Bir günün planı

 

Milli qəhrəmanlarımız

 

2016-cı ilin Aprel döyüşləri ermənilərə bir daha sübut etdi ki, Azərbaycan Ordusu bütün qüvvələrini səfərbər edəndə məqsədinə çata bilir. Həm də sübut olundu ki, ordumuzun potensial gücü düşməni məğlub etmək iqtidarındadır.

Bu döyüşlərdə 2 min hektardan çox ərazimiz işğaldan azad edildi. Onu da deyək ki, həmin döyüşlərdə Azərbaycanın üç Milli Qəhrəmanı axıra qədər döyüşdü. Onlardan biri Murad Telman oğlu Mirzəyev idi. O, Sabirabadda doğulub. Elə orada orta məktəbi bitirib. Sonra C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Təhsilini uğurla başa vurub, məqsədi bacarıqlı hərbçi olmaq idi. Ona görə təhsilini davam etdirməyi qərara alıb. 1991-1994-cü illərdə Türkiyədə Ali Hərbi Məktəbi bitirib. Onu tanıyanlar deyirlər ki, ardıcıllıqla öz üzərində işləyirdi, beynəlxalq hərbi qanunları öyrənirdi. Heç təsadüfi deyil ki, Amerikada, Rumıniyada, İordaniyada keçirilən hərbi kurslarda, təlimlərdə iştirak etmişdi. Daha sonra Amerikada panker kurslarını bitirib yenidən vətənə dönmüşdü. Bacarıqlı zabit kimi tanınırdı. Aprel döyüşləri zamanı müxtəlif istiqamətlərdə savaşa qoşulmuşdu. Çox vaxt qeyri-bərabər döyüşlərdə öz gücünü, qabiliyyətini göstərmişdi. Onun rəhbərlik etdiyi hərbi alay ən çətin döyüşlərdə düşməni susdura bilmişdi. Tərtərin, Goranboyun, Cəbrayılın kəndlərini düşməndən azad edərkən qəhrəmanlıq göstərmişdi. Tərtərin Qazaxlar kəndi uğrunda gedən döyüşlərdə xüsusi planlar hazırlamış, düşmənə ağır zərbələr endirmişdi. Goranboyun Gülüstan kəndinin azad olunmasında da xidməti olmuşdu. Ən böyük qəhrəmanlığı isə Cəbrayılın Lələtəpə yüksəkliyi uğrunda gedən döyüşlərdə göstərmişdi. Onda Murad Mirzəyevin rəhbərlik etdiyi hərbi birləşmə çevik mövqelər seçmiş, düşmənə göz açmağa imkan verməmişdi.

Aprelin son döyüşləri isə Tərtər rayonunun Talış kəndi uğrunda gərgin mübarizədə gedirdi. Bu döyüşə rəhbərlik edən də Murad Mirzəyevin komandası idi. Döyüşçülər düşmənə göz açmağa imkan vermirdilər. Zərbə mövqelərini tez-tez dəyişirdilər. Belə çaşdırıcı manevrlər gərgin vəziyyət yaratmışdı. Düşmən itkilərinin çoxluğunu görüb geri çəkilməyə məcbur olurdu. Onda Murad Mirzəyevin hazırladığı döyüş əməliyyatı uğurla başa çatdı. Onun əməliyyat planları o qədər mükəmməl idi ki, döyüşlər bir neçə gün davam etsə də, düşmən sonadək dözüm göstərə bilmədi. Muradın döyüş dostları deyir ki, düşmənə aman verməmək üçün biz tez-tez mövqelərimizi dəyişirdik. Bilirdik ki, erməni quldurlarının sayı bizdən xeyli çoxdur. Amma Murad bu çoxluqla barışmırdı. Deyirdi ki, az qüvvə ilə də çox görmək olar. Elə belə də oldu. Tərtərin Talış kəndinin azad olunmaq ərəfəsində Murad ağır yaralandı. Döyüş dostları nə qədər cəhd etsələr də, ona sona qədər kömək edə bilmədilər. Xeyli qan itirdi. Amma geri çəkilmək haqqında qətiyyən düşünmürdü. Axıradək döyüş dostlarından bir tələbi vardı ki, düşmənə yeni qüvvə ilə hücuma keçməyə macal verməyin. Bilirdi ki, bu döyüş bir qədər də davam etsə, ermənilər geri çəkilməyə məcbur olacaqlar. Elə onun düşündüyü kimioldu. Tərtərin Talış kəndi azad olundu. Amma Murad Mirzəyev bu döyüşdə canından keçdi.

Polkovnik-leytenant Murad Mirzəyevin cəmi 40 yaşı vardı. İki övlad atası idi. Xatirələrində yazırdı ki, mən həm vətən qarşısında, həm də məni böyüdən, ərsəyə gətirən ailəm önündə borcumu yerinə yetirirəm. Doğrudur, mənim o qədər arzum yarımçıq qaldı ki... Hərbi işə ürəkdən bağlanmışdım, dünya praktikasını öyrənmişdim. Hələ planlarım çoxdu.

Polkovnik-leytenant Murad Mirzəyev deyərdi ki, biz düşmənə qalib gəlmək üçün hər cür gücə, texniki imkanlara qadirik. Vaxt gələcək ki, düşmənlər özləri də bunu hiss edəcək, zəbt etdikləri torpaqlarımızı qeyd-şərtsiz boşaldacaqlar...

Ölümündən sonra onun adı, əməlləri dəyərincə qiymətləndirildi. Azərbaycanın Milli Qəhrəmanı kimi şərəfli ada layiq görüldü. Deyirlər ki, hələ ölümündən əvvəl düşmən onu ələ keçirmək üçün xeyli pul ayırmışdı. Elə döyüşdə də Muradın adı tez-tez çəkilirdi. Bu ad düşməni lərzəyə salırdı.

Bu gün Muradın ocağında iki övlad böyüyür. Atalarının keçdiyi şərəfli yolla fəxr edirlər. Bir də fəxr edirlər ki, onları böyüdən ata vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirdi. Hələ Muradın adı tez-tez çəkiləcək, döyüş dostları onun xatirələrindən o qədər danışacaqlar ki... O, qısa ömrünü belə mənalı və dəyərli başa vurdu...

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2019.-27 aprel.- S.8.