Bakının yaz simfoniyası

 

Bu yaz paytaxtın sinəsinə ayrı cür qondu. Çiçəklərin nəğməsi ilə həzin bir simfoniya kimi. Şəhərə çıxırıq, parkları, xiyabanları gəzirik, nar ağacının xına rənginə çalan yarpaqları tumurcuqdan yenicə boy verib şəhərin bəstəsinə öz musiqi notlarını düzür. İnsanların çöhrələrindəki təbəssümü, gözlərinin dərinliyindən doğan sevinc hissini gördüyün qədər də duya, eşidib dinləyə bilirsən.

Qədimliklə müasirliyin memarlıq abidələrində sərgilənən bənzərsiz naxışları eşitdiyin musiqini bir qədər də canlandıran, onu mükəmməl musiqi əsərinə, simfoniyaya çevirən kövrək notlar qədər zərifdir. Bakı bu yaz möhtəşəm səhnəyə bənzəyir, ruhunla dinlədiklərin, bütün varlığınla duyduqların da heç kimin heç vaxt eşitmədiyi yaz simfoniyası qədər valehedicidir.

Metronun "İçərişəhər” stansiyasının ətrafında artıq gözə dəyən əcnəbi turistləri görürsən. Onları üstünlük verdiyimiz klassik dəbdən fərqli təmtəraqsız rahat idman geyimlərindən, kürəklərindəki çantalardan, dərilərinin rəngindən, ya da qulağı çalan əcnəbi dildə danışmalarından tanımamaq mümkün deyil. Ən maraqlısı isə, diqqətlə müşahidə edəndə görürsən ki, onlar gördüklərinə sevinirlər. Bakı heç kimin qəlbini qıran şəhər deyil. Andreylə Mariya jurnalist olduğumuzu deyəndə bir-birinə baxdılar, gülümsədilər. Andrey dilləndi ki, hər şeyi gözləyirdik, amma müsahibə verəcəyimiz ağlımıza gəlmirdi. Bir neçə gün əvvəl toyumuz olub, əvvəldən də qərar verdik ki, bal ayını sizin ölkədə keçirəcəyik. Burada Bakı kimi meqapolis var, dağlar da, dəniz aralı deyil. Həm "Formula-1”i seyr edəcəyik, adrenalin artacaq. Bir sözlə, hələ ki toyumuz davam edir, biz şənlik içindəyik! Qəribə bir ovqat var, sanki bir nağılın, bəlkə dünyanın ən gözəl əfsanəsinin qəhrəmanları kimiyik.

İçərişəhərə keçirik, səs-küydən, izdihamdan aralanırıq, sanki zaman bizi anındaca ağuşuna alıb keçmişə, bir neçə yüz il geriyə qaytarır. Dar, daş döşənmiş küçələr, qədim binalar elə təsir bağışlayır ki, sanki açıq səma altında muzeydəsən. Xırda suvenir dükanları da hədiyyələri ilə turistlərin diqqətini cəlb edir. Beş-on addımdan əcnəbilərlə rastlaşırıq. Aleksey Şevçenko Ukraynadan "Formula-1”i seyr etməyə gəlsə , deyir ki, mən Bakını kəşf etdim. Qərb memarlığı ilə Şərqin bir-biri ilə növbələşən harmoniya təşkil edən memarlıq abidələri mütənasibdir. Azərbaycan xalqının tolerant olduğunu bilirdim, lakin bunun şəhərin görkəmində özünü büruzə verməsi heyrətamizdır.

Bakıya müsəlman ölkələrindən gələn qonaqların da əksəriyyəti Şərq Qərb memarlığının sintezinə heyran olur, islam ənənələri ilə yaşayan müasir şəhərimizin mədəniyyətini rəğbətlə qarşılayırlar.

Bakı saysız məzmunda keçirilən beynəlxalq tədbirlərə, müxtəlif yarışlara ləyaqətlə evsahibliyi edir. Artıq paytaxtımız yalnız Qafqazın yox, həm Avropanın, hətta bütün dünyanın cazibədar gözəl şəhərləri sırasında öz yerini tutub. İnternet resurslarında Bakıya şeirlər ithaf edən, ona aşiq olan ondan ayrılmaqda çətinlik çəkən turistlərin sayı az deyil. Bakının əcnəbi qonaqları az qala çəkdikləri şəkillərlə bəhsə girir. Etiraf etmək lazımdır ki, bu fotoların bir qismi yüksək bədii səviyyədə yaradılmış əsərlərdir.

Şəhərlərin böyüyüb inkişaf etməsinə, məşhurlaşmasına əsrlərlə vaxt lazım gəlir. Lakin Bakı iki onillikdə simasını dəyişdi Şərqin möcüzəvi şəhərlərindən birinə çevrildi.

Lakin danışdığımız əcnəbilərin bir qismi paytaxtımızın müasir memarlıq nümunələri ilə yanaşı, milli əxlaqını, mənliyini qoruyan, onu qənirsiz mədəniyyət əxlaq nümunəsi kimi dünyaya təqdim edə bilən şəhər olduğunu da dilə gətirdi. Turistlərlə hamı mehribandır, istənilən adamı saxlayıb soruşa bilərsən. Kimsə biganə qalmayacaq, sənə yuxarıdan aşağı baxmayacaq.

İtaliyadan gələn yaşlı qadınlar isə bakılıların böyüklərə hörməti və qayğısını alicənablığın bariz nümunəsi kimi xatirəsində qalacağını bildirdi. Onlardan Lüsi adlı qadın dedi ki, Madriddə sənə yaşına görə məhəl qoymaya bilərlər, metroda durub yer verməzlər. Biz buna alışmışıq, normaldır. Siz azərbaycanlılar fərqlisiniz, mehriban, nəcib, həm də alicənabsınız. Biz burada bəlkə də ömrümüzdə ilk dəfə yaşımıza, sürdüyümüz ömrə görə qürur hissi keçirdik.

Bakı həqiqətən də mədəniyyəti, əxlaqı və bir də gözəllikləri ilə əcnəbiləri heyrətləndirə bilən şəhərdir.

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2019.- 28 aprel.- S.6.