Mənəvi ucalığın zirvəsində dayanan alim

 

Akademik Zərifə xanım Əliyeva təkrarsız bir insan idi. Onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də hər kəsə yalnız nur bəxş edirdi. Zərifə xanımın təbib əllərindən süzülən işıq bu gün də şəfa verdiyi insanların gözlərindədir və onu tanıyan adamların mənəvi dünyasına daim işıq salır.

 

Ailə dəyərlərinə sadiqlik

 

Akademik Zərifə Əliyeva mühazirələrində həmişə deyirdi ki, işıq zülmətin, fəna və heçliyin qənimidir. O, xeyrin, həqiqətin, düzgünlüyün xidmətində dayanmağı özünə bir ömürlük missiya kimi müəyyənləşdirmiş, həyatını dünyamıza düşən işığın haləsini genişləndirməklə, hər kəsi gələcəyə ümidləndirməklə, sülh naminə çalışmaqla keçirmişdir. Ona görə də akademik Zərifə Əliyeva bir meyardır. Qismətinə düşən ömür payına bütöv bir tarix kimi yanaşanbu ömrü tarix kimi yaşayan böyük şəxsiyyətlər kimi...

Zərifə xanım ziyalı bir ailə mühitində - görkəmli dövlət xadimi, Azərbaycanın böyük səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində anadan olmuşdur. Bu böyük insanın əksər xüsusiyyətləri qızı Zərifə xanımın xarakterində öz əksini tapmışdır. Ən yüksək keyfiyyətlər - səmimiyyət, alicənablıq, qayğıkeşlik, birinci növbədə özünə, daha sonra ətrafdakılara qarşı tələbkarlıq, sözü ilə işinin birliyi, vətənpərvərlik, xalqına, torpağına sönməz məhəbbət bu zərif ziyalı xanıma xas cəhətlər idi.

Zərifə xanım Əliyeva Tibb İnstitutunu bitirdikdən və Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşma kursu keçdikdən sonra 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda fəaliyyətə başlamışdır. Ordinatorluqdan baş elmi işçiyə qədər yaradıcılıq yolu keçərək o, əsl mütəxəssis kimi formalaşmışdır. Elmi fəaliyyətinin ilk dövründə Zərifə Əliyeva traxomanın erkən diaqnostikası, müalicəsi və profilaktikasına dair aktual elmi araşdırmalar aparmışdır. Namizədlik dissertasiyasında əksini tapmış bu axtarışların nəinki elmi, həmçinin böyük praktik əhəmiyyəti vardır. Minlərlə insanın korluqdan xilas olaraq ictimai faydalı əməyə qayıtmasını mümkün edən həmin elmi tədqiqatlar dövrün ən sanballı, böyük nailiyyətləri idi. Beləliklə, Azərbaycanda traxoma xəstəliyinin ləğvinə yönəldilmiş kompleks tibbi tədbirlər məhz Zərifə Əliyevaya məxsusdur. Malyariyatraxomaya qarşı fədakar mübarizə aparan Əziz Əliyev estafeti qızına vermişdi. Fundamental elmi axtarışlardan maksimum praktik nəticə əldə etmək xüsusiyyəti gənc həkimin sonrakı işləri üçünxarakterik olmuşdu.

Zərifə xanımın fəaliyyəti tibb elminin nailiyyətlərinin oftalmologiyada tətbiqinə yönəlmişdir. Bununla yanaşı, o, həmişə oftalmologiyada kliniki istiqamətin tərəfdarı olmuşdur.

 

O, elmin zəhmət tələb edən qapısından keçmişdi

 

Alim ötən əsrin 60-cı illərində dünya təcrübəsində birincilər sırasında görmə üzvünün peşə xəstəlikləri problemi üzrə geniş elmi axtarışlara başlamışdır. Sənaye zərərlərinin görmə orqanına toksik təsirinin öyrənilməsinə bir sıra elmi əsərlər həsr edilsə də, kimya istehsalının müxtəlif inqrediyentlərinin görmə orqanına təsiri az işıqlandırılmışdır. Bu sahələrlə əlaqədar peşə xəstəlikləri xüsusilə az öyrənilmişdi. Halbuki kimyəvi inqrediyentlərin müxtəlif kombinasiyaları insan orqanizminə və əsasən görmə orqanına daha çox zərərli təsir göstərir. Kimyəvi maddələrin uzunmüddətli kompleks təsiri nəticəsində orqanlarda distrofik, proliferativ proseslər əmələ gəlir. Bir çox inkişaf etmiş ölkələrdə şinyod istehsalı yüksək səviyyədə olsa da, bu sahələrdə istehsal tullantılarının görmə orqanına toksik təsirinin öyrənilməsinə aid müfəssəl işlər yox idi.

Zərifə xanım Əliyevanın elmi tədqiqatlarının əsas istiqamətlərindən biri də məhz yodşin sənayesinin zərərli təsirlərindən gözün zədələnməsinin öyrənilməsi olmuşdur. Dünyada bu fundamental tədqiqatın analoqu yoxdur. Həmin problem üzrə Zərifə Əliyevanın elmi tədqiqatlarının nəticələri haqqında dərc olunmuş 30-dan çox elmi işdə tetraxloretilen, pestisid, stirol buxarlarının orqanizmə xroniki təsiri zamanı görmə üzvününonun funksiyalarının vəziyyəti əks etdirilir. Məhz bu dövrdən başlayaraq alimin elmi axtarışlarının əsas mövzusu Azərbaycanın kimya sənayesinin bəzi sahələrində çalışan fəhlələrin görmə orqanının vəziyyətini tədqiq etmək olmuşdur.

Zərifə xanım əldə olunmuş nəticələrlə kifayətlənməyərək tədqiqatların mövzusunu daha da dərinləşdirmiş və dünyada ilk dəfə görmə orqanına müxtəlif peşə amillərinin təsirini aşkar etmişdir. Alim apardığı elmi axtarışların nəticələrini mütəmadi olaraq tələbələri ilə təhlil edərək onları elmi məqalə, məruzə və metodik tövsiyə formasında nəşr etdirirdi.

Aparılmış fundamental elmi işlərin nəticələri Zərifə xanımın 1976-cı ildə Helmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etdiyi doktorluq dissertasiyasının əsasını təşkil edirdi. Bu məşhur institutun görkəmli alimləri və ixtisaslaşmış şuranın üzvləri işə yüksək qiymət verməklə çoxillik tədqiqatların nəticələrini monoqrafiya, dərs vəsaiti və metodik tövsiyə şəklində çap etdirməyi məsləhət görürlər.

Yaradıcılıq uzaqgörənliyi və həyatın nəbzini düzgün tutmaq bacarığı görkəmli alimə dünya praktikasında ilk dəfə olaraq istehsalat şəraitində - Bakı Məişət Kondisionerləri Zavodunun sexlərində elmi-tədqiqat laboratoriyasını yaratmağa imkan verdi. Bu laboratoriya elmi axtarışlar aparmaqla yanaşı görmə orqanı xəstəliklərinin erkən aşkar olunmasında və müalicəsində böyük rol oynayırdı. Bu laboratoriyanın topladığı elmi materiallar Zərifə Əliyevanın üç tələbəsinin namizədlik dissertasiyasının mövzusunu təşkil edirdi. Alimin elmi fəaliyyətinin çoxistiqamətliyini onun rəhbərlik etdiyi kafedra və elmi-tədqiqat laboratoriyasının müasir oftalmologiyanın aktual problemlərinə həsr edilmiş müxtəlif tədqiqatları sübut edir.

 

Axtarışlar, yeni üfüqlər...

 

Zərifə xanım elmi axtarışlarda müəyyən qanunauyğunluğa riayət edirdi. O deyərdi: "Tədqiqatları təkmilləşdirməklə biz daha bir pillə yüksəlir və qarşımızda yeni geniş üfüqlər açılır”. Zərifə xanım hərbi-səhra cərrahı N.İ.Piroqovun sözlərini tez-tez tələbələrinə xatırladırdı: "Elmi axtarışlarda istiqamət və metod - ən əsasdır. Düzgün üsulları və istiqaməti tapmadan çox vaxt itirməklə özün də çaşırsan”.

Elmi ədəbiyyatla gözəl davranan Zərifə Əliyeva kafedra və elmi-tədqiqat laboratoriyasında elmi axtarışlarını səylə aparırdı. Buna səbəb Zərifə xanımın yüksək erudisiyası, çalışmaq mədəniyyəti, çox dəqiq məqsədyönlülüyü və prinsipiallığı idi. O, məlum hadisələri yeni baxımdan görmək qabiliyyətinə malik idi. Məhz alimin şəxsiyyətinin bu xüsusiyyətləri onun orijinal klinikelmi fəaliyyətini müəyyən edirdi. Zərifə xanımı həkimlərin mənəvi tərbiyəsi, tibbi etika və deontologiyası da düşündürürdü. Bu sahəyə "Yüksək istedad” adlı monoqrafiyasını həsr etmişdi. Öz mühazirələrində Zərifə xanım Əliyeva təkmilləşmə kursları dinləyicilərinə həkimlik deontologiyası barədə belə deyirdi: "Xəstə sənin əlini sıxıb səmimi qəlbdən "Həkim, çox sağ ol!” deyəndə öz elminin nailiyyətinə sevin”. O, elmielmi-pedaqoji kadrların hazırlanması və tədqiqatların aparılması üçün kafedra və laboratoriyanın təchizatına böyük diqqət verirdi. Çox qısa vaxtda kafedra və laboratoriyanın maddi-texniki bazasını zənginləşdirmişdi.

Akademikin və tələbələrinin apardığı çoxşaxəli elmi tədqiqatların və bu oftalmoloji məktəbin ümumi cəhəti onun klinik-eksperimental istiqaməti idi. Görmə orqanının peşə patalogiyası sahəsində çoxsaylı işlərində Zərifə xanım qeyd edirdi ki, elmi problemlərin işlənməsi nəinki xəstənin ciddi müayinə və müşahidəsindən, həmçinin fiziki amillərin, orqanizmin fizioloji statusunun, biokimyəvi və mübadilə proseslərinin, ətraf mühit amillərinin təsirinin tədqiqindan asılıdır. Bir amil şübhəsizdir: Zərifə xanım öyrənilən prosesin dərinliyini aşkar etməyə, şəxsi fikir və mülahizələrin yaranmasına böyük diqqət verirdi.

Görkəmli həkim Zərifə Əliyeva və onun yetirmələrinin elmi fəaliyyətlərinin xüsusiyyətini əməkdaşların möhkəm nəzəri hazırlığı üzərində qurulan klinik təcrübə təşkil edirdi. Onun çoxistiqamətli elmi yaradıcılığı 12 monoqrafiya, 160-dan çox elmi , bir ixtira və 12 səmərələşdirici təklifdə öz əksini tapır. Belə çoxşaxəli axtarışları aparmaq məhz Zərifə Əliyeva kimi böyük alimə qismət ola bilər. Məsələ yalnız göz xəstəliklərinin müxtəlif bölmələrini əhatə edən elmi işlərdən deyil, problemin həllinə xüsusi yanaşmadan ibarətdir. Bu xüsusiyyət Zərifə xanımın aktiv surətdə inkişaf etdirdiyi yaradıcılıq birliyini əks etdirən faktlarda sübutunu tapır. Mübaliğəsiz demək olar ki, 1970-1985-ci illərdə oftalmologiya sahəsində aparılan birgə yaradıcı axtarışların əsası Zərifə xanım tərəfindən qoyulmuşdur. Buna ll Moskva Tibb İnstitutunun Göz xəstəlikləri kafedrasının müdiri, Rusiya Tibb Elmləri Akademiyasının akademiki, professor A.P.Nesterov, Rusiya Diplomdansonrakı Təhsil Akademiyasının Oftalmologiya kafedrasının müdiri professor L.K.Moşetova, Rusiya İridoloqlar Assosiasiyasının vitse-prezidenti, Rusiyanın əməkdar elm xadimi, professor N.B.Şulpina və digər görkəmli alim-oftalmoloqlarla yaradılan elmi əlaqələr canlı sübutdur.

Oftalmologiyanın mühüm problemləri üzrə kompleks tədqiqatlar və nəşrlər öz qiymətli nəticələrini verməklə yanaşı, müasir dövrə qədər davam edən birgə əməkdaşlığın əsasını qoydu.

Yeri gəlmişkən qeyd etmək istərdim ki, Zərifə xanım elmi əməkdaşların - klinisistlərin müasir müayinələrə yiyələnməsinə ciddi fikir verməklə yanaşı, həkimlərdə klinik müşahidə və klinik analizi ön plana çəkirdi.

Alim-oftalmoloqların formalaşması və əməkdaşlığı sahəsində mühüm rolu 1977-ci ildə Zərifə xanımın təşəbbüsü ilə keçirilən Oftalmoloqların Ümumittifaq Elmi Cəmiyyətinin plenumunun keçirilməsi oynadı. Bu yüksəksəviyyəli forumda oftalmologiyanın aktual problemlərinin kompleks öyrənilməsi geniş müzakirə olundu. Plenum təbabətin bu sahəsinin təşkili və inkişafında, həmçinin elmi-pedaqoji kadrların hazırlanmasında mühüm yer tutdu.

 

Tədqiqatları məşhur alimlər tərəfindən yüksək qiymətləndirilirdi

 

Zərifə Əliyevanın əmək fəaliyyətinin böyük bir hissəsi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu ilə bağlıdır.

1977-ci ildə tibb elmləri doktoru Zərifə Əliyeva Əziz Əliyev adına Az.DHTİ Göz xəstəlikləri kafedrasının professoru seçilir, pedaqoji işlə bərabər daha effektli elmi-tədqiqat işinin təşkilinə böyük enerji ilə başlayır. 1974-cü ildə "Gözün herpetik xəstəliyi” və "Kəskin virus konyunktivitləri” əsərləri həkimlər üçün dərs vəsaiti kimi dərc olunmuşdur. 1980-ci ildə isə alim tərəfindən "Rezin istehsalında gözün peşə xəstəliyi”, "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası”, "Gözüngöz siniri yollarının yaşla əlaqədar dəyişiklikləri” və 1981-ci ildə "Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” adlı monoqrafiyaları dərc olunmuşdur.

1980-ci ildə professor Zərifə Əliyevaya xidmətlərinə və elmi pedaqoji kadrların hazırlanmasına görə "Azərbaycanın əməkdar elm xadimi” fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işlərinə, o cümlədən "Rezin istehsalında gözün peşə patologiyası” monoqrafiyasına görə SSRİ Elmlər Akademiyası tərəfindən Zərifə Əliyeva akademik M.İ.Averbax adına mükafata layiq görülmüşdü. 1982-ci ildə professor Əziz Əliyev adına Az.DHTİ-nin Oftalmologiya kafedrasına müdir seçilmişdi. Bu dövrdə onun elmi fikirləri və kompleks elmi tədqiqatları daha geniş vüsət alır. Alimin rəhbərlik etdiyi kafedraklinika oftalmologiyanın aktual problemlərinin, xəstənin müasir klinik müayinə üsullarının işlənib hazırlanması üzrə Azərbaycanın aparıcı mərkəzinə çevrilir.

Zərifə Əliyevanın klinikası və kafedrası ilə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun digər profilli kafedra və klinikalarının, həm də Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun kollektivləri arasında elmi yaradıcılıq əlaqələri daha da genişlənir. Akademikin məktəbinin yetirmələri və davamçıları olan, kafedranın və görmə üzvünün fiziologiyası və peşə patologiyası elmi-tədqiqat laboratoriyasının bütün əməkdaşları elmi yaradıcılıqlarının rəngarəngliyi ilə özlərini istedadlı həmfikirlər kimi göstərirlər.

Professor Zərifə Əliyeva gözəl mühazirəçi idi. Onun məruzələri, çıxışları həmişə yeniliyi və orijinallığı ilə diqqəti cəlb etmişdir. O, böyük həvəslə öz biliyini gənc həkimlərə və elmi işçilərə vermişdir.

Zərifə xanımın praktik həkimlik fəaliyyəti xüsusi qeyd olunmalıdır. O, həmişə əməkdaşlarından xəstələrə böyük məhəbbət və hörmət göstərməyi tələb edirdi, çox vaxt təkrar edirdi: "Müalicə həkimi xəstənin ən doğma adamıdır”.

Akademik Zərifə xanımın rəhbərliyi ilə keçirilən həkimlərin səhər konfransları həqiqi məktəb idi və həmişə canlı, dolğun və əhatəli olurdu. Müalicə həkiminin xəstə haqqında çıxışı çox vaxt auditoriya qarşısında imtahana çevrilirdi. Onun tərəfindən həyata keçirilən kliniki araşdırmalar, konsultasiyalar, xəstələrə baxışlar oftalmoloq-həkimlərin ixtisasının artırılmasında və tibbi davranışında böyük rol oynayırdı.

1982-ci ildə professor Zərifə Əliyevanın Moskva alimləri ilə əməkdaşlığı sayəsində "İridodiaqnostikanın əsasları” və "Şəkərli diabet zamanı göz xəstəlikləri” kimi nəhəng elmi işləri çapdan çıxdı.

Professorun dərin elmi-pedaqojikliniki təcrübəsi 1983-cü ildə "Oftalmologiyanın aktual problemləri” əsərinin nəşr olunmasına imkan verdi. Bu kitab da, "Terapevtik oftalmologiyakimi, Tibb və Həkimləri Təkmilləşdirmə İnstitutunun müəllimlərinin və praktik həkimlərin stolüstü kitabına çevrildi.

Zərifə Əliyevanın tibb elmindəki böyük xidmətləri yüksək qiymətləndirilir və o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilir.

 

O, tibb elminin və səhiyyənin ön sıralarında idi

 

Akademik Zərifə Əliyeva ömrü boyu tibb elminin və səhiyyənin ön sıralarında olmuş, bütün varlığı ilə xalqının yüksəlişinə can atmışdır. İnsanlara böyük qayğı və diqqətlə yanaşmışdır. O, Oftalmoloqların Ümumittifaq Elmi Cəmiyyətinin və Ümumittifaq "Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü, SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü və Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini olmuşdur. "Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinə daxil idi.

Akademik Zərifə Əliyevanın birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Böyük alim heç zaman gərgin işdən usanmamış, ürəklə çalışmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiyyəti və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmətini qazandırmışdır.

Əziz Əliyev adına Az.DHTİ-nin professor-müəllim heyəti minnətdarlıq hissi ilə Zərifə Əliyevanın xatirəsini daim yad edir. O öz yaradıcılıq enerjisi ilə instituta hərarət vermişonun sonrakı inkişafını müəyyən etmişdir. Zərifə xanım Əliyeva yaradıcı insan idi. Bu böyük şəxsiyyətin xəstələrinə məhəbbəti sonsuz idi.

Akademik Zərifə Əliyeva xidmətlərinə görə bir sıra ordenmedallarla təltif edilmişdir. O, tarixə istedadlı alim, elm təşkilatçısı, eyni zamanda, gözəl pedaqoqyeni alimlər nəslinin ustadı kimi daxil olmuşdur. Azərbaycanda aparıcı oftalmoloji məktəblərdən birini o yaratmışdır. Minlərlə həkim onun rəhbərliyi altında insanlara sağlamlıq və yaradıcı əmək sevincini bəxş etməyi öyrənmişdi.

Ulu öndər Heydər Əliyev xatirələrində deyirdi ki, mən Zərifə xanım kimi həyat yoldaşımın olması ilə xoşbəxt idim. Bu, qibtə doğuracaq bir etiraf idi! Zərifə xanım insanlara dünya işığı verən həkim sənətini davam etdirməklə, böyük tədqiqatlar aparmaqla yanaşı, çox böyük ailə və övlad dəyərləri ilə yaşamışdı. Xatirələr, məqalə və yazıların hamısında onun sadəliyi, xalq ruhuna və dəyərlərinə bağlılığı barədə heyranlıqla danışılır. Bu gün görkəmli alimin davamçıları onun işlərini, arzu və ideallarını uğurla davam etdirirlər.

 

Nazim QASIMOV,

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri

Təkmilləşdirmə İnstitutunun rektoru, professor

 

Azərbaycan.- 2019.- 28 aprel.- S.1; 3.