BMT təmsilçisi Alessandro Frakasettin: “Azərbaycan hökuməti məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün çox görüb

 

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan üzrə nümayəndəsi Guido AmbrosonunBMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakasettinin Füzuli rayonundan başlayan səfərləri aprelin 9-da Ağdam rayonunda davam etmişdir.

Xoşməramlı qonaqlarla Ağdam Rayon İcra Hakimiyyətində görüş olmuşdur. Görüşdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov qonaqlara rayon haqqında ətraflı məlumat vermişdir. Qonaqların nəzərinə çatdırılmışdır ki, Ermənistan silahlı qüvvələri uzun illərdir ki, Ağdam rayonu ərazisinin dörddə üç hissəsini işğal altında saxlayır. Doğma ev-eşiklərindən perik salınan rayon əhalisi öz vətənində məcburi köçkün kimi yaşamağa məhkum edilmiş, böyük bir zaman kəsimini yük vaqonlarında, qarğı-qamışdan quraşdırılmış daxmalarda yaşamalı olmuş, ağır məhrumiyyətlərə dözmüşlər. Hakimiyyətə gəlişi ərəfəsində "Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaqdır” deyə niyyətini açıqlayan Prezident İlham Əliyev verdiyi sözə sadiq çıxaraq məcburi köçkünlərin mənzil şəraitini yaxşılaşdırmaq üçün hər cür infrastruktura malik yeni qəsəbələrin tikintisinə start verdi. İndi təkcə Ağdam rayonu ərazisində yeni tikilən qəsəbələrin sayı 18-ə çatır. Məcburi köçkün kimi respublikanın müxtəlif bölgələrinə səpələnən ağdamlıların böyük əksəriyyəti artıq doğma rayona dönmüşdür. Hazırda rayon ərazisində yaşayan əhalinin sayı 95 min nəfərə yaxındır.

BMT təmsilçilərinin suallarını cavablandıran rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov qonaqlarda cəbhə bölgəsinin hazırkı durumu barədə dolğun təəssürat yaratdı. Qeyd etdi ki, atəşkəs elan edilsə də, erməni silahlı qüvvələri, demək olar ki, hər gün atəşkəs rejimini pozur, təxribatlar törədirlər. Bəzən hədəf mülki əhali, fərdi yaşayış evləri olur. Cəbhə xəttinə yaxın kəndlərdə çoxsaylı yaşayış evləri müharibədən zərər çəkmişdir. Dövlət başçısının davamlı qayğı və diqqəti rayon əhalisindəki yüksək əhvali-ruhiyyənin, qələbəyə olan yenilməz inamın əsas şərtidir.

Rayon icra hakimiyyətindəki səmimi qəbuldan razı qalan BMT təmsilçiləri səfər proqramına uyğun olaraq, cəbhə xəttinə yaxın yaşayış məntəqələrinə baş çəkdilər, yeni qəsəbələrdə yaradılan şəraitlə tanış oldular. Qaradağlı kəndində şəhid anası Qənirə Əmrahova ilə görüşdə maraqlı anlar yaşandı. Azərbaycan qadınının yüksək mənəvi-əxlaqi keyfiyyətlərini yaralı ürəyində qoruyub saxlayan, bu dəyərləri hər zaman uca tutan Qənirə xanım qürurla dedi ki, oğul düşmən çəpəridi: "Mən oğlumun şəhid olmasından daha çox torpaqlarımızın düşmən işğalında qalmasına acıyıram. Mənim kimi şəhid anası olanların hamısının ən böyük təsəllisi Qarabağımızın işğaldan azad olmasıdır. BMT təmsilçilərinin suallarını cavablandıran Qənirə xanımın qətiyyəti, vətənpərvərliyi hər kəsi heyran etdi. Bu şəhid ailəsi üçün rayon icra hakimiyyətinin təşəbbüsü ilə yeni ev tikilir. Qənirə xanım minnətdarlıqla bildirdi ki, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov dəfələrlə onlara baş çəkib. O, məcburi köçkünlərdən qayğı və diqqətini əsirgəmir.

Qonaqlar Yeni İmamqulubəyli qəsəbəsində sakinlərlə də görüşdülər. İnzibati ərazi dairəsi üzrə nümayəndə qəsəbə haqqında qonaqlara ətraflı məlumat verdi. 2014-cü ildə istifadəyə verilən qəsəbə 632 evdən ibarətdir. Qonaqlar qəsəbədə 135 saylı məcburi köçkün tam orta məktəbi ilə tanışlıqdan, burada yaradılan şəraitdən xüsusilə məmnun qaldılar.

BMT-nin İnkişaf Proqramının Rezident nümayəndəsi Alessandro Frakasetti səfər təəssüratları barədə bunları dedi:

- Gördüklərimiz, müşahidələrimiz deməyə əsas verir ki, Azərbaycan höküməti məcburi köçkünlərin həyat şəraitini yaxşılaşdırmaq üçün çox işlər görüb.

Beynəlxalq humanitar təşkilat olaraq bizim məqsədimiz isə əhalinin məşğulluğunu artırmağa, yeni yerlərinin açılmasına kömək etmək, bu işdə onlara yardımçı olmaqdır. Füzulidə də, Ağdamda da icra başçıları ilə işgüzar söhbətlərimiz oldu. Onlardan yeni təkliflər gözləyirik.

 

Lazım QULİYEV

 

Azərbaycan.- 2019.- 10 aprel.- S.4.