Birinci vitse-prezident Mehriban Əliyeva: “Azərbaycan dövləti cəsarətli oğulları ilə fəxr edir

 

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-dəki görüşü ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdır. Bunu redaksiyaya daxil olan telefon zəngləri, internet bağlantıları və göndərilən mesajlar da deməyə əsas verir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti kimi də, bu cür rəğbətlə qarşılanan humanist addımları, xeyirxahlıqları ilə xalqın istəyini qazanmışdır.

Xatırladaq ki, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva əsgər və hərbi qulluqçuların ailələrinin, milli ordu quruculuğunda, habelə ölkəmizin ərazi bütövlüyünün qorunmasında xidməti olanların həyat şəraitinin yaxşılaşmasına və sağlamlıqlarının bərpasına həmişə xüsusi qayğı göstərirlər. Son illər şəhid əsgər və hərbi qulluqçuların ailə üzvlərinə 11 min manat müavinət verilməsi, onların fərdi torpaq sahəsi və evlə təmin olunması, bu kateqoriyadan olan insanların uşaqlarının məktəb, təhsil və problemlərinin həllində yaxından iştirakı buna bariz nümunədir.

Erməni işğalçıları ilə döyüşdə əlil olmuş şəxslərə maddi-mənəvi dəstək, onların sağlamlığının bərpasına lazımi diqqət Mehriban xanım Əliyevanın humanizm fəaliyyətinin əsasını təşkil etmişdir. Müharibə əlillərinin əksəriyyəti Birinci vitse-prezidentin köməyi ilə dünyanın nüfuzlu xəstəxanalarında müalicə almışdır. Üç il bundan əvvəl Heydər Əliyev Fondu "2016-cı ilin aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsinə başlamışdır. Artıq bu layihənin ikinci mərhələsi yekunlaşıb. Ötən 3 il ərzində 100-dən çox zabit və əsgər yüksək texnologiyalı protezlərlə təmin olunub. Bu insanlar Vətən yolunda qəhrəmanlıq göstərərək Azərbaycanın ərazi bütövlüyünün bərpası, müstəqilliyi, ölkəmizin daha qüdrətli, möhkəm olması yolunda sağlamlıqlarını itirsələr də, ölkəmizə, xalqımıza, Prezidentə və Ali Baş Komandana sadiqlik nümayiş etdirmişlər. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın görüş iştirakçılarına müraciətində deyildiyi kimi, dövlətimiz bu hərbçilərin fəaliyyətini yüksək qiymətləndirir, onlar kimi mərd və cəsarətli oğulların olması ilə fəxr edir. Hərbçilərimizin apardığı mübarizə haqq mübarizəsidir. Odur ki, Azərbaycan dövləti münaqişənin ədalətli, beynəlxalq hüququn prinsipləri və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunması üçün əlindən gələni edir.

Birinci vitse-prezident Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdə söhbət zamanı onların vətənpərvərliyini, qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdi, hər vaxt bu insanlara dəstək olacağını vurğuladı: "Siz hər bir insan üçün çox dəyərli olan sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var”.

Polkovnik-leytenant Eldəniz Sadıqov görüşdə çıxış edərək demişdir ki, üç il bundan əvvəl baş vermiş Aprel döyüşlərində Azərbaycan Ordusu düşmənə və bütün dünyaya öz gücünü sübut etdi. 2016-cı ilin aprel ayında düşmənin kəşfiyyat və diversiya qruplarının hücumunun qarşısı Azərbaycan Ordusu tərəfindən alındı. Düşmənin müdafiə xətti tez bir zamanda yarılaraq mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Bu, bir daha sübut etdi ki, bizim güclünizami ordumuz var. Biz öz torpaqlarımızı geri qaytaracağıq. Azərbaycanın Ali Baş Komandanı ordumuza yüksək qayğı göstərir, hərbçilərin məişət şəraitinin yaxşılaşdırılmasına, müasir hərbi hissələrin tikilməsinə, zabitlərin yeni evlərlə təmin olunmasına böyük diqqət ayırır. "Aprel döyüşlərində mən və mənim silahdaşlarım bilmirdik ki, şəhid olacağıq və ya sağ qalacağıq. Biz o haqda heç düşünmürdük. Çünki inanırdıq ki, biz şəhid olsaq da, Ali Baş Komandan, Birinci vitse-prezidentimiz, dövlətimiz və xalqımız bizim ailələrimizin yanında olacaq”.

Səmimi söhbət zamanı Birinci vitse-prezident demişdir: "Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da, Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq.

Mən bir daha sizə dərin minnətdarlığımı bildirirəm. Mən bilirəm ki, Heydər Əliyev Fondunun əməkdaşları daim sizinlə ünsiyyətdədirlər. Bir daha sizi əmin etmək istəyirəm ki, hər bir problemin həllində biz əlimizdən gələn hər şeyi etməyə hazırıq. Siz müraciət edirsiniz, bilirəm, ünsiyyətdəsiniz. Hər bir problemin həllini şəxsən özüm diqqətdə saxlayacağam. Mən mümkün olan köməyi ən yüksək səviyyədə göstərəcəyəm”.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.- 7 aprel.- S.1.