Formula -1”

 

Bakı sevilməyə, müasirliyi yaradanlar isə ehtirama layiqdirlər

 

Bir neçə gündür ki, Bakıda əsl idman bayramı ovqatı yaşanır. Ölkəmiz nəinki Cənubi Qafqazın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Dünən "Formula-1” Azərbaycan Qran-prisi yarışlarında iştirak edəcək komandalara "Azadlıq” meydanından start verildi. Yarış iştirakçılarının keçəcəyi trasın uzunluğu 6 kilometrdən bir qədər çox, trekin geniş sahəsi 13 metr, dar hissəsi İçərişəhər yaxınlığında 7,6 metr olan yeddinci və səkkizinci döngələrdir.

Azərbaycanın müxtəlif şəhər və qəsəbələrindən, dünyanın müxtəlif ölkələrindən olan yüzlərlə azarkeş yarışın ilk gününü böyük şövqlə müşahidə etdilər. Onların yarış və ölkəmiz haqqında fikirlərinin oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb bir neçə izləyici ilə yaxından tanış olduq. İlk müsahibimiz moskvalı Kuçerenko İqor Vasilyeviç oldu. O, Bakıya 80 yaşlı anası Nina Kuçerenko, həyat yoldaşı Olqa, oğlanları Maksim və Denislə birgə gəlib. "Azərbaycan xalqında belə bir yaxşı adət var: böyük olan yerdə kiçik danışmaz, yaxud az danışar. Ona görə də qoy anam danışsın. O, bizm ailənin böyüyüdür. Üç gündür Bakıdayıq, anam o qədər məmnundur ki, şəhər o qədər xoşuna gəlib ki, yaxşı olar, özü danışsın”, - deyə İqor sözü anası Nina Kuçerenkoya verdi.

- Mən bu yaşıma kimi çox ölkələrdə, şəhərlərdə olmuşam. Etiraf edim ki, oğluma da demişəm, Bakı mənə onlardan xoş gəldi. Bəlkə də birinci dəfədir bu şəhərdəyəm, ona görə belədir, amma yox, gözəl, bəzəkli, təmiz bulvar, əzəmətli binalar, müasir parklar, yaraşıqlı fəvvarələr, işıqlı küçələr, dəbli butiklər, restoranlarla yanaşı, qədimliyi "üzündən bilinən” tikililər, kiçik məhəllələr, balaca dükanlar çox təbii görünür. Mənim əsl sevdiyim kosmetikadan, sünilikdən uzaq, qədimliyi ilə müasirliyi özündə ehtiva edən şəhərdir. Ömür vəfa etsə, oğlumdan xahiş edəcəyəm, haçansa bir də məni Bakıya gətirsin, istəyirəm Naxçıvanda, Gəncədə, Şəkidə olam.

Kuçerenkolara xoş istirahət arzulayıb növbəti turist dəstəsi ilə tanış oluruq. Onlar Rusiyanın Nijni-Novqorod şəhərindəndirlər. İlk olaraq orta yaşlı Tatyana Petrovna Pankina dilləndi:

- Mən iki il bundan əvvəl də Bakıda olmuşam. Eşidəndə ki, Bakıda "Formula-1” yarışları keçiriləcək, çox məmnun oldum, mənim idmana böyük həvəsim var. Odur ki, Bakıya gəlməyi və bu möhtəşəm yarışa tamaşa etməyi qərara aldım. Bir neçə gündür Bakıdayam, İçərişəhərə yaxın hoteldə qalıram. Bilirsinizüçün? Axşamlar Dənizkənarı bulvarın mənzərəsindən doymaq olmur, rəfiqələrimlə gecə də, gündüzbulvarda gəzirik, dincəlirik. İnsanların mehribanlığı, xoş rəftarı, şəhərdə olan sabitlik adama nə qədər xoş təsir bağışlayır. Yarışlara gəlincə, ən güclülərə və peşəkarlara qələbə arzulayırıq. Bu, bizim Nijni-Novqoroddan gələn dəstənin hər birinin ürək sözüdür.

Şən, mehriban, bütün qayğılardan uzaq, gülərüz turistlərdən ayrılıb yarış avtomobillərinin sürətlə şütüdüyü marşrutun yaxınlığında dayanmış türkiyəli qonaqlarla görüşürük. Ağsaçlı, nurani bir ağsaqqal məxsusi olaraq mehribanlıqla bizə yaxınlaşıb özünü təqdim etdi.

- Albert Məhərrəmov, yanımdakı həyat yoldaşım Kifayət xanımdır, həkimdir. Mənim də, həyat yoldaşımın da uşaqlıq və gəncliyi Bakının köhnə məhəllələrindən olan Molokan bağının yaxınlığında keçib. 30 ildən çoxdur ailəmlə birlikdə İstanbulda yaşayıram. Deyir, insan yaşa dolanda doğma yerlər onu özünə çəkir. Mən dörd gün bundan əvvəl Bakıya gələndə inanın ki, şəhəri tanıya bilmədim. Şəhər nə qədər gözəlləşib, inkişaf edib, yeni tikililər, yollar, körpülər, fontanlar... hansını deyim, hər addımda yenilikmüasirlik. Köhnə Basin küçəsində, əldən-ayaqdan getmiş bir-ikimərtəbəli tikililərin yerində, Beşmərtəbənin qabağından dəmir yolu vağzalınadək salınan istirahət parkını görəndə heyrətə gəldim, necə gözəl, necə qəşəng. Dənizkənarı bulvar genişlənib, abadlaşıb. Açığı, Bakının bu gözəl növrağını görəndə ürəyimdən bu fikirlər keçdi: kaş o vaxtlar Bakıdan köçməyəydim. Axı mənim də, həyat yoldaşımın da ata-babaları bu torpaqda uyuyur. Bu barədə İstanbuldan gələn turist yoldaşlarım arasında söhbət düşəndə hətta məni qınayanlar da oldu.

Bakı sevilməyə, bu gözəlliyi və müasirliyi yaradanlar isə ehtirama layiqdirlər.

 

Rəhman SALMANLI

 

Azərbaycan.- 2019.- 27 aprel.- S.7.