“Səfəvilər: paralellər... ehtimallar... həqiqətlər”

 

Tədqiqatçı Araz Şəhrilinin (Abbasov) yenicə çapdan çıxmış "Səfəvilər: paralellər... ehtimallar... həqiqətlər” kitabı tarixi hadisələrin və tarixi şəxsiyyətlərin talelərinin müəyyən qanunauyğunluqlar əsasında zaman-zaman təkrarlanmasından bəhs edir. Əsər tarixə yeni baxış təklif edir, qəlibləşmiş stereotipləri sındırır. Əsas deviz isə belədir: Tarix təkrarlanır!

Əsərin əsas obrazı Azərbaycan tarixinin şanlı səhifələrindən olan Səfəvilər dövlətinin qurucusu, hökmdar, sərkərdə, döyüşçü, mürşid, filosof, şair, Azərbaycan dilini ilk dəfə dövlət dili səviyyəsinə qaldırmış Şah İsmayıl Xətaidir!

Araz Şəhrili araşdırmasında bir sıra tarixi məqamlara aydınlıq gətirməyə çalışmışdır: Görəsən, Böyük Kiri, Romulu, Buddanı, Parfiya Ərsakilərini, Məhəmməd Peyğəmbəri, göy-türklərin Aşina soyunu, Osmanlı nəslini və Şah İsmayılı bir-birinə nə bağlayır? Azərbaycanın Salyan, Bankə, Qapan, İrəvan kimi qədim yaşayış məntəqələrinin adları niyə uzaq Nepalda təkrarlanır? Ələm, ulduz, xaç, günəş, şir rəmzləri nəyi ifadə edir? Haylar əzəli türk torpaqlarına hansı ölkələrdən gəliblər? Oxucu bu kimi suallara Araz Şəhrilinin kitabında cavab tapa bilər.

Elmi olsa da, geniş oxucu kütləsinə ünvanlanan birnəfəsə oxunan bu əsərlə müəllif tarixin qaranlıq səhifələrinə işıq salmağa, onun dərin qatlarında arayıb-axtardığı gizlinləri, sirləri fərqli üsullarla üzə çıxarmağa çalışır çox vaxt istədiyinə nail olur. Əsərin süjet xətti oxucunu addım-addım tarixin dərinliklərinə dalmağa, hadisələrin axarının onu hara aparacağını düşünməyə sövq edir.

 

Azərbaycan.- 2019.- 13 aprel.- S.8.