Valentina Matviyenko: “Rusiya
ilə Azərbaycan strateji tərəfdaşlardır”
Aprelin 11-də Azərbaycan
Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov
ölkəmizdə rəsmi səfərdə olan Rusiya
Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri
xanım Valentina Matviyenko ilə görüşüb.
AZƏRTAC xəbər verir
ki, əvvəlcə parlament sədrlərinin təkbətək
görüşü olub. Sonra görüş
geniş tərkibdə davam etdirilib.
Milli Məclisin sədri Oqtay
Əsədov bu səfərin Azərbaycan-Rusiya münasibətlərinin
inkişafına, həmçinin parlamentlərarası əlaqələrimizə
yeni impuls verəcəyinə əminliyini ifadə edib. "Rusiya Azərbaycanın
müstəqilliyini tanıyan ilk ölkələrdəndir.
O zamanlardan bəri ölkələrimiz arasında
güclü strateji tərəfdaşlıq formalaşıb. Dövlətlərimizin başçıları ikitərəfli
münasibətlərimizin inkişafına böyük
töhfə veriblər. Onların arasında dərin
siyasi münasibətlər, sıx dostluq əlaqələri
mövcuddur”, - deyə Oqtay Əsədov bildirib.
Azərbaycan parlamentinin sədri
deyib ki, dövlətlərimizin başçılarının
çoxsaylı görüşləri və səfərləri
ikitərəfli möhkəm hüquqi baza yaranmasına imkan
verib. Azərbaycanla Rusiya arasında dövlət və
hökumət səviyyəsində 227 ikitərəfli sənəd
imzalanıb.
Qeyd edilib ki, ölkələrimiz
arasında iqtisadi münasibətlər də yüksək səviyyədədir. Rusiya Azərbaycanın
ən vacib ticarət tərəfdaşlarından biridir.
2018-ci ildə ölkələrimiz arasında
ticarət dövriyyəsi 19 faiz artıb. Hər il Rusiya-Azərbaycan Regionlararası Forumu
keçirilir. Rusiyanın subyektləri ilə Azərbaycan
arasındakı münasibətlər də gündən-günə
genişlənməkdədir.
"Humanitar səviyyədə
də əlaqələrimiz inkişaf edir. Azərbaycanda
hər zaman rus dilinə və mədəniyyətinə diqqətlə
yanaşılıb. Bu gün Azərbaycanda
Slavyan Universiteti, 300-dən çox rusdilli orta məktəb fəaliyyət
göstərir. Ölkəmizin 27 ali
məktəbində rus dilində dərslər tədris
olunur. Azərbaycanda M.V.Lomonosov adına
Moskva Dövlət Universitetinin və İ.M.Seçenov
adına Birinci Moskva Dövlət Tibb Universitetinin
filiallarında azərbaycanlı tələbələr təhsil
alır. Ölkəmizdə ən böyük
icma rus icmasıdır”, - deyə Oqtay Əsədov bildirib.
Milli Məclisin sədri Azərbaycanın
ən ağrılı problemi olan Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsindən
danışaraq, bu məsələnin sülh yolu ilə
tezliklə aradan qaldırılmasının region
üçün əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Azərbaycanın
münaqişənin həlli ilə bağlı mövqeyi
beynəlxalq ictimaiyyətə yaxşı məlumdur. Münaqişə beynəlxalq hüququn normaları
və Azərbaycanın ərazi bütövlüyü
çərçivəsində öz ədalətli həllini
tapmalıdır.
Rusiya Federasiyası Federal Məclisi
Federasiya Şurasının sədri xanım Valentina Matviyenko
deyib ki, ölkələrimiz arasında sıx əlaqələr
mövcuddur. Bunun sayəsində biz hər zaman açıq
dialoq aparırıq, ikitərəfli münasibətlərimizin
inkişafı məsələlərini, mövcud problemlərin
aradan qaldırılması yollarını müzakirə
edirik. Bu dialoq çox dəyərlidir.
Xalqlarımızı həm də çoxəsrlik
dostluq əlaqələri, ortaq tarix, mədəniyyət birləşdirir.
Rusiya ilə Azərbaycan arasında
diplomatik əlaqələrin qurulmasından 27 il keçdiyini
deyən Valentina Matviyenko qeyd edib ki, ötən müddət ərzində
əməkdaşlığımız bütün sahələrdə
genişlənib və strateji tərəfdaşlıq səviyyəsinə
çatıb. Dövlətlərimizin
başçıları arasında sıx şəxsi dostluq əlaqələri
və etibarlı münasibətlər var. Bu da Rusiya-Azərbaycan
münasibətlərinin ab-havasını təyin edir. Şadıq ki, hökumətlərarası
münasibətlərimiz də inkişaf edir.
"Azərbaycan Prezidenti İlham
Əliyevin 2018-ci il sentyabrın 1-də
Rusiyaya səfəri Rusiya-Azərbaycan münasibətlərinin
ən vacib hadisələrindən biri olub. Həmin səfər
zamanı dövlətlərimizin başçıları
arasında konstruktiv danışıqlar aparılıb, 15-dən
çox vacib sənəd imzalanıb”, - deyə Rusiya
Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri
bildirib.
Ticari-iqtisadi əməkdaşlıqdan
danışan Valentina Matviyenko deyib ki, keçən il ölkələrimiz
arasında ticarət dövriyyəsi 2,5
milyard ABŞ dolları təşkil edib. Rusiya
Azərbaycanla iqtisadi əməkdaşlığa önəm
verir. Rusiya Azərbaycan iqtisadiyyatına 1,5
milyard ABŞ dolları məbləğində investisiya
yatırıb. Rusiyadan Azərbaycana gələn
turistlərin sayı da artıb. Keçən il 800 min rusiyalı turist Azərbaycanı ziyarət
edib.
Ölkəmizin
inkişafından danışan xanım Valentina Matviyenko qeyd
edib ki, Azərbaycan sürətlə inkişaf edir. Burada mədəni,
idman tədbirlərinin keçirilməsi üçün
gözəl imkan var.
Valentina Matviyenko deyib ki,
Rusiya ilə Azərbaycan arasında humanitar əməkdaşlıq
da sürətlə inkişaf edir. Rusiyanın ali məktəblərində
təqribən 15 min azərbaycanlı tələbə təhsil
alır. Azərbaycanda rus dilinin və mədəniyyətinin
qorunması Rusiyada yüksək dəyərləndirilir.
Rusiya da, həmçinin Azərbaycan dilinin, mədəniyyətinin
qorunub saxlanılmasına çalışır.
Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsinə toxunan Rusiya
Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri
bildirib ki, onun ölkəsi münaqişənin sülh yolu ilə
həll olunmasına səy göstərir. Bu
münaqişənin həllinin başqa yolu yoxdur. Rusiya Dağlıq Qarabağ probleminin həlli istiqamətində
səylərini azaltmayacaq.
Görüşdə tərəfləri
maraqlandıran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb.
Azərbaycan.- 2019.- 12 aprel.- S.2.