Avropanın idman tarixi yenidən Azərbaycanda yazılacaq

 

"Bakı-2019”un məşəli bu gün Romada alovlanır

 

Dünyanın idman mərkəzinə çevrilən Azərbaycan iyulun 21-27-də daha bir mötəbər yarışa - Avropa Gənclərinin XV Yay Olimpiya Festivalına evsahibliyi edəcək. Növbəti dəfə belə bir nüfuzlu turnirin ölkəmizə həvalə olunması Azərbaycana yüksək inamın, etibarın daha bir nümunəsidir. "Bakı-2019” bunun daha bir təsdiqi olacaq.

Paytaxtımızda təşkil olunacaqyeddi gün davam edəcək yarışa ümumilikdə 50 Avropa ölkəsindən 3600-dən çox idmançı və texniki nümayəndə heyəti qatılacaq. 12 arenada 10 idman növü üzrə (bədii gimnastika, atletika, basketbol, velosiped, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol, güləş) keçiriləcək yarışlara ümumilikdə 2500-dən çox könüllü cəlb olunacaq.

 

Diqqətlər İtaliyaya yönəlir

 

Ümumiyyətlə, olimpiya oyunlarının bir çox ənənələri, mərasimləri və ayinləri var. Hətta onların bir qismi ilə bağlı sirlər də yalnız son məqamlarda açılır. Olimpiya məşəlinin yandırılması məhz belə sirli-sehrli ənənələrdəndir. Elə bu xüsusda Avropa Gənclərinin Yay Olimpiya Festivalının sayca 15-ci yarışının da məşəl proqramı açıqlanıb. Belə ki, məşəlin bu gün İtaliyanın paytaxtı Romada alovlandırılması mərasimi keçiriləcək. Eyni zamanda festivalın simvolu sayılan zeytun ağacı Azərbaycana təqdim olunacaq.

Tədbirdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev və digər şəxslər iştirak edəcəklər. Mərasimdə Avropa Olimpiya Komitəsinin prezidenti Janez Koçijançiç, İtaliya Olimpiya Komitəsinin prezidenti Ciovanni Malaqo və digər ölkələrin milli olimpiya komitələrinin nümayəndələrinin iştirakı gözlənilir.

 

Gənc avropalı idmançıları bir araya gətirən yarış

 

Xatırladaq ki, Avropa Gənclər Festivalı ideyası gənclərə Olimpiya hərəkatını, dəyərlərini və ideallarını öyrətmək, təbliğ etmək üçün Jak Roq tərəfindən 1990-cı ildə irəli sürülmüşdü. 14-18 yaşlılar arasında gənc avropalı idmançıları bir araya gətirən yarış ilk dəfə 1991-ci ildə Belçikanın paytaxtı Brüsseldə keçirilib. İki ildə bir dəfə (cüt deyil, tək illərdə) - qışda və yayda keçirilən Avropa Gənclər Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi ilə Avropa Olimpiya Komitəsi adından təşkil olunur. Festival digər qitələrdə keçirilən Asiya Gənclər Oyunları və ya Panama Gənclər Oyunları kimi ənənəni Avropada davam etdirmək imkanını yaradır.

Festivala evsahibliyi edən ölkə bütün yarışlarda əvvəlcədən təsnifat mərhələsi olmadan iştirak etmək hüququ qazanır.

 

10 olimpiya festivalında iştirak, 17 qızıl medal

 

Azərbaycan təmsilçiləri olimpiya festivallarında 1993-cü ildən çıxış etməyə başlayıblar. Atletlərimiz indiyədək iştirak etdikləri festivallarda yüksək nəticələr qazanıblar. Bu yarışlarda uğurlar əsasən cüdoatletika idman növlərində əldə olunub. Azərbaycanın yeniyetmə idmançıları buna qədər keçirilmiş Avropa Yeniyetmələrinin 13 olimpiya festivalından 10-da iştirak edib və ümumilikdə 45 medal (17 qızıl, 10 gümüş, 18 bürünc) qazanıblar. Bu idman yarışlarında əldə olunmuş 45 medaldan 38-i cüdoçularımızın (13 qızıl, 9 gümüş, 16 bürünc), 7-si isə atletlərin (4 qızıl, 1 gümüş, 2 bürünc) payına düşür.

Xatırladaq ki, 2015-ci ildə Gürcüstanın paytaxtı Tbilisidə təşkil edilən XIII Avropa Gənclərinin Olimpiya Festivalı atletlərimiz üçün uğurlu olmuşdu. İdmançılarımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanmaqla ümumi turnir cədvəlində 22-ci yeri tutmuşdular.

2017-ci ildə Macarıstanın Gyor şəhərində keçirilən Yeniyetmələrin sayca 14-cü Olimpiya Festivalında isə qitənin 50 ölkəsindən 3600-ə qədər idmançı medallar uğrunda mübarizə aparıb. Komandamız yarışın yekununda 50 ölkə arasında 33-cü yeri tutub. 41 idmançı ilə turnirə yollanan yığmamız iki medalla kifayətlənməli olub. Cüdoçulardan 40 kq çəki dərəcəsində yarışan Vüsalə Kərimova festivalın gümüş medalına layiq görülüb. Adil Kərimli isə (-90 kq) bürünc medal qazanıb.

Rusiya yığması 30 qızıl, 19 gümüş və 12 bürünc medalla ümumi komanda hesabında birinci yeri tutub. 14 qızıl, 11 gümüş, 13 bürünc medal əldə edən İtaliya millisi ikinci olub. Ev sahibləri isə festivalda 13 qızıl, 14 gümüş və 14 bürünc medala yiyələniblər.

 

Elçin CƏFƏROV

 

Azərbaycan.- 2019.-12 aprel.- S.1; 6.