Azərbaycan Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır

 

"Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsində müsbət dinamika mövcuddur. Bizim ticarət dövriyyəmiz 1,3 milyard dollar təşkil edir. Çindən idxal 40 faiz artıb. Azərbaycan Çinin Cənubi Qafqazda ən böyük ticarət tərəfdaşıdır. Ölkəmizin Çində ticarət nümayəndəliyi fəaliyyət göstərir.

Bununla yanaşı, Urumçi, LucoŞanxayda Azərbaycanın Ticarət evləri açılmışdır. Azərbaycan Çinin müxtəlif bölgələrinə ticarət missiyaları təşkil edir. Çin şirkətləri Azərbaycanda sənaye layihələrinin reallaşdırılmasında iştirak edirlər. Çinin İKT şirkətləri də ölkəmizdə uğurla fəaliyyət göstərirlər”.

Bu fikirlər Prezident İlham Əliyevin aprelin 17-də Çinin Sinxua agentliyində dərc olunan müsahibəsində yer alıb. İki ölkə arasında siyasi, iqtisadi münasibətlərin durumuna, müxtəlif sahələrdəki əlaqələrə toxunan dövlət başçısı son illər ərzində "Bir kəmər, bir yol” layihəsi çərçivəsində əldə edilən uğurları dəyərləndirib. Həmçinin qeyd edib ki, humanitar sahədə əməkdaşlığın yaxşılaşdırılması münasibətlərin inkişafında vacib rol oynaya bilər. Təhsil sahəsində də daha fəal əməkdaşlığa ehtiyac var.

Ölkə rəhbərinin dediyi kimi, Azərbaycan Çinin təşəbbüsünə qoşularaq Asiya İnfrastruktur İnvestisiya Bankının həmtəsisçisi olub. Bir sıra Çin şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir və əsas məqsəd daha çox Çin şirkətlərini Azərbaycanda investor, ticarətçi və podratçı qismində görməkdir. Çünki ölkəmizdə çox münbit sərmayə mühiti mövcuddur. Bu da sənaye istehsalı, informasiya texnologiyaları, kənd təsərrüfatı və bir sıra digər sahələrdə daha çox Çin şirkətlərinin diqqətini çəkə bilər.

İki ölkə arasındakı 1,3 milyard dollarlıq ticarət dövriyyəsi Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticari əlaqələrinin 43 faizini təşkil edir. Azərbaycan tərəfindən bu ölkənin Honkonq, Quancou, Urumçi, ŞanxayPekin şəhərlərinə ixrac missiyaları da baş tutub. Eyni zamanda, Çin tərəfindən həyata keçirilən idxala dəstək siyasəti Azərbaycanın yüksək keyfiyyətli məhsullarının bu ölkənin bazarında təklif olunması üçün əlverişli şərait yaradır.

Ölkəmizdə 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycan tərəfindən Çinə 1,7 milyard dollar, Çindən isə Azərbaycana 800 milyon dollardan artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon dollar dəyərində layihələrdə Çin şirkətləri iştirak edib.

Prezident 4 il öncə, 2015-ci ildə bu ölkəyə səfərini xatırlayaraq Azərbaycan və Çin arasında "İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumunun faydasından söz açıb. Qeyd edib ki, Azərbaycan Çinin "Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir və iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var.

Dövlət başçısı müsahibəsində son illər Azərbaycanın nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi, daha da gücləndirilməsi istiqamətində atılan addımlara toxunub. Bildirib ki, Azərbaycan dəmir yolu infrastrukturunun müasirləşdirilməsinə sərmayə yatırır. Ötən ilin may ayında Xəzər dənizində 15 milyon ton yükaşırma qabiliyyətinə malik yeni beynəlxalq limanın istifadəyə verilməsi, Çindən Avropaya və geriyə yükdaşımalar üçün ən qısa nəqliyyat marşrutu olan, Asiya və Avropanı birləşdirən Bakı-Tbilisi-Qars dəmiryol xətti bunun əyani sübutudur. Təkcə ötən il Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə 19 qatar yük daşınıb: "Coğrafi yerləşməmizdən istifadə edərək biz ölkəmizin infrastruktur və nəqliyyat sektoruna sərmayə yatırdıq və bununla da Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevirdik. Bizim ölkə tarixi İpək yolu üzərində yerləşir. Müasir infrastrukturun yaradılması bizim əsas hədəflərimizdəndir. Biz əsas sərmayəni yolların, avtomagistralların və hava limanlarının inşasına yönəldirik. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ölkəmizin ərazisindən keçir. Azərbaycan hər iki layihədə fəal iştirak edirbu istiqamətdə bir sıra təşəbbüs irəli sürüb”.

İlham Əliyev vurğulayıb ki, müxtəlif ölkələri birləşdirən nəqliyyat layihəsinin təməlində geosiyasət dayanır. Bu layihələr geosiyasi vəziyyətə təsir edir, sabitliyə və proqnozlaşdırma aparmağa töhfə verir və qarşılıqlı asılılıq yaradır. Ancaq qonşu dövlətlərlə münasibətlər olmadan tranzit ölkəyə çevrilmək qeyri-mümkündür. Yəni bu, ölkələrdən ibarət zəncirdir və Azərbaycan Şərqdən Qərbə və Şimaldan Cənuba uzanan yolun üzərindədir. Bununla da qitələri və ölkələri birləşdirir və daha da proqnozlaşdırıla bilən gələcək qurur.

Dövlət başçısı hesab edir ki, Çinin "Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirə, sabitlik və təhlükəsizliyin bərqərar olmasına mühüm töhfə verə bilər. Bu layihə mədəniyyətlərarası və sivilizasiyalararası münasibətlərin, iqtisadi inkişafın gücləndirilməsi, ölkələrin çiçəklənməsi və xalqlararası təmasların təşviqi kimi nəcib ideyalara xidmət edir: "Ümid edirəm ki, "Bir kəmər, bir yol” üzrə ikinci Beynəlxalq Əməkdaşlıq Forumu bu istiqamətdə növbəti addım olacaq və məhsuldar müzakirələrin aparılması üçün yaxşı imkan yaradacaq”.

Onu da əlavə edək ki, Çinin "Bir kəmər və bir yol” təşəbbüsü çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından istifadə olunması iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzits. sahələrdə əməkdaşlıq üçün geniş imkanlar açır. Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında Azərbaycanın nəqliyyat-logistika potensialından istifadə edilməsi səmərəli olmaqla yanaşı, iki ölkə arasında əməkdaşlığa önəmli töhfə verəcək.

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan.- 2019.- 19 aprel.- S. 1; 5.