Ömrün yüzüncü yazı

 

Uzunömürlülər

 

Zərdabın ucqar bir kəndində - Seyidlərdə yaşayır Mələk nənə. Bu kəndin bir tərəfi Kür çayı, o biri tərəfi Tuqay meşələridir. Aran yeri nə qədər isti olsa da, meşə ilə çayın qovşağı bu məkana bir sərinlik gətirir. Düz bir əsrdir ki, o bu kənddə yaşayır. Özü demişkən, bu il ömrünün yüzüncü yazını qarşılayır. Onu bu yerlərə bağlayan çox şeylər var. Bir-birinə bitişik kənd evləri adamlarda bir mehribançılıq, səmimiyyət yaradıb. Mələk nənə deyir ki, mən bu adamları görməyəndə elə bil doğmalarım üçün darıxıram, onları görməyə can atıram. Ən çətin günlərdə bir-birimizə həyan oluruq, çətin işlərimizin qulpundan yapışırıq. Belə yaşamaq sadə olsa da, son dərəcə maraqlıdır.

Mələk nənənin yeddi övladının hərəsi yurdumuzun bir diyarında yaşayır. Hamısı da təkidlə onu öz yanına aparmağa çalışır. Amma Mələk nənənin həyat yoldaşı Dünyamalı kişi ömrünün son anında vəsiyyət etmişdi ki, heç vaxt heç vədə bu yurdu boş qoymayın. Elə ki yurd boşalır, onda hər şeyin izi-sorağı itir, köhnəliyin dadı-tamı qaçır. Gərək belə şeyləri qorumaq üçün öz ata-baba ocağını tərk etməyəsən... Mələk nənə deyir ki, hər dəfə həyat yoldaşımın bu vəsiyyətini yada salanda övladlarım da mənim niyyətimlə razılaşırlar. Bilirlər ki, bu doğma yurddan ayrılmaq mənə çox çətindir. Hələ ki əlim iş tutur, həyət-bacada gəzib-dolanıram. İmkan tapanda Kür tərəfə də üz tuturam. Qonum-qonşu bilir ki, mən o çaydan ötrü çox darıxıram. O qədər daşqınlar, sel-sular olub ki... Amma bu kənd adamları hər şeyə dözüm göstərib yurdu-yuvanı tərk etməyiblər. Adamların bu sadə kənd həyatında yaşamaq həvəsi o qədər böyükdür ki... Elə ki yaz ayları gəlir, kəndin-kəsəyin nağıl gecələri başlayır. Adamlar bir-birinə həyan olur, özlərini söz-söhbətlə ovundururlar...

Mələk nənə ömründə çətin günlər çox görüb, müharibənin ağrı-acısını yaşayıb. Deyir, o illərdə o qədər məhrumiyyətlərimiz olub ki... Doğmalarım, yaxınlarım müharibəyə yollandılar. Kənd-kəsək ehtiyac içərisində yaşayırdı, amma müharibəyə kömək etmək üçün heç kəs heç nəyini əsirgəmirdi. Ömrümün ahıl çağında da çətin günlər keçirməyə başladım. Qarabağ savaşı başlayandan bəri övladlarımın çoxu əlinə silah alıb könüllü müharibəyə getdi. Ortancıl oğlum Mənsur ən çətin döyüş nöqtələrində olub. Hər dəfə onun xəbəri gələndə narahatçılıq, nigarançılıq keçirirdim. Amma nə qədər üz vursaq da, geri dönmürdü. Deyirdi ki, vətən bizə güvənir, gərək axıra qədər düşmənlə mübarizə aparaq. Düşmən də ki çox hiyləgərdir, torpaqlarımızdan əl çəkmək istəmirlər. Mənim isə yaşım imkan verir deyəm ki, vallah, elə əzəldən erməninin əməlli bir yurd-yuvası olmayıb, onun-bunun torpağına göz dikiblər. Bir sözlə, gözləri özgənin ocağında olub. Halalla yaşamağı bacarmırlar. Yalnız hiylə, məkrli oyunlarla gün keçirirlər. Belə adamlarla dil tapmaq da çətindir. Mən də eşidirəm ki, dünya onları lənətləyir, haqqa çağırır, amma yollarına qayıtmırlar. Belə də qonşuluq olar?!

Mələk nənənin 22 nəvəsi, 45 nəticəsi, bir kötükcəsi var. Zarafatla soruşdum ki, bu övladlarına bir fərq qoyursanmı, hansını daha çox istəyirsən? Dedi ki, a bala, hamısı mənə əzizdir. Amma etiraf edəcəyəm ki, öz adımı bağışladığım Mələyi daha çox sevirəm. O qədər istiqanlı uşaqdır ki... Babasından yadigar qalan ağaclara elə həvəslə qulluq edir... Həyətimizdə bir vələs ağacı var. Mələk deyir ki, bu ağacın xasiyyəti də babama oxşayır. Elə ki qədərincə qulluq etmirik, həmin il bar vermir, elə bil hər şeydən imtina edir, çox kövrək ağacdır...

Mələk nənə əlini günlük edib gözlərinin üstünə qoydu, darvazaya sarı baxdı. Dedi ki, böyük oğlum Məmmədalıdı, məni tez-tez yoxlayır. Yenə də deyəcək ki, gedək bir-iki ay da bizimlə qal. Bilir ki, eyni cavabı verəcəyəm. Amma yenə də ciddiliklə təkid edir. Allah hamısını xoşbəxt etsin, mənə belə yaşamaq daha xoşdur. Elə bil bu yerlərdə olanda Dünyamalı kişinin ruhu başımın üstündə olur. Yeri gələndə kövrəlirəm, olub-keçənləri xatırlayıram, mən də belə bir ömür, yaşayıram.

Yenə də Mələk nənəyə bir sual verdim. Ən çox sevindiyin anlar nə vaxt olur? Dedi ki, a bala, bu kənd toyları var ey, uşaqlar yığışıb toyxanada məni də oynadırlar, nəvələrim başıma toplaşır. Mələyin süzməsinə heç kəs çata bilməz. Bax, onda daha çox sevinirəm. Bilirəm ki, əhatəmdə övladlarım var, məni yaşadan bir nəslin alqışını duyuram. Onda lap qocalığımı da unuduram. Elə bil hərəkətlərimdə bir çeviklik yaranır. Bax, belə günlər üçün darıxıram.

Bəzən yuxularımı qarışdırıram. Onda həyan yerim övladlarım olur. Kimə əlim çatırsa, ünüm yetirsə, onu da çağırıram ata-baba yurduna. Heç vaxt çağırışımı cavabsız qoymurlar. Elə məni gümrah saxlayan, yaşadan da budur. Gərək bu dünyada adamın əli-ünü çatan yeri olsun, həyanı olsun. Yoxsa, yaşamaq çox çətin olar...

Bu günlərdə deyəndə deyəndə ki, beş-altı ay əvvəl mənə xəbər gəldi ki, kötükcən dünyaya göz açıb. O qədər sevindim ki... Axı övladın hamısı əzizdir, dəyərlidir. Mən onlarla yaşayıram, nəfəs alıram. Həm də ki, axı, ilk kötükcəmi görürəm. Övladlarımın hamısı ilə fəxr edirəm. Sevinirəm ki, bizim ocağın tərbiyəsi onları halal böyüməyə yönəltdi. Harada olurlarsa olsunlar, xoş soraqlarını eşidəndə o qədər sevinirəm ki... Axı onların ərsəyə gəlməsində, boya-başa çatmasında az-çox mənim də payım var. Heç vaxt dilə gətirməsəm də, özləri yaxşı bilirlər ki, Mələk nənənin xeyir-duası onların başının üstündədir.

Bu yaxınlarda ömrümün yüzüncü yazı tamam olur. Bütün övladlarım bir yerə yığışsalar, böyük bir məclis qurular. Mən də onlara baxıb ürəkdən fəxr edərəm. Axı zəmanə elədir ki, yüz il yaşamaq o qədər də asan deyil... Bəzən məndən belə şeylərin sirrini də soruşurlar. Doğrusu, cavabım sadə olur. Deyirəm ki, məni gümrah saxlayan bu kənd-kəsəkdir, saf havadır, Kür çayıdır, bir də uzanıb gedən Tuqay meşələridir. Hara getsəm də, bu yerlər üçün burnumun ucu göynəyir. Çalışıram ki, doğma ocağıma tez qayıdam. Bu ağaclar var ey, əli ilə uzanıb gedən bağı göstərir, bunlara sığal çəkəndə cavanlığım yadıma düşür. Rəhmətlik Dünyamalı kişi gününün çoxunu bu ağacların böyüməsinə sərf edərdi. Deyirdi ki, heç olmasa nəvələrim, nəticələrim meyvəsindən dadarlar, bunlar da mənim yadigarlarımdır. Nə qədər gücüm çatır, Dünyamalı kişinin vəsiyyətlərinə əməl edəcəyəm. Bəlkə də elə bundan ötrü yaşayıram. Nə bilim, vallah, Allah verən ömürdür, harada bitərsə, orada da tamamlanacaq. Bircə onu bilirəm ki, heç nədə gözüm qalmayıb. Uşaqlar mənə yaxşı baxıb, qulluğumda dayanıblar. Ona görə də yüz il yaşaya bildim...

 

Bəşir ŞƏRİFLİ,

 

Azərbaycan. - 2019.- 24 aprel.- S.7.