“Bakı-2015”dən “Formula-1”dək...

 

Paytaxtımız daha 5 il planetin sürət paytaxtı olacaq

 

İdman ölkəsinə çevrilən Azərbaycanda son illərdə onlarla dünya Avropa miqyaslı yarış keçirilib. Beynəlxalq idman federasiyalarının qərarları ilə ölkəmizdə təşkil olunan hər bir turniri, idman müsabiqəsini layiqincə təşkil edən Azərbaycan hər dəfə tarixini möhtəşəm nailiyyətlə zənginləşdirib.

Respublikamız təkcə yüksək evsahibliyi nümunəsi ortaya qoymayıb. Həm sübut olunub ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.

"Formula-1” yarışlarında yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan daha 3 il, yəni 2023-cü ilədək dünyanın ən güclü pilotlarını qarşılayacaq. Bakı builki yarış da daxil olmaqla, daha 5 il planetin sürət paytaxtı olacaq.

 

Yarışların Azərbaycan standartı

 

Ümumiyyətlə, son dörd ilə nəzər yetirdikdə görürük ki, ən böyük idman hadisələrindən biri, sözsüz ki, tarixdə ilk dəfə təşkil olunan Avropa Oyunlarının 2015-ci ildə Bakıda keçirilməsi idi. Ölkəmiz 2 ildən çox davam etdirilən yüksək səviyyəli hazırlıq işlərindən sonra Avropanın 50 ölkəsindən 6 mindən çox idmançının mübarizə apardığı bu idman yarışını layiqincə təşkil etməklə tək özünün deyil, "köhnə qitə”nin idman tarixinə möhürünü vurdu. Çünki indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi.

Nümunəvi təşkilatçılığı, olduqca möhtəşəm açılış bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə (12-28 iyun) dünyanın əsas idman hadisəsinə çevrildi.

21-i qızıl, 15-i gümüş 20-si bürünc olmaqla qazandığı 56 medalla Azərbaycan I Avropa Oyunlarının ikincisi oldu. Bir daha şahidi olduq ki, ölkəmizdə həyata keçirilən idman siyasəti öz bəhrəsini verir.

Azərbaycan 2017-ci ildə ənənəsinə sadiq qaldı. Mayın 12-22-də paytaxtımız müsəlman aləminin idman mərkəzinə çevrildi. İslam dünyasının idman həyatı üçün əlamətdar olan "Bakı-2017” IV İslam Həmrəyliyi Oyunları çox böyük uğurla yekunlaşdı. 54 ölkədən 3000-dən çox idmançının iştirak etdiyi yarışlarda Azərbaycan atletləri 75-i qızıl, 50-si gümüş, 37-si bürünc olmaqla 162 medal qazanaraq birinci yeri tutdular. İslam dünyasının ən nüfuzlu idman yarışında iştirak edən atletlər, qonaqlar Azərbaycanla tanış oldular, ölkəmizin uğurlu inkişaf modelini növbəti dəfə gördülər.

 

Planetin bir nömrəli avtomobil yarışı

 

"Formula-1” yarışları isə paytaxtımızda 2016-cı ildən keçirilməyə başlanılıb. Həmin ildə Avropa Qran-pri yarışlarının Bakı mərhələsi adlandırılan yarış iyunun 17-19-da təşkil olunmuşdu. "Formula-1”in Bakı mərhələsində tarixdə ilk dəfə 21 mərhələdən ibarət yeni mövsümdə 11 komanda 13 fərqli ölkədən dünyanın ən məşhur pilotları birincilik uğrunda mübarizə aparıblar. Möhtəşəm yarışda dünya çempionu adını qazanmış 5 pilot iştirak etmişdi.

"Formula-1” üzrə dünya çempionatı birnəfərlik, açıq təkərli avtomobillərin yarışıdır. Yüksək statusa malik bu yarışlarda sürücülər pilot, avtomobillər isə bolid adlanır. İl ərzində müxtəlif ölkələrdə "F1” üzrə mərhələ yarışları, başqa sözlə, qran-prilər təşkil olunur. Dünyada geniş tamaşaçı auditoriyasına malik bu turnirlər izlənmə sayına görə yalnız yay olimpiya oyunlarından futbol üzrə dünya çempionatından geri qalır. Daha çox sürət həvəskarlarının maraq dairəsində olan "Formula-1” qran-priləri ilk vaxtlar ancaq Avropa ölkələrində keçirilsə , hazırda dünyanı əhatə edir. Yarışları FİA (Beynəlxalq Avtomobil Federasiyası) keçirir. 1904-cü ildə Parisdə yaradılan federasiya avtomobil idmanı üzrə təşkil olunan bütün növ yarış tədbirlərə cavabdehdir.

"Formula-1” üzrə ilk rəsmi dünya çempionatı 1950-ci il mayın 13-də İngiltərənin Silverstoun trekində təşkil olunub. Britaniya kral ailəsinin maraqla izlədiyi turnirdə 21 bolid qələbə uğrunda mübarizə aparıb. Həm təsnifat, həm əsas mərhələdə finiş xəttinə birinci gələn "Alfa Romeo”nun italiyalı pilotu Cüzeppe Nino Farina "F1” yarışının ilk qalibi kimi tarixə düşüb. Birincilik uğrunda mübarizədə onun əsas rəqibi komanda yoldaşı, argentinalı Xuan Manuel Fanxio olub. Lakin sonralar X.M.Fanxio bu məğlubiyyətin əvəzini yetərincə çıxıb. Belə ki, o, karyerası ərzində 5 dəfə (1951-ci, 1954-cü, 1955-ci, 1956-cı 1957-ci illərdə) dünya çempionu adını qazanmaqla rəqiblərinə aman verməyib.

 

68 ölkədən tamaşaçı yarışı tribunalardan izləyib

 

2017-ci ilin ən yaddaqalan idman turnirlərindən biri iyunun 23-25-də Bakıda dünyanın ən nüfuzlu avtomobil yarışlarından olan "Formula-1” Azərbaycan Qran-prisinin keçirilməsi idi. Prezident İlham Əliyevin yüksək dəstəyi ilə ikinci dəfə baş tutan dünya çempionatının 8-ci mərhələsi olan Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışdı. Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük marağına səbəb oldu. 500 milyondan artıq tamaşaçı bu yarışı izlədi. 57 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan canlı olaraq yarışa baxdı.

Ötən il aprelin 27-29-da Bakı planetin bir nömrəli avtomobil yarışına sayca 3-cü dəfə evsahibliyi etdi. Bu dəfə Azərbaycan Qran-prisində ən məşhur 20 pilot 10 komandanın tərkibində yarışdı. Gərgin keçən mübarizə sürət həvəskarlarının böyük marağına səbəb oldu. 500 milyondan artıq tamaşaçı kütləsinə malik yarışı 68 ölkədən çoxlu sayda azarkeş paytaxtımızda tribunalardan izlədi.

 

Bakıdakı yenilik marağı bir qədər artırıb

 

"Formula-1” yarışlarının cari mövsümdə 4-cü mərhələsinə evsahibliyi edəcək Azərbaycan 3 il öncə dünya çempionatının Bakı mərhələsində yenilik tətbiq etmişdi.

Bu, sıralama turları ilə bağlıdır. Əvvəlki qaydalara görə, 18 dəqiqə davam edən birinci 15 dəqiqəlik ikinci seansların nəticələrinə əsasən ən pis nəticə göstərən 6 pilot mübarizədən kənarlaşdırılırdı. 10 pilot isə 12 dəqiqəlik üçüncü seansdakı göstəricilərə görə yarışa start verirdi.

Yeni qaydalarda isə seansın sonunda yox, hər 90 saniyədən bir ən yavaş pilotun mübarizəni dayandırması nəzərdə tutulub. "Formula-1” mütəxəssislərinin rəyinə görə, bu yenilik həyəcanı bir qədər artırıb.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.- 6 aprel.- S.1; 7.