Aprel zəfəri gəncləri Baş Sərkərdənin ətrafında daha sıx birləşdirdi

 

Aprel döyüşləri - dördgünlük müharibə Azərbaycan Ordusunun şanlı tariximizə yazdığı qürur günüdür. Bu savaş 1994-cü ildə həyata keçirilən uğurlu Horadiz əməliyyatından sonra ordumuzun düşmənə göz dağı verdiyi ən irimiqyaslı döyüşlər kimi yaddaşlara həkk olundu.

Azərbaycan əsgərinin şücaəti, şanlı zəfəri sayəsində tarix yazan Aprel döyüşlərindən 3 il ötməsinə baxmayaraq, bu tarixi qürurla anır, qəhrəman oğullarımızı fərəhlə yad edirik.

Bu gün Aprel zəfəri deyəndə hər bir azərbaycanlının qəlbində fəxarət hissi yaşanır. Çünki bu uğurlu döyüş salnaməsi Azərbaycan dövlətinin, onun qüdrətli ordusunun gücünü, xalqın birliyini, gənclərin vətənpərvərliyini və ən əsası, heç vaxt işğalla barışmayacağımızı dünyaya nümayiş etdirdi.

Aprel döyüşləri düşmənə və onun havadarlarına həm də bir mesaj oldu. Onlar bir daha şahidi oldular ki, illər keçsə də, azərbaycanlıların vətən sevgisi, milli mənəvi dəyərlərə bağlılığı, eləcə də ordusuna inamı sarsılmazdır və Azərbaycan bir qarış torpağını belə güzəştə getməyəcək.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordunun bu zəfəri işğalçının təbliğat maşınının öz silahlı birləşmələrinin gücü haqqında formalaşdırdığı mifi darmadağın etdi.

Bu döyüşlərdən sonra Ermənistandakı hərbi xunta rejimi çökməyə başladı. Yüksək rütbəli hərbçilər vəzifəsindən uzaqlaşdırıldı, həbslər başlandı. Xalqla hakimiyyət arasında uçurum daha da dərinləşdi və hərbi xunta rejimi devrildi.

Eyni zamanda bütün Ermənistana bəlli oldu ki, müharibə başlayacağı təqdirdə Azərbaycan Ordusu bir neçə günə bayrağını Xankəndidə, Şuşada dalğalandırmağa qadirdir. Ona görə ki, cəmi dörd gün ərzində keçən döyüşlərdə Azərbaycan Ordusu hərbi baxımdan xeyli strateji yüksəklikləri, ümumən 2 min hektara qədər işğal altında olan ərazimizi azad etdi. Lələtəpə yüksəkliyi ordumuzun nəzarəti altına keçdi. Bununla da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi üçün heç bir təhlükə qalmadı. Çünki işğaldan azad olunanadək Ermənistan silahlı bölmələri Horadiz şəhəri başda olmaqla Füzuli rayonunun bütün yaşayış məntəqələrini, o cümlədən Azərbaycan Ordusunun mövqelərini açıq-aydın müşahidə edirdilər, istənilən yerə atəş zərbələri endirə bilirdilər. Ancaq Lələtəpənin geri qaytarılması ilə vəziyyət tamamən dəyişdi və Azərbaycan dövləti cəmi 8 aya Cocuq Mərcanlını yenidən bərpa etdi.

Bu gün həyat qaynayan Cocuq Mərcanlıdan Lələtəpədə dalğalanan üçrəngli bayrağımıza baxan hər bir soydaşımız qürur hissi keçirir. Bu kəndin məscidindən verilən azan səsi isə şəhidlərimizin ruhunu şad etdiyi halda düşmənin əsgərinin keçirdiyi vahiməli hisləri daha da artırır.

Aprel döyüşləri dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, Ermənistanın əldə etdiyi "uğurun” isə müvəqqəti xarakter daşıdığını və gec-tez ədalətin bərpa olunacağını göstərdi.

Bu döyüşlərin nəticəsi olaraq Azərbaycan bir çox sahələrdə, eləcə də hərbi və psixoloji sahələrdə üstünlük əldə etdi. Ümumilikdə dördgünlük müharibə Ermənistan-Azərbaycan münaqişəsinin həllində yeni vəziyyətin yaranmasına və ölkəmizin böyük üstünlük qazanmasına səbəb oldu.

Məhz buna görə də bu döyüşün qəhrəmanları ilə görüşündə Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərini şanlı qələbə adlandırdı. Lələtəpə əməliyyatını qəhrəmanlıq rəmzi kimi qiymətləndirən cənab Prezident işğalçıya Lələtəpədən sərt mesajlar ünvanladı. Dedi ki, Ermənistan bu məğlubiyyətindən düzgün nəticə çıxarmasa, qarşıda Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar gerçəkləşəcək. Gerçəkləşdi də. Naxçıvanda Azərbaycan Ordusunun Günnüt əməliyyatı işğalçıya daha bir zərbə vurdu.

Düzdür, ölkə ictimaiyyəti Aprel döyüşlərinədək ordumuzun hansı gücə malik olduğunu parad və təlimlərdə görmüşdü. Amma bu döyüşlər göstərdi ki, Azərbaycan Ordusu həm arsenalındakı müasir hərbi texnikaya, silah-sursata, həm də əsgərinin yüksək döyüş əzminə görə düşməndən qat-qat üstündür.

Azərbaycan cəmiyyəti hər zaman ordu ilə həmrəydir. Aprel döyüşləri zamanı hər kəs şahidi oldu ki, Dağlıq Qarabağda xidmət edən erməni hərbçi, torpaqlarımızda məskunlaşdırılan mülki əhali geriyə qaçdığı halda Azərbaycanda əli silah tutan hər kəs ön xətt istiqamətinə üz tutaraq döyüşə atılmaq əzmindədir.

Xüsusən də gənclər Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin üzvləri silaha sarılmağa hazır olduqlarını bildirərək Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdilər. Bu qürurverici mənzərə onu deməyə əsas verdi ki, sülh danışıqları bir nəticə verməyəcəyi halda 300 mindən artıq YAP gəncləri də hər zaman olduğu kimi, əldə silah vətən torpaqlarının azad edilməsi uğrunda mübarizənin ön cərgəsində zəfər yürüşünə qatılacaqlar.

 

Amil CAVADOV,

YAP Gənclər Birliyinin Şura üzvü

 

Azərbaycan. - 2019.- 3 aprel.- S. 8.