Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası Şurasının iclası keçirilib

 

Aprelin 18-də Sankt-Peterburqda MDB Parlamentlərarası Assambleyası (MDB PA) Şurasının iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycanı Milli Məclisin Sədri Oqtay Əsədov təmsil edib.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun sədrliyi ilə keçən iclasda təşkilati məsələlərə baxılıb.

Milli Məclisin Sədri Oqtay Əsədov Valentina Matviyenkonun yenidən MDB PA Şurasının sədri seçilməsi təklifi ilə çıxış edib. Milli Məclisin Sədri bildirib ki, 2011-ci ildən Şuraya inamla sədrlik edən Valentina Matviyenko dövlətlərarası və beynəlxalq əlaqələr sahəsində böyük təcrübəyə malikdir. Təklif yekdilliklə qəbul olunub.

Sonra iclas iştirakçıları MDB PA-nın aprelin 19-da keçiriləcək 49-cu plenar iclasının gündəliyini müzakirə edib, MDB ölkələrində son vaxtlar keçirilən seçkilərin monitorinqinin nəticələri, 2018-ci ildə təşkilatın fəaliyyətinin yekunları və digər məsələlər barədə məlumatları dinləyiblər.

 

Azərbaycan.- 2019.-19 aprel.- S.3.