi ki, öz
işğalçılıq siyasətini davam etdirsin. Ancaq ulu öndər Heydər Əliyev hakimiyyətə
qayıdandan sonra vəziyyətdə dəyişiklik edildi,
uğurlu Horadiz əməliyyatı aparıldı. Horadiz əməliyyatı nəticəsində 20-dən
çox yaşayış məntəqəsi
işğalçılardan azad edildi. Bu
gün Horadiz şəhəri və həmin o kəndlər
çiçəklənir, canlanır, orada ən yüksək
səviyyədə işlər görülür.
Ordu quruculuğu prosesinə start
verildi. Bu gün ordu quruculuğu baxımından
Azərbaycan dünyanın güclü ölkələrindəndir.
Qeyd etdiyim kimi, sonuncu reytinqə əsasən Azərbaycan
Ordusu dünya miqyasında öz potensialına görə
52-ci yerdədir. Ötən il
keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi
göstərdi. Ordumuz üçün ən
müasir silahlar, texnikalar alınır, ordumuzun
döyüş qabiliyyəti artır. Aprel
döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu
edirik və edəcəyik. Ötən il
uğurlu Naxçıvan əməliyyatı
keçirilmişdir. Bu əməliyyat nəticəsində
biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox
böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha
göstərdi ki, ordumuz peşəkardır, ordumuzun
döyüş qabiliyyəti yüksək səviyyədədir.
Bütün bunlar
reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı
haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər
və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr
edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi
bütövlüyünün qorunması işində rol
oynayan əsas amildir.
Hərbçilərin məişət
problemləri həll olunur. Buna da böyük diqqət
göstərilir. Keçən ilin sonunda
300-dən çox hərbçiyə yeni mənzillər
verildi. Bu günə qədər yüzlərlə
hərbçi dövlət tərəfindən mənzillərlə
təmin edilib. Bu proses davam etdirilir. Eyni
zamanda, hərbi hissələrin yenidən qurulması prosesi geniş
vüsət almışdır. Son illərdə
bir çox hərbi hissələrin şəhərciklərinin
açılışında olmuşam. Hər
yerdə səviyyə yüksəkdir, şərait çox
gözəldir, o cümlədən bu hərbi hissədə.
Burada mənə əvvəlki illərdə
olan vəziyyəti əks etdirən fotoşəkillər təqdim
olundu. Əlbəttə ki, vəziyyət
çox ağır idi. Ancaq mənim
xüsusi tapşırığım əsasında hərbi
hissə qısa müddət ərzində yenidən quruldu,
burada yaxşı şərait yaradıldı. Həm burada çalışanlar, həm
yataqxanalarda qalanlar üçün gözəl şərait
yaradıldı. Onu da bildirməliyəm ki,
bizim hərbi hissələrimizdə mülki işlərdə
mülki vətəndaşlar çalışır, bu da
yenilikdir. Beləliklə, biz hərbçiləri,
onların fəaliyyətini əsas vəzifə borcuna yönəltmişik,
eyni zamanda, 20 minə yaxın mülki şəxs işlə
təmin edilmişdir.
O ki qaldı, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinin həllinə,
burada bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur.
Bu münaqişə yalnız ölkəmizin ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır. Dağlıq
Qarabağ bizim əzəli, tarixi torpağımızdır.
Əsrlər boyu xalqımız bu torpaqlarda
yaşayıb, qurub, yaradıb. Bu gün
bütün dünya Dağlıq Qarabağı Azərbaycanın
ayrılmaz hissəsi kimi tanıyır. Bütün
mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar
və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma "Dağlıq
Qarabağ respublikası”nı tanımayıb, əminəm
ki, tanımayacaqdır.
Ona görə
danışıqların davam etdirilməsinin məqsədi
işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz
ki, Ermənistanın yeni rəhbərliyi
danışıqların formatını dəyişdirmək
istəmişdir. Verilən bəzi bəyanatlar
da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu
mümkün etməmişdir. Münaqişə
Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal
edibdir. İşğal edilmiş torpaqlarda
qarşı tərəfdə hərbçilərin 80 faizi
Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki
ölkə arasında aparılmalıdır və
aparılır. Son Vyana
görüşü, o cümlədən ona görə
önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi.
Həm xarici işlər nazirləri arasında
aparılan danışıqlar, həm də rəhbərlik
arasında keçirilmiş görüş bir daha onu
göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir.
Biz hər dəfə bu münaqişə ilə bağlı
sözümüzü deyəndə bu münaqişəni belə
də adlandırırıq: Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi.
Haqq-ədalət, tarixi həqiqət
bizim tərəfimizdədir. İqtisadi güc də,
hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər,
hərbi sahədə aparılan islahatlar, hərbi
gücümüzün artırılması, həm siyasi
meydanlarda, həm də döyüş meydanlarında qələbələr
bizi daha da ruhlandırır, daha da gücləndirir.
Siz - burada xidmət göstərən
hərbçilər öz vəzifə borcunuzu çox
yaxşı bilirsiniz, yaxşı başa
düşürsünüz. Siz ən ağır
döyüşlərdə iştirak etmisiniz, qəhrəmanlıq,
şücaət göstərmisiniz. Dövlət
sizin fəaliyyətinizi yüksək qiymətləndirir.
Mən Sizi əldə edilmiş uğurlar
münasibətilə təbrik edirəm, sizə və Ordumuza
yeni uğurlar, yeni qələbələr arzulayıram.
Sağ olun.
***
Müdafiə naziri Zakir Həsənov
şəxsi heyət adından ordu quruculuğuna göstərdiyi
diqqətə görə Ali Baş Komandana minnətdarlığını
bildirərək dedi:
- Cənab Ali Baş Komandan.
Azərbaycan Ordusunun
bütün şəxsi heyəti adından Sizə dərin
minnətdarlığımızı bildiririk. Orduda
keçirdiyiniz islahatlar ordunun döyüş qabiliyyətinin
artırılmasına, nizam-intizamın güclənməsinə
və şəxsi heyətin sosial bazasının yüksək
səviyyədə təşkil olunmasına yönəlib.
Bu gün Azərbaycan Ordusunun bütün
uğurları yalnız bu islahatlar nəticəsində
mümkün olmuşdur.
Bu gün şəxsi heyət Sizin
orduya göstərdiyiniz diqqət və qayğını
gündəlik həyatında hiss edir və Sizin
etimadınızı doğrultmaq üçün hər an hər
bir əmrinizi yerinə yetirməyə hazırdır və
qadirdir.
Diqqətinizə görə çox
sağ olun.
***
Sonra Prezident İlham
Əliyevə xüsusi təyinatlıların geyim
formaları, xüsusi təchizatı və ərzaq
normalarının nümunələri təqdim olundu. Yüksək döyüş qabiliyyəti, mənəvi-psixoloji
hazırlığı və vətənpərvərliyi ilə
seçilən Azərbaycan ordusunun hərbi
qulluqçularının sosial məsələlərinin həlli,
onların xidmətkeçmə və hazırlıq səviyyələrinin
daha da yüksəldilməsi istiqamətində də son
illərdə dövlətimiz tərəfindən
mühüm addımlar atılıb.
Azərbaycan.- 2019.- 3 aprel.- S.1-2.