Doğrulan vədlər
İlham
Əliyev xalqa və dövlətə sədaqət andına
sadiq qalaraq ləyaqətli xidmət missiyasını uğurla
davam etdirir
"Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”.
Bir il öncə, aprelin 11-də keçirilən prezident seçkilərində xalqdan növbəti dəfə etimad mandatı alan İlham Əliyev bir həftə sonra, aprelin 18-də Milli Məclisdə Vətənə, xalqa və dövlətə sədaqət andına bu sözlərlə başladı. Hər zaman xalqın dəstəyindən güc alan, Azərbaycanı möhtəşəm zəfərlərə, qələbələrə doğru aparan lider olduğunu sübut edən İlham Əliyev ləyaqətli xidmət missiyasını şərəflə davam etdirəcəyinə söz verdi, and içdi və növbəti 7 il üçün səlahiyyətlərinin icrasına başladı.
Uğurlar yeni hədəflər
üçün açardır
Dövlətlərin demokratiklik əmsalı sosial-iqtisadi inkişaf göstəriciləri ilə yanaşı, həm də siyasi hakimiyyətin xalqa xidmət səviyyəsi, cəmiyyət qarşısında götürdüyü öhdəliklərə sadiqliyi ilə müəyyənləşir.
Bu bir həqiqətdir ki, xalqın dəstəyi ilə böyük tarixi uğurlara imza atan cənab İlham Əliyev liderlik qabiliyyəti, uzaqgörənliyi ilə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. Bütün addımlarında vətəndaş marağını hər şeydən üstün tutması, vədinə, sözünə sadiqlik Prezidentin siyasi alternativsizliyini bir daha sübuta yetirib. Elə bütün bunların səbəbidir ki, bu gün Azərbaycanda Prezident xalqına, xalq isə öz liderinə inanır. Hər bir addımını xalqın mənafeyinə uyğun atması cənab İlham Əliyevə ümumxalq sevgisi qazandırıb.
Uğurlar isə yeni hədəflər üçün açardır deyirlər. Bəs, görəsən, ötən bir il ərzində verilən vədlər necə doğruldu? İlham Əliyev birillik prezidentlik dövründə Azərbaycanın sosial-iqtisadi yüksəlişi, əhalinin rifah halının yaxşılaşdırılması, regionların inkişafı istiqamətində hansı addımları atdı?
Ölkənin sosial həyatında
atılan inqilabi addımlar
Prezident seçkilərindən ötən bir ilə nəzər
yetirsək görərik ki, iqtisadi sahədə qazanılan
uğurlar ölkənin daha da inkişaf etməsi
üçün yeni perspektivlər açıb və praktiki
olaraq bunun nəticələri sosial sahədə
islahatların aparılması üçün real zəmin
yaradıb və bu da Prezidentin böyük sosial islahatlar
paketinin reallaşmasını şərtləndirib.
Seçkilərdən sonra Prezidentin imzaladığı
ilk fərman şəhid vərəsələrinə birdəfəlik
ödəmənin (11 min manat) verilməsi ilə bağlı
oldu. 2019-cu il 28 yanvar tarixli daha bir fərmanla isə birdəfəlik
ödəmə verilməsi nəzərdə tutulan şəhid
vərəsələrinin əhatə dairəsi daha da
genişləndirildi. Şəhid ailələri
ilə keçirilən görüş isə dövlət
başçısının bu kateqoriyaya aid insanlara münasibətinin
real təzahürü idi.
Prezidentin sosial sahə ilə bağlı
imzaladığı digər fərman və sərəncamları
- əhalinin aztəminatlı təbəqəsi, xüsusən
də şəhid ailələri, əlil və müharibə
veteranları, qaçqın və məcburi
köçkünlər, pensiyaçı və təqaüdçülərin
sosial rifah halının yaxşılaşdırılmasına
xidmət edən sənədləri sosial sahədə
böyük nailiyyətlər adlandırmaq olar.
İlk növbədə qaçqın və məcburi
köçkünlərin, şəhid ailələrinin
durumunu diqqətdə saxlayan Prezident bu kateqoriyaya aid insanlara
öz dəstəyini göstərir. Şəhid ailələrinə
istisnasız olaraq birdəfəlik müavinətlərin verilməsi,
bu kateqoriyaya aid insanlara müavinətin 242 manatdan 300 manata, həmçinin
Əfqanıstan veteranlarının müavinətinin 220
manatdan 300 manata yüksəldilməsi, məcburi
köçkünlərə verilən aylıq müavinətlərin
50 faiz qaldırılması bunun əyani təzahürüdür.
Minimum əməkhaqqının
38 faiz artaraq 130 manatdan 180 manata çatdırılması,
minimum pensiyaların 38 faiz artaraq 116 manatdan 160 manata qədər
qaldırılması, 100 minə yaxın tələbənin
təqaüdünün yüksəldilməsi dövlətin
iqtisadi qüdrətinin daha da yüksəldiyini bir daha təsdiqləyir.
Aprelin 1-dən
etibarən isə dövlət başçısının
"Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında” sərəncamı
qüvvəyə mindi və 14 kateqoriya üzrə sosial
müavinətlər, 7 kateqoriya üzrə Prezident təqaüdləri
orta hesabla 100 faiz artırıldı.
Böyük sosial islahatlar paketi çərçivəsində
imzalanan bu sənədlər 3 milyona yaxın insana sevinc
payı bəxş etdi.
Problemli mənzillərin, kreditlərin
həlli yolları tapıldı
Dövlət başçısının böyük
sosial islahatlar paketi çərçivəsində
reallaşan mühüm addımlardan biri də uzun müddətdir
ölkə əhalisini narahat edən problemli kreditlərin həlli
məsələsi oldu. Həqiqətən də xalq bu qərarı
çox yüksək dəyərləndirdi.
Bu qərar bir milyona yaxın insanın problemini həll
etmiş oldu, məhkəmə çəkişmələrinə
son qoyuldu.
Prezident devalvasiyadan əziyyət çəkən insanlara
misilsiz dəstək verdi və bununla da
dövlət növbəti dəfə vətəndaşın
yanında olduğunu sübut etdi.
Həmçinin Prezidentin bəzi çoxmənzilli binaların
istismarına icazə verilməsinin sadələşdirilməsi
ilə bağlı fərman da təsdiq etdi ki, əhalini
narahat edən bütün məsələlər onun diqqət
mərkəzindədir. Bu fərmanlar
sosialyönümlülük və humanizm prinsiplərinin əsas
götürülərək, əhalinin sosial
maraqlarının müdafiəsinə və rifah
halının yaxşılaşmasına yüksək diqqət
yetirildiyini bir daha göstərdi.
Birmənalı demək olar ki, ilin əvvəlindən
sosial sahədə qəbul olunmuş qərarlar, o cümlədən
də problemli kreditlərin həlli öz miqyasına, əhatə
dairəsinə görə sözün əsl mənasında
inqilabi qərarlardır.
Müstəqillik dövrünün ən
böyük əfv sərəncamı
Ulu
öndər Heydər Əliyevin təməlini qoyduğu
humanizm ənənələrini davam etdirən Prezident
İlham Əliyev hər zaman mərhəmət və insanpərvərlik
kimi ən ali keyfiyyətləri əldə
rəhbər tutaraq bayram günlərində, əlamətdar
tarixi günlərdə əfv sərəncamları
imzalayır. Dövlət
başçısı bu addımları ilə törətdiyi
əməldən səmimi peşmançılıq hissi
keçirən günahkar şəxslərin islah olunaraq
düz yola qayıtması, onların cəzaçəkmə
müəssisəsindən çıxdıqdan sonra layiqli vətəndaş
kimi azad cəmiyyətə qovuşması, bir daha cinayət əməli
törətməməsi üçün lazımi tədbirlər
görür, minlərlə məhkuma yenidən azadlıq bəxş
edir.
Cənab İlham Əliyevin mayın 24-də Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə
imzaladığı əfv sərəncamı isə digərlərindən
fərqləndi. Çünki müstəqillik
dövrünün ən böyük əfv sərəncamı
ilə 634 nəfər azadlığa qovuşdu.
Prezidentin martın 16-da Novruz bayramı münasibətilə
imzaladığı sərəncam isə 431 nəfərə
şamil edildi.
İmzalanan əfv sərəncamları
demokratiyanın inkişafına xidmət edən mühüm
addım hesab edilir və ümumilikdə atılan hər bir
addım insan amilinə verilən dəyərin aydın ifadəsidir.
Regional inkişafın yeni mərhələsi
Hər zaman regionların sosial-iqtisadi inkişafına
diqqət edən Prezidentin seçkilərdən sonrakı
müddət ərzində bölgələrə səfərləri,
xalqla səmimi, protokoldan kənar görüşləri, hər
kəsi səbirlə dinləməsi, əhalinin problemləri
ilə maraqlanması xalqın liderinə sevgisini daha da
artırdı.
Seçkilərdən sonra Prezident bütün səfərlərində
vətəndaşlarla görüşüb məktublar da qəbul
edirdi və götürülən məktubların hər
birinə baxılacağını diqqətə
çatdırırdı. Beyləqan rayonuna səfəri
zamanı isə Prezidentin yerli müğənninin ifa etdiyi
"Azərbaycan” mahnısını vətəndaşlarla
birgə ifa etməsi ən xoş anlar kimi yaddaşlara
yazıldı.
Ümumiyyətlə,
prezident seçkilərindən sonra İlham Əliyev 22 şəhər
və rayona 27 dəfə səfər edib, 100-ə yaxın
yeni obyektin açılış mərasimində
xeyir-duasını verib. Bu obyektlər isə yeni-yeni iş
yerlərinin açılmasını şərtləndirib.
Bu il Prezidentin fərmanı ilə regionların
2019-2023-cü illərdə sosial-iqtisadi inkişafına dair
yeni dövlət proqramı təsdiq edilib. İlkin
hesablamalara görə, IV Dövlət Proqramının
icrası üçün ən azı 17 milyard manatdan
çox vəsait nəzərdə tutulur. Bunun 4,6 milyard manatı özəl sektor tərəfindən
indi icra edilən və hazırlığı gedən layihələrə
investisiya şəklində qoyulacaq. Dövlət
tərəfindən təxminən 13 milyard manata yaxın
kapital qoyuluşu gözlənilir.
Çətin durumda olan vətəndaşa
arxa-dayaq Prezident
Fevralın 5-6-da şimal bölgəsində baş verən
zəlzələnin fəsadlarının aradan
qaldırılması istiqamətində Prezidentin
atdığı addımlar bir daha təsdiq etdi ki, İlham
Əliyev hər zaman çətin vəziyyətə
düşən vətəndaşa arxa durur, ona dəstək
verib dövlətin hər zaman onun yanında olduğunu
söyləyir. Zəlzələdən dərhal sonra
Prezidentin Şamaxıya, Ağsuya səfərləri, insanlara
təskinlik verməsi və qəzalı duruma düşən
bütün mənzillərin sökülərək yeni mənzillərin
tikilməsi ilə bağlı tapşırıq verməsi əsl
liderlik örnəyi idi.
Şamaxıda
evi dağılmış 92 yaşlı Saray nənəyə
baş çəkib ona təskinlik verən, evinin tamamən
sökülüb yenidən tikilməsini tapşıran
Prezident cəmi 1 aydan sonra ağbirçək ana ilə yeni mənzilində
görüşdü. Yəni dövlət
başçısı verdiyi vədə bir daha sadiq qalaraq 1
ay müddətində Saray nənəyə əvvəlkindən
daha möhtəşəm ev tikdirdi. Onu da əlavə edək ki, yeni mənzil yaşamaq
üçün bütün avadanlıqlarla da təchiz
edilib.
Bu gün də respublikanın şimal bölgəsində
yeni mənzillərin tikintisi davam edir. Evi qəzalı duruma
düşən bütün vətəndaşlara yeni mənzillər
tikilir. Aparılan bütün işlər
Prezidentin diqqət mərkəzindədir.
Rəy sorğusu: Prezident vədlərini
yerinə yetiribmi?
Bütün deyilənlər bir daha təsdiq edir ki, Azərbaycanda
xalq liderinə, lider isə öz xalqına güvənir. Dar gündə
də, şad gündə də xalqın yanında olan
İlham Əliyev, özünün də dediyi kimi, hər
zaman bu dəstəkdən güc alıb.
Bu həqiqətlər ölkədə keçirilən
rəy sorğularında da öz əksini taparaq əsl
reallığı ortaya çıxarıb. Belə ki, Fransanın
"Opinion Way” şirkətinin 2019-cu ilin mart ayında Azərbaycanda
keçirdiyi rəy sorğusunun yekunlarına əsasən
ölkənin bütün bölgələrində
apardığı sorğularda respondentlərin 85,1 faizi İlham Əliyevin son bir ildə
gördüyü işləri müsbət qiymətləndirdiyini
bildirib.
"Opinion
Way”in "Azərbaycanda həyata keçirilən
sosial-iqtisadi islahatları necə qiymətləndirirsiniz”
sualına sorğuda iştirak edənlərin 90,5
faizi müsbət cavab verib. Rəyi soruşulanların
mütləq əksəriyyəti, 80 faizə qədəri
Prezidentin öz seçkiqabağı vədlərini tam yerinə
yetirdiyi qənaətindədir.
Yeni uğurlara doğru qələbələr
yolu ilə...
Göründüyü kimi, verdiyi vədləri hər
zaman yerinə yetirən Prezident xalq tərəfindən
bütün zamanlarda dəstəklənib. Bir il ərzində
ölkənin sosial həyatında baş verən hadisələrə
nəzər yetirsək görərik ki, vətəndaşlarla
birbaşa təmaslara üstünlük verən, özünəməxsus
təmkin və həssaslıqla onların problemlərini dinləyən
və dərhal həlli üçün qəti tapşırıqlar
verən İlham Əliyevin atdığı addımlar
xalqın Prezidentinə olan etimadını daha da
artırıb. Xalq inanır ki, Azərbaycan
İlham Əliyevlə daha möhtəşəm, qüdrətli
dövlətə çevriləcək.
Elə aprelin 18-də keçirilən andiçmə mərasimində
İlham Əliyev qazanılan uğurları dəyərləndirib,
qarşıdakı hədəfləri açıqlayarkən
vurğulamışdı ki, bütün bu uğurlar ancaq
müstəqillik dövründə qazanılıb və xalq
müstəqilliyin üstünlüyünün nədən
ibarət olduğunu görür. Ona görə də
müstəqillik bizim üçün ən böyük sərvət,
ən böyük nemətdir. Azərbaycan
bundan sonra da yeni-yeni uğurlara doğru müstəqillik və
qələbələr yolu ilə gedəcək.
Rəşad BAXŞƏLİYEV
Azərbaycan.-
2019.- 18 aprel.- S. 1; 3.