Görkəmli dramaturq teatrlarımızda yad edilir

 

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, istedadlı yazıçı və dramaturq, şair Cəfər Cabbarlının anadan olmasının 120 illiyi tamam olur.

Cəfər Cabbarlı milli ədəbiyyatın ənənələrinə söykənərək dövrünün ictimai-siyasi, sosial, mədəni mühitində baş verən yenilikləri öz əsərlərində məharətlə əks etdirdi. O, Azərbaycan sovet dramaturgiyasında realizmın banisi sayılır. Cəfər Cabbarlı ilk səhnə əsərlərini erkən yaşlarından qələmə almağa başladı. Çox keçmədi ki, dramaturq kimi şöhrətləndi. Əsərləri müxtəlif teatr truppalarında tamaşaya qoyulan Cəfər Cabbarlı bu sahədə oxuyub-öyrənməklə kifayətlənmədi, o, həm də Bakı Teatr Məktəbində səhnə təhsili aldı.

Görkəmli dramaturqun sağlığında heç bir dramı kitab şəklində çap olunmasa da, tamaşaya qoyulurdu. Cəfər Cabbarlının ilk səhnə əsəri "Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüşpyesidir. Melodrama janrında işlənmiş bu əsər 1915-ci ildə tamamlandı. İlk qələm təcrübəsi olmasına baxmayaraq, pyes bitkin təsir bağışlaması ilə diqqəti çəkdi. Daha sonra o, "Solğun çiçəklər”, "Nəsrəddin şah”, "Trablis müharibəsi” ("Yıldız, yaxud Trablis müharibəsi”), "Ədirnə fəthi”, "Bakı müharibəsi”, "Aydın”, "Oqtay Eloğlu”, "Od gəlini”, "Sevil”, "Almaz”, "1905-ci ildə” və başqa dramlarını yazdı. Azərbaycan tamaşaçılarının neçə-neçə nəslinin estetik zövqünün formalaşmasında Cəfər Cabbarlının həmin pyeslərinin rolu danılmazdır. Milli və bəşəri dəyərləri təcəssüm etdirən bu əsərlər uzun illərdir ki, Azərbaycan teatrlarının səhnəsindən düşmür.

Prezident İlham Əliyevin 17 dekabr 2018-ci ildə imzaladığı "Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında” sərəncamının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tədbirlər planı hazırlayıb. Tədbirlər planında il ərzində görkəmli ədibin yubileyinin mədəniyyət, elm və təhsil ocaqlarında müxtəlif səpkili tədbirlərlə qeyd olunması nəzərdə tutulub. Azərbaycan teatrlarında da yubiley ili çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Belə ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının 120 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək. Tədbir "Salnamə” sənədli filmlər studiyası tərəfindən lentə alınacaq.

Bundan başqa, Akademik Milli Dram Teatrında dramaturqun "Od gəlini” pyesinin, Azərbaycan Dövlət Akademik OperaBalet Teatrında Fikrət Əmirovun C.Cabbarlının eyniadlı pyesi əsasında yazdığı "Sevil” operasının nümayişi nəzərdə tutulur. Şəki Dövlət Dram Teatrında da klassik Azərbaycan dramaturqu Cəfər Cabbarlının anadan olmasının 120 illiyi münasibətilə onun əsərlərindən biri tamaşaya qoyulacaq.

Azərbaycan Dövlət Teatr Muzeyində C.Cabbarlının əsərlərinin teatr quruluşlarına çəkilmiş dekorasiyageyim eskizlərindən ibarət sərgi, Bakı Xoreoqrafiya Akademiyasında ədibin həyat və yaradıcılığına həsr olunmuş "dəyirmi masa” təşkil olunacaq. Həmçinin Bakı Xoreoqrafiya Akademiyasının tələbə və şagirdləri OperaBalet Teatrında Cəfər Cabbarlının librettosu əsasında Əfrasiyab Bədəlbəylinin "Qız qalası” baletini səhnələşdirəcək.

Şəhər (rayon) mədəniyyət müəssisələrində yubileyə həsr olunmuş ədəbi-bədii gecə, bədii qiraət müsabiqələri keçiriləcək.

 

Azərbaycan.- 2019.- 4 aprel.- S.7.