Tarixin ən qüdrətli Azərbaycanının yaradıcısı

 

Azərbaycan xalqı 2018-ci ilin 11 aprelində keçirilən prezident seçkilərində növbəti dəfə özünün təhlükəsiz və firavan gələcəyinə səs verdi.

Ölkəmizin həyatında çox mühüm əhəmiyyət kəsb edən 2018-ci ilin 11 aprelində keçirilən prezident seçkilərindən 1il ötür. Həmin seçkilərdə xalqın mütləq əksəriyyətinin etimadını qazanan cənab İlham Əliyevin növbəti dəfə Prezident seçilməsi Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi, mədəni və mənəvi həyatında keyfiyyətcə yeni mərhələnin başlanğıcını qoydu. Bu seçim Azərbaycanda bərqərar olan sabitliyin, əmin-amanlığın dönməzliyini təmin etdi. Bu bir il zaman baxımından qısa, lakin görülən işlərin məna yükünə və mahiyyətinə görə əvvəlki dönəmlərdən bir çox üstünlükləri, xüsusiyyətləri ilə fərqlənən və yadda qalan bir il oldu. Seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidin anonsunu verən cənab İlham Əliyevin rəhbərliyi ilə əvvəlki illərdə böyük zəhmət və səylər nəticəsində əldə olunmuş möhtəşəm uğurların yaratdığı imkanlardan istifadə edərək xalqın istək və arzularına, maraqlarına uyğun olan daha güclü və qüdrətli dövlət formalaşdırılmasını hədəfləmişdi.

Qlobal böhranın təsirlərini dəf edərək dinamik inkişafa istiqamətlənmiş milli iqtisadiyyat əhalinin güzəranının daha da yaxşılaşdırılması üçün irimiqyaslı sosial, mədəni, təhsil, hərbi, infrastrukturs. layihələrin icrasını stimullaşdırır. Xüsusilə əhalinin aztəminatlı təbəqəsinin rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən islahatlar təqdirəlayiqdir. Prezident İlham Əliyevin cari ilin fevral ayının 25-də imzaladığı "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlərə dair” sərəncamına əsasən müvafiq kateqoriyadan olan vətəndaşlara ödənilən müavinətlər əhəmiyyətli dərəcədə artırılıb, problemli kreditlərlə bağlı mühüm addımlar atılıb. Ümumiyyətlə, respublikamızda ötən il elan olunanuğurla reallaşdırılan sosial paketin əhatə dairəsi kifayət qədər genişdir. Cari ilin əvvəlindən dövlət başçısının imzaladığı çoxsaylı sərəncamlar əsasında minimum əməkhaqqının məbləği 180 manata çatdırılıb, tələbələrə verilən təqaüdlər, əmək pensiyasının minimum məbləği artırılıb, problemli kreditlərin həlli ilə bağlı mühüm addımlar atılıb. Sosial dövlət olaraq Azərbaycanda ədalətli resurs bölgüsü həyata keçirilir, qayğıya ehtiyacı olan bütün vətəndaşlar dövlət tərəfindən dəstəklənir. Aparılan davamlı sosial siyasət demoqrafik inkişafa da müsbət təsir göstərir. Müasir Azərbaycanın mənzərəsini səciyyələndirən əsas cəhətlərdən biriodur ki, ölkənin dinamik iqtisadi inkişafı geniş məzmunlu sosial siyasətlə tamamlanır. Bütün görülən işlərin mərkəzində insanların rahat, firavan həyatının təmin olunması, vətəndaş məmnunluğunun bərqərar olması, "xalq-iqtidarbirliyinin real əməldə təcəssüm etdirilməsi dayanır. Bütün bunlara görə seçkidən sonrakı bir ili ən yüksək vətəndaş məmnunluğunun təmin olunması ili kimi xarakterizə etmək olar.

Həyatımızın elə bir sahəsi yoxdur ki, orada dirçəliş, çiçəklənmə, yenilik hiss edilməsin. Ölkəmizin imkanlarının artması dövlət və cəmiyyət həyatının bütün sahələrinə təsir göstərir. Hakimiyyət sükanının arxasında durduğu ilk gündən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağını vəd edən və 15 ildən artıq dövr ərzində sözlə əməlin vəhdətini ortaya qoyan ölkə rəhbəri cənab İlham Əliyev bütün səy və bacarığını respublikamızın davamlı inkişafına, iqtisadi və hərbi cəhətdən qüdrətlənməsinə, mədəni və elmi cəhətdən çiçəklənməsinə sərf etmişdir.

Namizəd olduğu bütün prezident seçkilərində xalqın inam və etimadını qazanmış İlham Əliyev 2003-cü ildən bəri mövcud resursları səmərəli şəkildə səfərbər edərək əvvəlki dövrlərdəki inkişaf konsepsiyasının yeni keyfiyyətdə, daha yüksək səviyyədə reallaşdırılmasına nail olmuşdur. Onun yönləndirdiyi strateji istiqamətlər dövrün tələblərinə uyğun şəkildə yüksələn xətlə inkişaf etmiş və xalqımızın özünə daha layiqli bir gələcək qurmasına geniş şərait yaratmışdır.

Milli-mənəvi və bəşəri dəyərləri özündə birləşdirən qanunvericiliyimizin daha mükəmməl səviyyəyə çatdırılması, hüquqi dövlət və ordu quruculuğu istiqamətlərində görülmüş genişmiqyaslı işlər, neft strategiyasının uğurlu nəticələri, postneft dövrünə hesablanmış və ölkə rəhbərinin təşəbbüsü və bilavasitə nəzarəti altında həyata keçirilən və mütərəqqi yenilikləri özündə ehtiva edən dövlət proqramları, çevikmobil idarəetməni təmin edən mütərəqqi struktur dəyişiklikləri, "ASAN” xidmət, strateji yol xəritələri, kosmik layihələr və "Made in Azerbaijan” adı altında dünya ictimaiyyətinə təqdim olunan digər brendlər İlham Əliyevin islahatçı Prezident obrazını formalaşdıran amillərdir. Məhz bu islahatlar ölkəmizə son dövrlər dünyada baş verən iqtisadisiyasi böhran dalğalarını inamla və qətiyyətlə dəf etməyə imkan vermişdir. Bunun nəticəsidir ki, qısa müddətdə inkişaf sürətinə görə Cənubi Qafqazın lider dövləti statusunu qazanmış Azərbaycan dünya ölkələri sırasında XXI əsrin əvvəllərindən nail olduğu sanballı mövqeyini bu günqoruyub saxlamaqda davam edir.

Bu illər ərzində ölkədə uğurla həyata keçirilən siyasi, iqtisadi, hüquqi, sosial islahatların, demokratikləşmə prosesinin hüquqi mexanizmi daha da inkişaf etmiş və təkmilləşdirilmişdir. Mövcud qanunlara edilən dəyişikliklər Azərbaycan vətəndaşının bütün həyatını əhatə etməklə ölkə rəhbərliyi tərəfindən aparılan islahatların səmərəliliyinin təmin olunmasını hədəf götürərək ilk növbədə insanların yüksək sosial rifahının, əmin-amanlıq şəraitində demokratik, azad həyat tərzinin təmin olunmasına yönəldilmişdir.

Ötən illərdə ölkədə kadr siyasəti dövlət idarəçiliyi məsələlərində Azərbaycanın layiqli vətəndaşlarının iştirakının təmin edilməsi, əldə olunan iqtisadi nailiyyətlərdən hamının öz bacarıq, zəhmət əqli imkanlarına görə bəhrələnməsi ölkədə milli birliyin möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardandır. Milli birliyə yönəlmiş bu fəaliyyətin qayəsində həm də yüksək humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlər dayanmışdır.

Azərbaycanın bugünkü uğurlarını şərtləndirən əsas amillərdən biriodur ki, öz fəaliyyətində Heydər Əliyevin tövsiyələrinə dönmədən riayət edən, hər zaman humanist dəyərlərə, demokratiyafundamental insan hüquqları prinsiplərinə sədaqət nümayiş etdirən ölkə rəhbərliyi bu hüquq və azadlıqların etibarlı şəkildə təmin olunmasına xüsusi diqqət yetirir. Müasir inkişaf mərhələsində ortaya qoyulmuş və sərbəst fikir mühitinin ən yüksək tələblərinə uyğun olan belə konstruktiv mövqe ədalətli vətəndaş cəmiyyətinin təşəkkül tapmasına hərtərəfli təminat verir.

Son illər respublikamızın ictimai-siyasi həyatında baş vermiş ən əhəmiyyətli və önəmli hadisə 2018-ci il aprelin 11-də keçirilmiş növbədənkənar prezident seçkiləri oldu. Heydər Əliyev ideyalarının möhtəşəm qələbəsi və Yeni Azərbaycan Partiyasının böyük uğuru kimi çağdaş tariximizə yazılmış bu gün həm də sabit, təhlükəsiz və firavan gələcəyə səs vermiş xalqla iqtidarın sarsılmaz birliyinin nümayişi idi.

Bugünün reallıqları ondan ibarətdir ki, Azərbaycan yerləşdiyi bölgənin ən sabit və ən dinamik inkişaf edən ölkəsidir. Ölkə əhalisi mövcud siyasi kursu dəstəkləyir və bu da vətəndaş həmrəyliyinin təmin olunmasında əsas şərtlərdən biridir. Bütün bunlar isə ahəngdar şəkildə bir-birini tamamlayaraq bütövlükdə Azərbaycan dövlətçiliyinin güclənməsinə, müstəqilliyinin möhkəmlənməsinə, beynəlxalq nüfuzunun yüksəlməsinə və nəhayət, cəmiyyətimizdə bərqərar olunmuş sabitliyin və vətəndaş həmrəyliyinin əbədi olmasına mühüm töhfələr verir.

Əminəm ki, bu uğurların davamını Heydər Əliyev ideyalarının ideoloji sütunu olan Yeni Azərbaycan Partiyasının təkrarsız lideri, xalqın sevimli rəhbəri, ulu öndərin ən sadiq məsləkdaşı, onun həyat və mübarizə yolunun ən istedadlı yetirməsi, xəyalları gerçəkliyə çevirən, hər zaman öz siyasi kredosunu xalqın xidmətçisi olmaqda görən, müasir Azərbaycan dövlətinin islahatçı Prezidenti İlham Əliyev yeni dövrün çağırışlarına uyğun olaraq daha mükəmməl şəkildə həyata keçirilməsini təmin edəcəkdir.

 

Bahar MURADOVA,

Milli Məclis Sədrinin müavini, YAP İdarə Heyətinin üzvü,

siyasi elmlər üzrə fəlsəfə doktoru

 

Azərbaycan.- 2019.- 12 aprel.- S.1.