MSN ilə Çinin “CETC International” şirkəti arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq müzakirə olunub

 

Aprelin 3-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Çin Xalq Respublikasının müdafiə sənayesi sahəsində yüksək texnologiyalı məhsullar istehsal edən "CETC International” şirkətinin baş direktoru Lonq Binin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Sənayesi Nazirliyindən (MSN) AZƏRTAC-a bildiriblər ki, nazir müavini Yəhya Musayev Azərbaycan ilə Çin arasında mövcud əməkdaşlıq əlaqələrinin yüksək səviyyədə olduğunu vurğulayıb və nümayəndə heyətinə MSN-in fəaliyyətinə dair məlumat verib.

Görüşdə MSN ilə "CETC International” şirkəti arasında müxtəlif sahələrdə əməkdaşlığın istiqamətlərinin müəyyənləşdirilməsi və perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Müzakirə olunan məsələlərlə bağlı işçi qrupunun yaradılmasına dair razılıq əldə olunub.

Görüşdə Azərbaycanın Çindəki hərbi attaşesi, 1-ci dərəcəli kapitan Elçin Cəfərov da iştirak edib.

Qeyd edək ki, əsasən elektron komponentlərin və avadanlıqların istehsalı ilə məşhurlaşan və 100-dən çox ölkə ilə əməkdaşlıq edən "CETC International” şirkəti hazır məhsullarının çeşidinin və keyfiyyətinin səviyyəsi ilə seçilir. Şirkət MSN-in təşkilatçılığı və dəstəyi ilə son illər Azərbaycanda keçirilən "ADEX” beynəlxalq müdafiə sərgilərində stendlə təmsil olunaraq öz məhsullarını nümayiş etdirib.

 

Azərbaycan.- 2019.-4 aprel.- S.4.